Tarix: 31-03-2023 | Saat: 15:33
Bölmə:Karusel / Yazar | çapa göndər
Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət əslində ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirilməlidir.
Bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq. Amma qərarın hədəfləndiyi ictimai faydalı nəticələrin gözlənilən səviyyədə olması inandırıcı deyil. Hətta əksinə - bəzi məqamlarda yeni suallar çıxacağı mümkündür.
Qısaca olaraq aşağıdakıları bildirmək istərdim.
Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha sürəkli xarakter almışdır. ETSN-nin keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır. Bu zərərli maddələrin əsas mənbəyinin nəqliyyat vasitələri olduğu da ETSN tərəfindən vurğulanır. NK özünün 29.03.2023 tarixli, 94 saylı Qərarını şərh edərkən əsas hədəfin göstərilən problemi həll etmək olduğunu vurğulamışdır.
Lakin bu məsələdə ciddi bir səhvə yol verilir. Bizim ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür). Bizdə əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır. Bunun səbəbi isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil.
İzahı da çox sadədədir. Bu qərardan sonra insanlarımız ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaqlar, çünki onları yeniləmək şansı xeyli azaldı. Nəqliyyat ehtiyaclarını qarşılayan başq varint da yoxdur. Bu isə köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq. Əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək (bazardakılar belə məsələlərə çox həssas yanaşırlar).
Bundan başqa, mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən (yaşı 10-dan az olan) avtomobil gətirməyə meyllənəcəklər. Onlar isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər.
Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir. Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq imtina edərlər.
NK-nın 29.03.2023 tarixli, 94 saylı Qərarı 30 gün sonra (yəni təxminən aprel ayının sonunda) qüvvəyə minir. Gömrük Komitəsinin verdiyi məlumatdan aydın olur ki, 29 mart tarixindək xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri (müqavilə, hesab-faktura və s.) olan şəxslərin avtomobili 30 gündən sonra da ölkəyə gəlib çıxsa, bu qayda onlara şamil edilməyəcək. Amma yaşı 10-dan çox olan avtomobil 29 mart tarixindən sonra alınsa və həmin avtomobil 29 aprelədək Azərbaycana gəlib çıxmasa, ölkəyə buraxılmayacaq.
Ərşad Hüseynov
Digər xəbərlər