Saytımızı qiymətləndirin


 
 

Dərmanların baha olmasına səbəb... - Ekspert GİZLİNLƏRİ AÇIQLADI
Tarix: 13-04-2023 | Saat: 17:51
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

Dərmanların baha olmasına səbəb... - Ekspert GİZLİNLƏRİ AÇIQLADI

Milli Məclisin sonuncu plenar iclasında bəzi deputatlar ölkədə dərmanların bahalığı və keyfiyyətsizliyindən şikayətlənib. Qeyd olunub ki, əvvəllər xəstələr bir-iki qutu ilə müalicə olunurdusa, indi 4-5 qutu dərman belə kifayət etmir. Deputatlar Dövlət Gömrük Komitəsinin şəxsi istifadə üçün gətirilən dərman vasitələrinə qadağalar qoyduğunu da deyərək, bunun qeyri-qanuni olduğunu vurğulayıblar.

Əgər Tarif Şurası dərman preparatları üçün vahid qiymət təyin edibsə,  Analitik Ekspertiza Mərkəzi həmin vasitələri yoxlayır və Səhiyyə Nazirliyi də sertifkatlaşdırırsa, niyə ölkədəki dərmanlar baha və keyfiyyətsizdir?

Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli Bakıvaxtı.az-a bildirib ki, AEM Azərbaycan ərazisində satılan, üzərində Səhiyyə Nazirliyi tərəfindən nəzarət markası, içliyi Azərbaycan dilində olan istənilən dərman vasitəsinin keyfiyyətinə cavabdehdir və təminat verir:

“Təbii ki, burda dərman vasitəsinin istehsalçı tərəfindən verilmiş saxlama şərtlərinə də riayət olunmalıdır. Məsələn, şirkət hansısa dərmanı istehsal edir, idxalçı gətirir. Ölkəyə gətirildikdən sonra dərmanın saxlanma şərtlərinə əməl olunmursa, əlbəttə ki, onun keyfiyyəti aşağı düşür. Lakin qalan hallarda, biz onun keyfiyyətinə təminat veririk. Biz bu barədə dəfələrlə müraciət ünvanlamışıq. Sizin sayt vasitəsilə bir daha müraciət etmək istəyirəm. İnsanlar hansı aptekdən keyfiyyətsiz dərman və ya şübhələndikləri hal varsa, həmin dərmanın alınma çekini bizə göndərə bilərlər. Bundan əlavə, bu kimi hallarda (+99412) 596 07 12, (+99412) 594-57-27, (+99412) 594-57-37 qaynar xəttimizlə əlaqə saxlaya bilərlər.Biz də həmin vəziyyəti gedib yerinə araşdıracağıq. Vətəndaşlar tərəfindən bu kimi müraciətlər AEM tərəfindən anında araşdırılır”.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə Bakıvaxtı.az-a bildirib ki, bütün dərman preparatları Dövlət Gömrük Komitəsinin nəzarəti ilə ölkəyə daxil olur:

“Biz idxaldan asılı vəziyyətdəyik. İstehsalçı ölkə olmadığımız üçün dərmanların 95%-i xaricdən gətirilir. Bu idxal zamanı müəyyən tələb və normativlər var ki, həmin preparatlar qeydiyyatdan keçməlidir. Lakin qeydiyyatdan öncə, Səhiyyə Nazirliyinin tərkibindəki Analtik Ekspertiza Mərkəzi həmin dərman vasitələrinin tərkibinin uyğunluğunu yoxlayır. Əgər yoxlanış zamanı, dərmanların keyfiyyətsizliyi aşkar olunubsa, miqdar normativləri uyğun deyilsə, onların idxalına qadağa qoyulur. Yəni dərmanlar idxaldan öncə keyfiyyət analizindən keçir. Bundan əlavə, dərmanlar o vaxt keyfiyyətsiz ola bilər ki, onlar qaçaq vasitələrlə istehsal olunur, qaçaq yollarla ölkəyə gətirilir və onların üzərində keyfiyyət analizi aparılmır. Lakin belə olan halda, apteklərdə dərmanlar vaxtaşırı analizi aparılır. əgər dərmanın Səhiyyə Nazirliyi tərəfindən sertifkatlaşdırılmadığı aşkarlanarsa, dərmanı təqdim edən topdan satış mərkəzi məsuliyyətə cəlb olunur”.

Ekspert qeyd edib ki, dərmanların baha olmasına səbəb isə monopolist şirkətləri misal gətirmək olar. Onun sözlərinə görə, belə şirkətlər rəqabət mühitini korlayır, istədiyi dərmanı, istədiyi qiymətə öz apteklər şəbəkəsində satır: “Belə şirkətlər böyük gücə sahib olduğu üçün sərhəd və gömrük yoxlanışlarından da gətirdikləri vasitələri rahat keçirə bilir. Belə olan halda, məsuliyyət Gömrük Komitəsinin və Tarif Şurasının üzərinə düşür. Çünki Tarif Şurası dərman preapatları üçün vahid qiymət təyin edib. Əgər dərmanlar bir aptekdə digərindən baha satılırsa, o zaman Tarif Şurasının qaynar xətti ilə əlaqə saxlamaq lazımdır”.

“Bundan əlavə, Azərbaycanda alman apteklərinə gələn preparatlar Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınırmı? Alman aptekləri də digərləri kimi gətirdikləri preparatları Analtik Ekspertiza Mərkəzində yoxlanışdan keçirməli və sertifkat almalıdırlar. Qeyd edim ki, alman apteklərinin də arxasında böyük güclər dayanır”, - deyə İlqar Hüseynli bildirib.

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsi (DGK) də dərmanlarla bağlı məsələyə aydınlıq gətirib. Qurumun yaydığı məlumatda bildirilir ki, Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Komitə vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü bəndinə əsasən Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.

“Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir. Bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar", - deyə məlumatda deyilir.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər