Saytımızı qiymətləndirin


 
 

Dünya sürətlə hərbiləşir: Yeni müharibənin astanasında, bu dəfə tamamilə fərqli...
Tarix: 26-04-2023 | Saat: 12:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünya sürətlə hərbiləşir: Yeni müharibənin astanasında, bu dəfə tamamilə fərqli...

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci ildə dünya ölkələrinin hərbi xərclərini əhatə edən yeni hesabat yayımlayıb. Hesabatda bildirilir ki, ümumi qlobal hərbi xərclər 2022-ci ildə əvvəlki illə müqayisədə 3,7% artıb. Beləliklə, dünya ölkələrinin ümumi hərbi xərcləri 2022-ci ildə ardıcıl səkkizinci il ərzində artaraq 2.24 trilyon dollara çatıb.

 

Xərclərdə indiyədək ən kəskin artım (+13 faiz) Avropada müşahidə olunub və əsasən Rusiya ilə Ukraynanın payına düşüb. Bununla belə, Ukraynaya hərbi yardım və Rusiya tərəfindən artan təhlükə ilə bağlı narahatlıqlar digər dövlətlərin də hərbi xərclərinin artmasına gətirib çıxarıb.

 

Ən kəskin artım Finlandiyada (+36 faiz), Litvada (+27 faiz), İsveçdə (+12 faiz) və Polşada (+11 faiz) müşahidə olunub. Rusiyanın hərbi xərcləri 2022-ci ildə təxminən 9,2 faiz artaraq 86,4 milyard dollara çatıb. Hərbi xərclər 2021-ci ildə Rusiyanın ÜDM-sində 3.7% təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 4.1%-ə çatıb.

 

Birləşmiş Ştatlar orduya hələ də dünyanın ən çox pul xərcləyən ölkəsidir. ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollara çatıb ki, bu da ümumi qlobal hərbi xərclərin 39 faizini təşkil edib. İkinci yerdə Çin gəlir, onun xərcləri ABŞ-dan 3 dəfə az olub. 

 

Hesabat müəllifləri qeyd edir ki, Ukraynadakı müharibə və Şərqi Asiyada yaşanan gərginlik hərbi xərclərin artmasına səbəb olub. 

 

Qlobal hərbi xərclərin çoxalması yeni bir dünya müharibəsindən xəbər verir?

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan politoloq İlqar Vəlizadə qeyd edib ki, qlobal hərbi xərclərin artması Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır.

 

"Əslində bunun səbəbləri aydındır. Ukrayna ilə Rusiya arasında müharibə hələ də davam edir. Əlbəttə, müharibələr davam edəndə, hərbi xərclər də artır. Yəni bu, bir növ aksiomdur. İndi Ukraynaya külli miqdarda silah-sursat göndərilir. Bir çox hallarda həmin texnikalar müharibədə istifadə olunduğu üçün yararsız hala gəlir. Yeni silah-sursatların hazırlanması Qərb ölkələrində hərbi sənayenin inkişaf etməsinə təkan verir. Digər tərəfdən Şərqi Avropa ölkələrinin hərbi arsenalında olan Rusiya istehsalı silahlar Ukraynaya verilir. Onu da qeyd edim ki, ölkələrin köhnə texnikalardan imtina etməsi və yeni texnikalara maliyyə ayırması xərclərin artmasına gətirib çıxarır. Yəni qlobal hərbi xərclərin artması yeni bir dünya müharibəsinin olması ilə bağlı deyil",-deyə politoloq bildirib.

 

 

İ.Vəlizadə vurğulayıb ki, yeni dünya müharibəsi ənənəvi formadan fərqli olaraq, hibrid şəkildə aparılır:

 

"Əvvəllər bir çox ölkə Rusiyadan silah alırdı, indi isə müharibəyə görə alış-satış dayanıb. Çünki həmin hərbi texnikalar Rusiyanın özünə lazımdır. Digər tərəfdən həmin ölkələrə Qərb də silah satmaq imkanında deyil, çünki onlar Ukraynaya yardım edir və öz bazalarını gücləndirir. Onlarda əlavə ixrac üçün imkanlar azalır. Açığı, yeni dünya müharibəsinin olmasına inanmıram. Ancaq üçüncü dünya müharibəsinin başqa, yəni hibrid formada aparıldığını görə bilərik. Onu da söyləyə bilərəm ki, regional və lokal münaqişələrin sayı çoxala bilər. Bunun da səbəbi dünya güclərinin öz problemləri ilə məşğul olmasıdır. Belə olduğu halda digər ölkələrin daha sərbəst hərəkət etmə imkanları çoxalır. Ötən gün BMT-nin Baş katibi Quterreş çıxış edərkən lokal münaqişələrin ola biləcəyini qeyd etdi. Ümumiyyətlə, Ukrayna müharibəsini, lokal münaqişələr və orada böyük güclərin rolunu toplasaq, üçüncü dünya müharibəsinin çalarlarını görmək olar".

 


Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, üçüncü dünya müharbəsi Ukrayna ilə Rusiya arasında gedir:

 

"Qlobal xərclərin artması Ukrayna-Rusiya müharibəsi ilə birbaşa bağlıdır. Qərb ölkələri və Rusiyanın silah arsenalında kifayət qədər itkilər var. Bunlar hazırda da davam etməkdədir. Müharibədə istifadə olunan sursatlar və məhv olunan texnikaları bərpa etmək üçün kifayət qədər hərbi xərclər tələb olunur. Dünya ölkələri də Ukraynaya etdikləri yardımın artırılması, yəni yeni texnikaların verilməsi üçün öz hərbi xərclərini artırmalıdırlar. Əks halda bu, təhlükəsizlik məsələsində ciddi böhrana gətirib çıxara bilər".
 

Ekspert vurğulayıb ki, əslində yeni dünya müharibəsi bu gün Ukrayna ilə Rusiya arasında davam edir: "Bu, üçüncü dünya müharibəsidir. Yaxın aylar ərzində bu müharibənin daha intensiv fazaya keçəcəyi gözlənilir".

Rahib Ələsgərov

Daha çox xəbər



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər