Saytımızı qiymətləndirin


 
 

Prezidentin etima­dını doğrulda bilməməyim mənə çox ağır gəlirdi  - Sabiq nazir
Tarix: 10-05-2023 | Saat: 10:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezidentin etima­dını doğrulda bilməməyim mənə çox ağır gəlirdi  - Sabiq nazir

 

 "Xarici İşlər Nazirliyi daimi gərginlik rejimində işləyən dövlət qurumudur. 2001-ci il ABŞ Döv­lət Departamentinin hesabatında Azərbaycanın adı terroru qismən dəstəkləyən ölkələr sırasına daxil edilmişdi. Yəqin, ilk baxışdan inandırıcı görünmür. Erməni işğa­lının, daşnak terrorunun bir çox ağrı-acılarını yaşayan, Bakı met­rosundakı partlayışda 300 nəfər­dən çox dinc vətəndaşını itirən Azərbaycan terroru hətta qismən də olsa, necə dəstəkləyə bilərdi? Bu mümkün iş idimi? Yersiz ittiha­mın əsasında nə dayanırdı? İzah edim. İkinci çeçen müharibəsindən sonra rus ordusunun təqiblərindən xilas olmağa çalışan yüzlərlə çeçen ölkəmizdə müvəqqəti sığınacaq tapmışdı. Əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Az sayda yaralılar vardı. Rusiya məsələnin nə yerdə olduğunu bilsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı fəal qaralama siyasəti yürüdürdü. Bakının çeçen döyüşçülərinə yaşamaq, güc toplamaq, qüvvələrini səfərbər etmək üçün şərait yaratdığı iddia olunurdu. Dövlət Departamenti də Rusiyanın həqiqətdən uzaq bəyanatlarına əsaslanaraq bizi terroru qismən dəstəkləyən ölkələrin siyahısına salmışdı".

 

Qarabaginfo.az xəbər verir ki, bunu 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsində işləmiş və hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev “Xalq qəzeti”nə müsahibəsində bildirib.

 

Haqsızlıq olduğunu bildirən sabiq nazir XİN-in bəyanatını hazırladığını bildirib:

 

"Təbii ki, məsələni dövlət başçısı ilə razılaşdırmaq lazım idi. Amma istər həmin gün, istərsə də sonra­kı iki gün ərzində əlaqə yaratmaq mümkün olmadı. Prezidentin te­lefonu susurdu. Düşündüm ki, vaxt itirmək etirazımızın gücünü və effektivliyini azaldar. Susma­ğımız, tərəddüd etməyimiz razılıq kimi qəbul oluna bilər. Odur ki, riskə yol verdiyimi bilsəm də bə­yanat mətnini KİV-ə göndərdim.

 

Həmin axşam köməkçi məni axtarıb tapdı. Dövlət başçısı­nın danışmaq istədiyini bildirdi. Prezident çox əsəbi idi. Mühüm yeniliyi Moskvanın “Vremya” xə­bərlər proqramından eşitmişdi. İzahatımı dinləmək istəmədi. “Bu dərəcədə məsuliyyətsizlik ol­maz, – dedi. – Sabah məsələyə Təhlükəsizlik Şurasının iclasında baxılacaq. Hərəkətinin motivlərini orada izah edərsən”.

 

"Sübhə qədər gözümə yuxu getmədi. Çox narahat idim. Tə­bii ki, işdən çıxarılma qorxusu­na görə yox! Əslində, bu yüngül cəza olardı. Prezidentin etima­dını doğrulda bilməməyim, çox ciddi məsələdə hissə qapılaraq onu çətin vəziyyətə salmağım, məqsədin nəcibliyindən asılı ol­mayaraq dövlətçilik prinsipləri baxımından tələsik qərar vermə­yim mənə çox ağır gəlirdi.

