Quba rayonunun İkinci Nügədi kəndi yaxınlığında kütləvi məzarlıq aşkar edilib.
Qarabaginfo.az xəbər verir ki, məlumatına görə, insanlar kütləvi şəkildə yandırılıb, sonra onların qalıqları qarmaqarışıq şəkildə çuxurlarda basdırılıb.
“Bu dəfn forması heç bir dini ənənəyə uyğun gəlmir. Yəni, adətən insan bu və ya digər dini ənənələrə uyğun dəfn edilir, amma burada heç bir ənənədən danışmağa ehtiyac yoxdur. Ən pisi odur ki, sümüklərin yanında kül izləri görünür. Bu, ilk növbədə, meyitlərin əksəriyyətinin yandığını deməyə əsas verir”, – deyə Dövlət Qulluğunun Şabran rayon şöbəsinin müdiri Sabit Qurbanov bildirib.
Bundan əlavə, kəllələrdən birində, ehtimal ki, güllə izləri tapılıb. Nəzərə alsaq ki, 1918-ci ilin aprel-may aylarında Quba qəzasında dinc əhaliyə qarşı qırğın baş verib, çox güman ki, bu, qurbanların dəfn olunduğu yerdir.
Tapılan dəfn barədə artıq Arxeologiya İnstitutuna məlumat verilib. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə bütün məlumatlar veriləcək.