Saytımızı qiymətləndirin


 
 

Bir şəklin tarixçəsi: Heydər Əliyev və Akşener Dəmirəlin ad günündə
Tarix: 11-05-2023 | Saat: 13:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bir şəklin tarixçəsi: Heydər Əliyev və Akşener Dəmirəlin ad günündə

1999-cu ilin 31 oktyabr tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə işgüzar səfər edib. Səfər Türkiyənin həmin dövrdə lideri olan Süleyman Dəmirəlin dəvəti ilə baş tutub. Heydər Əliyev səfər çərçivəsində İstanbul və güclü zəlzələ baş vermiş Kocaeli şəhərlərində, daha sonra Ankarada olub.

 

Qarabaqinfo.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi foto məhz həmin səfərə aiddir.

 

24 il əvvəl, noyabrın 1-də Heydər Əliyev İstanbuldan Kocaeliyə yola düşüb və onu Türkiyə Prezidenti Süleyman Dəmirəl şəxsən özü qarşılayıb.

 

Məlumat üçün qeyd edək ki, həmin ilin avqust ayında Kocaelidə şiddətli zəlzələ baş vermiş, nəticədə 17 mindən çox adam həlak olmuşdu. Heydər Əliyev səfər zamanı Türkiyəyə Azərbaycan dövlətinin və xalqının dəstəyini ifadə edib. 

 

Azərbaycan liderinin Kocaeliyə səfəri Süleyman Dəmirəlin doğum gününə təsadüf edib. 75 yaşı tamam olan Dəmirəl ad gününü qeyd etməsə də, jurnalistlər onun üçün kiçik tort gətirərək, təbriklərini çatdırıblar.

 

Təqdim etdiyimiz foto Türkiyə Prezidentinin ad günü münasibətilə ona hədiyyə edilən tortun kəsilməsi zamanı çəkilib.

 

 

"Anadolu" agentliyinin müxbiri Zekeriye Albayrak tərəfindən lentə alınan fotoda soldakı qadın həmin dövrdə Türkiyə parlamentinin Kocaelidən seçilmiş deputatı, hazırda İYİ partiyasının sədri olan Meral Akşenerdir.

 

Dəmirəl Heydər Əliyevin alqışları ilə tortun üzərindəki şamları üfürüb, daha sonra tortu kəsərək qonaqlara təqdim edib.

 

Xatırladaq ki, Kocaelidən sonra Azərbaycan Prezidenti Ankaraya yola düşüb və burada ona Atatürk sülh mükafatı təqdim olunub. modern.az

 



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər