Saytımızı qiymətləndirin


 
 

“Xankəndindən Kərkicahana doğru gedəndə ermənilər  arxadan bizi atəşə tutdu...”
Tarix: 03-04-2023 | Saat: 15:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Xankəndindən Kərkicahana doğru gedəndə ermənilər  arxadan bizi atəşə tutdu...”
“Cavab olaraq mən də tapançadan atəş açdım. Bundan sonra onlar gözdən itdilər...”
"Bu gün Azərbaycanın suveren ərazisindəki “sülhməramlı” kontingentin komandanları Muradovlar, Volkovlar ermənilərin Qarabağa canlı qüvvə və silah-sursat daşıması haqda xəbərdarlıqlarımızı qulaqardına vurduğu kimi, o dövrdə də Volskilər, Polyaniçkolar bu barədə deyilənlərə əhəmiyyət vermir, əksinə, torpaqlarımızda terrorçu birləşmələrinin genişlənməsinə şərait yaradırdılar..." 
“Əvvəlki söhbətlərimizdə də söylədiyim kimi, 2020-ci ilin 44 günlük savaşındakı möhtəşəm hərbi qələbəmizdən sonra Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin Azərbaycan Respublikasının ermənilər yerləşdirilmiş ərazisində olduğu hazırkı dövrlə guya Qarabağda “münaqişəni yatırıb əmin-amanlıq” yaratmağa gəlmiş Kreml canişinləri Arkadi Volski və Viktor Polyaniçkonun 1988-1991-ci illərdəki idarəçiliyi arasında kifayət qədər paralellər aparmaq mümkündür.  O vaxtkı səhvlərimizi  bü gün təkrarlamamaq üçün mütləq mütəmadi olaraq həmin dövrdə baş verənləri yada salıb ciddi təhlil etmək gərəkdir”.
Bu fikirləri Moderator.az əməkdaşı ilə söhbətində sabiq ədliyyə naziri Əlisaab Orucov ifadə edib. 
 
“Hesab edirəm ki, aydınlıq və əyanilik üçün 1990-1991-ci illərdə birbaşa Moskvadan idarə olunan Respublika Təşkilat Komitəsinə rəhbərlik etmiş Polyaniçkonun əməlləri ilə bağlı şahidi olduğum daha bir neçə epizodu oxucuların diqqətinə çatdırmaq yerinə düşər. Onlar haqda “Mübarizəmiz Qarabağdadır” kitabımda da ətraflı məlumat vermişəm...
 
...O günlər harada olurdumsa, Təşkilat Komitəsinin keçmiş Dağlıq Qarabağ vilayətindəki azərbaycanlıların ağır vəziyyəti ilə məşğul olmadığını söyləyirdim. 1990-cı ilin avqust günlərindən birində Polyaniçkonun Xankəndində keçirdiyi müşavirədə respublika hüquq-mühafizə orqanlarının rəhbərləri və o cümlədən ermənilər də iştirak edirdi. Onun dəvəti ilə mən də Ağdamdan Xankəndinə gedib həmin müşavirədə iştirak etdim. İclasda çıxış edib dedim ki, Ermənistandan Dağlıq Qarabağa gələn çoxlu sayda o vaxt el arasında “saqqallılar” deyilən terrorçular orada yerləşdirilir. Onlar Ermənistandan daşınan müasir silahlarla təmin olunur. Lakin Təşkilat Komitəsi bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Polyaniçkonun diqqətini azərbaycanlıların onun qəbuluna düşə biməməsinə cəlb edib onların da qəbuluna vaxt ayırmasını və problemlərini həll etməsini xahiş etdim. V.Polyaniçko ona dediyim sözlərdən bərk əsəbiləşib: “Hər kəs öz işi ilə məşğul olsa, hər şey səmərəli olar”- dedi. Sonra da məni  Meşəli kəndində olmağımla əlaqədar sorğu-suala tutdu və iradlarını bildirdi.  Gördüm ki, haqlı sözüm bu dəfə də onun xoşuna gəlmədi...
 
Günlərin birində Adamda keçirilən mitinqdə Polyaniçko ona etiraz edən kütləni ələ almaq üçün “Ya vaş, ya vaş” -dedi. O, ikibaşlı məna kəsb edən “Ya vaş”(Mən sizinəm) dedikdə, azərbaycanlıları razı salamaq və digər tərəfdən “Yavaş” (sakit olun) mənasında işlətməklə bundan xəbər tuta biləcək erməniləri narazı salmamaq məqsədi güdürdü...
 
Bu gün Azərbaycanın suveren ərazisindəki “sülhməramlı” kontingentin komandanları Muradovlar, Volkovlar ermənilərin Qarabağa canlı qüvvə və silah-sursat daşıması haqda xəbərdarlıqlarımızı qulaqardına vurduğu kimi, o dövrdə də Volskilər, Polyaniçkolar bu barədə deyilənlərə əhəmiyyət vermir, əksinə, torpaqlarımızda terrorçu birləşmələrinin genişlənməsinə şərait yaradırdılar. Və ən təəssüfləndiricisi də odur ki, bir sıra rəsmi və ictimai nümayəndələrimiz onların bu şovinistliyi, ermənipərəstliyi qarşısında nəinki susur, hətta yeri gələndə onlara yarınırdılar...
1990-cı ilin oktyabr ayında Polyaniçko Azərbaycan Dövlət Universitetində Qarabağla bağlı çıxışında vilayətdə onun sayəsində qanunçuluğun tam bərpa olunduğunu, erməni yaraqlılarının vilayətdən çıxarılıb Ermənistana qovulduqlarını və sərhədlərimizin möhkəmləndiyini bəyan etdi. Tədbirdə iştirak edənlərdən vilayətdəki həqiqi vəziyyəti bilənlər olmasına baxmayaraq onun yalanlarını üzünə deyib ifşa edən olmadı. Əksinə, onun dediklərini başlarını yelləməklə  təsdiq etdilər. Vəziyyətin belə alındığını görüb salonda əyləşənlərə Dağlıq Qarabağın həmin günə olan həqiqi durumu barəsində məlumat verərək Azərbaycan torpaqlarına kənardan çox sayda terrorçunun və silah-sursatın gətirildiyini bildirdim. Və Qarabağda bu cinayətlərin qarşısının alınmadığını, əksinə, şərait yaradıldığını söylədim....
 
Həmin tədbirdən bir neçə gün sonra Polyaniçko bu dəfə məni Respublika Həmkarlar İttifaqının əməkdaşı Ələkbər Səfərovla(əvvəllər Gəncə şəhər icraiyyə komitəsinin sədri işələmişdi) birgə Xankəndinə çağırdı... Polyaniçkonun yanında olduq. O, yenə də Qarabağda gördüyü və görəcəyi işlər barəsində yalanlar danışmağa başladı. Çox danışdı və gördü ki, danışığına əhəmiyyət verilmir. Sual etdi ki, Orucov, nə üçün dinmirsən? Mən yenə də ona ermənilərin Rusiya və Ermənistandan silah-sursat daşımalarından və bunun hesabına vilayətdə çoxlu sayda terrorçunu birləşdirən erməni ordusunun yaradılmasından söz açdım. O, dediklərimin həqiqətə uyğun olmadığını bildirdi. Uzun söhbətdən sonra Xankəndinə çağırılmağımızın səbəbini soruşdum. Sözümü eşitməzliyə vurub yaxında olan azərbaycanlıların yaşadıqları kəndlərə getməyə fikrimiz  olub-olmamasını soruşdu. Bir şərtlə ki, axşam onunla birllikdə qatarla Bakıya qayıtmalıyıq. O, burada qalıb yenidən başqa kəndlərə də getməyimizi istəmirdi... Polyaniçkonun bu təklifinə təəccüb etsəm də(çünki o, keçmiş Dağlıq Qarabağın kəndlərinə gedib azərbaycanlılarla görüşməyi mənə qadağan etmişdi), cavab verdim ki, həmin müddət ərzində yaxında yerləşən Cəmilli kəndinə gedib-gələ bilərik. Onun məqsədini təxminən başa düşdüm...
 
Binanın qarşısında Polyaniçkonun əvvəlcədən bizim üçün ayırdığı, rus hərbçisinin idarə etdiyi “QAZ-69” markalı avtomaşın gözləyirdi. Avtomaşına əyləşən kimi sürücü maşının benzininin az olmasını söylədi... Ələkbər Səfərova dedim ki, Xankəndinin  yanacaqdoldurma məntəqələrində ermənilər bizə benzin vermirlər, ona görə də şəhərin yuxarı hissəsində, əsasən azərbaycanlıların sıx yaşadıqları Kərkicahan qəsəbəsinə gedib daim evində ehtiyat benzini olan Vidadidən benzin alıb Cəmilli kəndinə yolumuzu davam etdirək...
 
Maşını Kərkicahan istiqamətinə sürdürdüm. Elə bu vaxt Polyaniçkonun əyləşdiyi binanın qarşısında növbə çəkən erməni yaraqlıları köhnə, dövlət nömrə nişanı olmayan “Moskviç-412” markalı avtomobili arxamızca sürüb bizdən dayanmağı tələb etdilər. Xankəndinin mərkəzindən uzaqlaşıb Kərkicahan qəsəbəsi istiqamətində hərəkət edərkən çöllükdə maşını saxlatdırdım ki, arxamızca gələnlərin kim olduğunu, nə istədiyini bilim. Avtomobili saxlayan kimi bizi arxadan atəşə tutdular. Cavab olaraq mən də tapançadan onlara atəş açdım. Bundan sonra ermənilər gözdən itdilər... Kərkicahanın girəcəyindəki Özbəkistan küçəsinə çatdıq. Oradan üzüyuxarı qalxanda gördüm ki, arxamızca gələn həmin maşın üzü Xankəndinə tərəf qayıdır. Kərkicahandakı ilk evə yaxınlaşanda həmişə əlində corab toxuyan məhəllə sakini Nübar xala ilə rastlaşdıq. Nübar xala dedi ki, bir həftə bundan əvvəl ermənilər onun evini yandırıblar. Bunu eşidən kimi biz maşından düşüb Nubar xalanın təpədə yerləşən evinə tərəf qalxdıq. O isə gəldiyimiz maşının yanında qaldı. Gördük ki, həqiqətən onun evi yandırılıb və yalnız divarları qalıb...
 
Ələkbər Səfərov Nübar xalaya ürək-dirək verərək dedi: “Narahat olmayın, bu yaxın günlərdə evin bərpası üçün 5 min rubl yardım etdirərəm”. Onun sözünü yarımçıq kəsən Nübar xala bizə dedi: “Baxın, bu gördüyünüz birinci ev erməni Jorikindir. Siz təpədə evimə baxanda o, sizi görüb həyətdəki telefonuyla digər ermənilərə zəng edib dedi ki, Orucov buradadır, tez gəlin... Qadanızı alım, tez buradan çıxıb gedin, yoxsa qırğın olacaq”.
 
Fikirləşdim ki, ermənilərin bizə hücumuyla bağlı Kərkicahan camaatı ayağa qalxacaq ki, bu da ağır nəticələrə səbəb olacaq. Odur ki, Nübar xala ilə vidalaşıb birbaşa məhəllənin mərkəzində yaşayan Vidadigilə getdik. Orada maşınımıza benzin doldurduq. Ancaq vəziyyətlə bağlı Kərkicahan camaatına bir söz demədik. Yalnız Vidadiyə vəziyyəti danışdım və o da bizimlə getməli oldu. Oradan Qaybalı yoluyla Şuşaya istiqamət götürdük. Şuşanın girəcəyindəki benzindoldurma məntəqəsinin yaxınlığındakı taksi dayanacağında avtomaşından düşüb gəldiyimiz maşının sürücüsünə dedim ki, biz Şuşada qalası olduq. Vidadiyə Ağdama qayıdacağımızı söyləyib gəldiyimiz yolla geri qayıtmalarını tapşırdım... Onları geri yola salan kimi Səfərovla birgə taksiyə əyləşib Xankəndindən keçib özümüzü Ağdama yetirdik... Bu minvalla Cəmilli kəndinə gedə bilmədik... 
 
Bakıya gedən qatarda Polyaniçko məndən soruşdu ki,  deyəsən, Cəmilliyə gedə bilmədin. Cavab verdim ki, getməyə vaxtımız çatmadı. O, gülümsəyərək istehza ilə: “Eybi yoxdur, gələn dəfə vaxt tapıb gedərsən”- dedi... 
Bizə isə tam aydın idi ki, onunla Xankəndindəki görüşümüzdən sonra bizə verdiyi maşında benzinin az olmasını da, erməni yaraqlılarının arxamızca düşməsini də, yolda bizə güllə atmalarını da və bütün bunların nəticəsində Cəmilli kəndinə səfərimizin baş tutmamasını da bu Kreml canişini məhz özü təşkil edib... Yəqin ki, həm də məni və digər Azərbaycanın digər rəhbər işçilərinin bundan sonra Yuxarı Qarabağın  azərbaycanlılar yaşayan kəndlərinə getməməsi üçün gözümüzü qorxutmaq məqsədi güdüb və bizi Xankəndinə də bunun üçün çağırıb. Amma Polyaniçko yanılırdı. Çünki bundan sonra da mən bacardığım qədər Qarabağda ermənilərin yerləşdirildiyi kəndlərin mühasirəsindəki azərbaycanlılar yaşayan kəndlərə baş çəkir və onların problemlərinin həlli üçün əlimdən gələni edirdim...
 
(Davamı var)  


Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər