Ana Sayfa > Karusel / Siyasət > Prezidentin etimadını doğrulda bilməməyim mənə çox ağır gəlirdi - Sabiq nazir
Prezidentin etimadını doğrulda bilməməyim mənə çox ağır gəlirdi - Sabiq nazir10-05-2023, 10:29. Yazar: Admin |
"Xarici İşlər Nazirliyi daimi gərginlik rejimində işləyən dövlət qurumudur. 2001-ci il ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın adı terroru qismən dəstəkləyən ölkələr sırasına daxil edilmişdi. Yəqin, ilk baxışdan inandırıcı görünmür. Erməni işğalının, daşnak terrorunun bir çox ağrı-acılarını yaşayan, Bakı metrosundakı partlayışda 300 nəfərdən çox dinc vətəndaşını itirən Azərbaycan terroru hətta qismən də olsa, necə dəstəkləyə bilərdi? Bu mümkün iş idimi? Yersiz ittihamın əsasında nə dayanırdı? İzah edim. İkinci çeçen müharibəsindən sonra rus ordusunun təqiblərindən xilas olmağa çalışan yüzlərlə çeçen ölkəmizdə müvəqqəti sığınacaq tapmışdı. Əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Az sayda yaralılar vardı. Rusiya məsələnin nə yerdə olduğunu bilsə də beynəlxalq müstəvidə Azərbaycana qarşı fəal qaralama siyasəti yürüdürdü. Bakının çeçen döyüşçülərinə yaşamaq, güc toplamaq, qüvvələrini səfərbər etmək üçün şərait yaratdığı iddia olunurdu. Dövlət Departamenti də Rusiyanın həqiqətdən uzaq bəyanatlarına əsaslanaraq bizi terroru qismən dəstəkləyən ölkələrin siyahısına salmışdı".
Qarabaginfo.az xəbər verir ki, bunu 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsində işləmiş və hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev “Xalq qəzeti”nə müsahibəsində bildirib.
Haqsızlıq olduğunu bildirən sabiq nazir XİN-in bəyanatını hazırladığını bildirib:
"Təbii ki, məsələni dövlət başçısı ilə razılaşdırmaq lazım idi. Amma istər həmin gün, istərsə də sonrakı iki gün ərzində əlaqə yaratmaq mümkün olmadı. Prezidentin telefonu susurdu. Düşündüm ki, vaxt itirmək etirazımızın gücünü və effektivliyini azaldar. Susmağımız, tərəddüd etməyimiz razılıq kimi qəbul oluna bilər. Odur ki, riskə yol verdiyimi bilsəm də bəyanat mətnini KİV-ə göndərdim.
Həmin axşam köməkçi məni axtarıb tapdı. Dövlət başçısının danışmaq istədiyini bildirdi. Prezident çox əsəbi idi. Mühüm yeniliyi Moskvanın “Vremya” xəbərlər proqramından eşitmişdi. İzahatımı dinləmək istəmədi. “Bu dərəcədə məsuliyyətsizlik olmaz, – dedi. – Sabah məsələyə Təhlükəsizlik Şurasının iclasında baxılacaq. Hərəkətinin motivlərini orada izah edərsən”.
"Sübhə qədər gözümə yuxu getmədi. Çox narahat idim. Təbii ki, işdən çıxarılma qorxusuna görə yox! Əslində, bu yüngül cəza olardı. Prezidentin etimadını doğrulda bilməməyim, çox ciddi məsələdə hissə qapılaraq onu çətin vəziyyətə salmağım, məqsədin nəcibliyindən asılı olmayaraq dövlətçilik prinsipləri baxımından tələsik qərar verməyim mənə çox ağır gəlirdi.
Ertəsi gün Prezident izahatıma səbirlə qulaq asdı. İştirakçıların hər birinin fikri ilə maraqlandı. Təbii ki, həmkarlarım necə qərar veriləcəyini bilmədikləri üçün bacardıqları qədər neytral mövqe tutmağa çalışırdılar. Təcrübəsizliyimi önə sürür, düzgün hərəkət etmədiyimi, özbaşınalığa və səhvə yol verdiyimi deyirdilər. Prezident hamını dinləyəndən sonra üzünü mənə tutdu:
– Yaxşı, deyirsən ki, axtarmısan, tapa bilməmisən. Necə oldu, mən boyda adam ölkədən yoxa çıxdı, heç kimin xəbəri olmadı? Yəqin ki, bir-iki dəfə bura zəng vurmusan, sonra da öz bildiyini eləmisən. Məni tapa bilmirdin, köməkçiyə deyəydin ki, son dərəcə vacib məsələ ilə bağlı Prezidenti axtarıram. Tez ol, yerini de! Zəng vuraydın Vaqif Axundova, Bəylər Eyyubova, Yura Kamayevə. Nədən ötrü axtardığını desən, onlar sənə bir xəbər verərdilər. Götürüb zəng vuraydın komendaturaya. Amma sən bunların heç birini eləməmisən. Bu hərəkətinin adı məsuliyyətsizlikdir, özbaşınalıqdır. Səndən əvvəl də xarici işlər naziri vardı. Həsən Həsənov. Məni bu otaqda rahat oturmağa qoymurdu. Gündə azı otuz dəfə zəng vururdu. Ən xırda məsələləri də məsləhətləşirdi. Amma sən qərarı da özün verirsən, özün də yerinə yetirirsən. Mən də iş işdən keçəndən sonra xəbər tuturam. Belə olmaz! Belə işləmək olmaz! Sənə ciddi xəbərdarlıq edirəm...
Başımı qaldırıb ətrafa baxdım. Ortalıqda gərgin atmosfer vardı. Çoxları üzlərinə sərt, bir az da narazı ifadə vermişdilər. Təbii, narazılıq məndən idi.
Prezident bir anlıq sükuta getdi. Sonra uca səslə:
– Vilayət Quliyev, – dedi, – və uzun pauza verdi. Bilmirəm, bəlkə də, həmin anlarda otaqda olanların bəziləri “Bunun da kitabı belə bağlandı” –deyə düşünürdü. Və bir an sonra Heydər Əliyev, yəqin, heç kəsin gözləmədiyi qərarla sözünə yekun vurdu: – Düzgün hərəkət eləyib. Bəli, mütləq Dövlət Departamentinin ittiham xarakterli hesabatına etirazımızı bildirməli idik. Ermənistan 20 faiz ərazimizi işğal edib, indiyə qədər onlarla qanlı terror aktı törədib. Yüzlərlə vətəndaşımız qətlə yetirilib. Amma heç bir dövlət, heç bir beynəlxalq təşkilat onu terrorçuluqda, terroru dəstəkləməkdə ittiham etmir. Bizim humanist, insanpərvər hərəkətimizin adını isə tez-tələsik “terroru dəstəkləmək” qoyurlar. Belə prinsipial məsələlərdə mütləq mövqeyimizi bildirməliyik, sözümüzü deməliyik. Bəyanatın mətni də ümumən pis tərtib olunmayıb. Amma xarici işlər nazirinin ən ciddi səhvi odur ki, mənimlə məsləhətləşməyib. Əgər belə etmiş olsaydı, təşəkkür alardı. İndi isə ciddi xəbərdarlıqla kifayətlənirəm.
Salondan çıxanda xüsusi bir əsas olmasa da, hamı təbrik eləyirdi. Mən isə həyatım boyu unutmayacağım bir dərs almışdım. Bir daha inanmışdım ki, Heydər Əliyevin ən sərt irad və tənbehinin də arxasında ədalət hissi dayanır", - deyə diplomat vurğulayıb. Geri dön |