 

Ertəsi gün Prezident izaha­tıma səbirlə qulaq asdı. İştirak­çıların hər birinin fikri ilə maraq­landı. Təbii ki, həmkarlarım necə qərar veriləcəyini bilmədikləri üçün bacardıqları qədər neytral mövqe tutmağa çalışırdılar. Təc­rübəsizliyimi önə sürür, düzgün hərəkət etmədiyimi, özbaşınalığa və səhvə yol verdiyimi deyirdilər. Prezident hamını dinləyəndən sonra üzünü mənə tutdu:

 

– Yaxşı, deyirsən ki, axtar­mısan, tapa bilməmisən. Necə oldu, mən boyda adam ölkədən yoxa çıxdı, heç kimin xəbəri ol­madı? Yəqin ki, bir-iki dəfə bura zəng vurmusan, sonra da öz bil­diyini eləmisən. Məni tapa bilmir­din, köməkçiyə deyəydin ki, son dərəcə vacib məsələ ilə bağlı Prezidenti axtarıram. Tez ol, yeri­ni de! Zəng vuraydın Vaqif Axun­dova, Bəylər Eyyubova, Yura Kamayevə. Nədən ötrü axtardı­ğını desən, onlar sənə bir xəbər verərdilər. Götürüb zəng vuraydın komendaturaya. Amma sən bun­ların heç birini eləməmisən. Bu hərəkətinin adı məsuliyyətsizlik­dir, özbaşınalıqdır. Səndən əvvəl də xarici işlər naziri vardı. Həsən Həsənov. Məni bu otaqda rahat oturmağa qoymurdu. Gündə azı otuz dəfə zəng vururdu. Ən xır­da məsələləri də məsləhətləşirdi. Amma sən qərarı da özün verir­sən, özün də yerinə yetirirsən. Mən də iş işdən keçəndən sonra xəbər tuturam. Belə olmaz! Belə işləmək olmaz! Sənə ciddi xəbər­darlıq edirəm...

 

Başımı qaldırıb ətrafa bax­dım. Ortalıqda gərgin atmosfer vardı. Çoxları üzlərinə sərt, bir az da narazı ifadə vermişdilər. Təbii, narazılıq məndən idi. 

 

Prezident bir anlıq sükuta get­di. Sonra uca səslə:

 

– Vilayət Quliyev, – dedi, – və uzun pauza verdi. Bilmirəm, bəlkə də, həmin anlarda otaqda olanların bəziləri “Bunun da kitabı belə bağlandı” –deyə düşünürdü. Və bir an sonra Heydər Əliyev, yəqin, heç kəsin gözləmədiyi qə­rarla sözünə yekun vurdu: – Düz­gün hərəkət eləyib. Bəli, mütləq Dövlət Departamentinin ittiham xarakterli hesabatına etirazımızı bildirməli idik. Ermənistan 20 faiz ərazimizi işğal edib, indiyə qədər onlarla qanlı terror aktı törədib. Yüzlərlə vətəndaşımız qətlə ye­tirilib. Amma heç bir dövlət, heç bir beynəlxalq təşkilat onu terror­çuluqda, terroru dəstəkləməkdə ittiham etmir. Bizim humanist, insanpərvər hərəkətimizin adını isə tez-tələsik “terroru dəstək­ləmək” qoyurlar. Belə prinsipial məsələlərdə mütləq mövqeyimizi bildirməliyik, sözümüzü deməli­yik. Bəyanatın mətni də ümumən pis tərtib olunmayıb. Amma xarici işlər nazirinin ən ciddi səhvi odur ki, mənimlə məsləhətləşməyib. Əgər belə etmiş olsaydı, təşəkkür alardı. İndi isə ciddi xəbərdarlıqla kifayətlənirəm.

 

Salondan çıxanda xüsusi bir əsas olmasa da, hamı təbrik elə­yirdi. Mən isə həyatım boyu unut­mayacağım bir dərs almışdım. Bir daha inanmışdım ki, Heydər Əliyevin ən sərt irad və tənbehinin də arxasında ədalət hissi dayanır", - deyə diplomat vurğulayıb.



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər
23-02-2021, 16:27 "Dəli Afət" HEKAYƏ