Saytımızı qiymətləndirin


 
 

Laçındakı toqquşmada Ermənistan İrandan aldığı PUA və zenit raketlərindən istifadə edib
Tarix: 12-04-2023 | Saat: 11:41
Bölmə:Karusel / Region | çapa göndər

Laçındakı toqquşmada Ermənistan İrandan aldığı PUA və zenit raketlərindən istifadə edib “Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtondakı görüşü ilə bağlı yayılan məlumatlar hələ ki rəsmi səviyyədə təsdiqlənməyib. Bu, sadəcə olaraq mətbuatda yer alan iddiadır. Əgər belə bir görüş planlaşdırılıbsa, hesab edirəm ki, bu, baş tutacaq. Dünənki təxribatlara gəldikdə isə tərəflər arasında iradə varsa, buna heç kim mane ola bilməz. Həmçinin, Azərbaycan heç bir görüşdən qaçmır, burada söhbət yalnız Ermənistandan gedir”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov ötən gün sərhədin Laçın rayonu istiqamətində baş verən erməni təxribatlarının pərdəarxasında dayanan rus amili barəsində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. 

Analitik xatırladıb ki, keçən ilin sentyabr ayında Kəlbəcər istiqamətində ermənilərin yenə də böyük bir təxribatı olmuşdu və miqyasına görə dünənki təxribatlardan daha böyük idi:

“Lakin həmin hadisələrdən təxminən 20 gün sonra Azərbaycan və Ermənistan rəhbərləri Praqada görüş keçirdilər.

O ki qaldı dünənki təxribatlarda hansı dövlətlərin əlinin və marağının olmasına, əlbəttə ki, bunu yalnızca Rusiyanın üzərinə atmaq, məncə, doğru yanaşma olmaz. Ən azı o baxımdan ki, bölgədə marağı olan bir çox dövlətlər var və hər biri də bu məsələdə öz yanaşmasını və maraqlarını təmin etmək üçün prosesə müdaxilə etməyə çalışır”. 

Siyasi təhlilçi düşünür ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin istəməyən, o cümlədən bölgədə gərginliyin qalmasında maraqlı olan konkret güclər var ki, bunlardan biri də Rusiya sayıla bilər:

“Lakin Rusiya hazırda böyükmiqyaslı təxribatların tərəfdarı deyil. Çünki Rusiyaya bölgədə özünün idarə edə biləcəyi gərginlik lazımdır ki, belə bir gərginlik də qalarsa, o zaman Rusiyanın da moderator roluna ehtiyac duyula bilər.

Bu gün məsələyə daha aqressiv yanaşan və bölgədə gərginliyi artırmağa çalışan dövlətlərdən birincisi İrandır. Dünən də biz bu təxribatlar zamanı İranın Ermənistana ötürdüyü PUA-lar və zenit raketlərindən istifadə edildiyinin şahidi olduq. Müdafiə Nazirliyi də bununla bağlı məlumatlar yaydı”. 

Mütəxəssisin fikrincə, konkret olaraq İran bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəmir və Azərbaycanın inkişafını və güclənməsini əngəlləməyə çalışır:

“Ona görə də İran bütün gücü ilə Ermənistana dəstək verir. Eyni zamanda belə bir gərginlik İrana həm də ona görə lazımdır ki, belə olan halda Ermənistanın İrana ehtiyacları daha da artacaq. İran hesab edir ki, bölgədəki, o cümlədən Azərbaycan və Ermənistan arasındakı proseslərdə aktiv rol ala bilər. Eləcə də İranın marağı həm də ondan ibarətdir ki, özünün Ermənistana ötürdüyü silahları döyüş meydanında sınaqdan keçirsin”.

O.Qasımov aydınlaşdırıb ki, burada digər bir ölkə Fransadır ki, onlar da bu təxribatda ciddi şəkildə maraqlı ola bilər:

“Məhz bu ölkələr Ermənistanı bir formada sülh prosesindən yayınmağa və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imtinaya təhrik edən ölkələrdir. Fransanın da marağı ondan ibarət ola bilər ki, Avropa İttifaqının Mülki Missiyası bu gün Ermənistan sərhədində monitorinq aparır və belə bir gərginlik olduğu halda həmin müşahidə missiyasının – hansı ki, onun tərkibinin 70%-i fransızlardan ibarətdir – hazırladığı hesabatlar əsasında bölgəyə daha artıq kontingentin yerləşdirilməsi məsələsi gündəmə gələ bilər ki, bu da Fransanın bölgədə maraqlarını təmin etmək və özünün əlavə olaraq qüvvələrini bölgəyə yerləşdirərək burada nüfuz dairəsini genişləndirmək məqsədi güdə bilər”.

“Mən ötən gün baş verən təxribatları Rusiya ilə əlaqələndirməzdim. Burada ciddi marağı olan ölkələr var ki, onların da içində sadəcə olaraq Azərbaycan və Türkiyə birmənalı şəkildə bölgədə sülhün bərqərar olmasında maraqlıdırlar və ona görə də 44 günlük savaşdan sonra da sülh gündəmi ilə çıxış edirlər. Azərbaycan da Ermənistana 5 baza prinsipləri əsasında sülh müqaviləsinin bağlanmasını təklif edib. Amma Ermənistan 1 ildən çoxdur ki, bur prosesdən yayınmağa çalışır. Məhz qeyd etdiyim güclərin təşviqi və təsiri ilə...”, – fikrini yekunlaşdırıb.



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər