Tarix: 27-01-2021 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Silk Way West Airlines” Tokio Narita Hava Limanına həftədə iki dəfə həyata keçiriləcək yeni yük marşrutunun açılışı haqqında elan edir.
Şirkətdən Qarabaqinfo.az-a verilən məlumata görə, marşrut üzrə ilk reys 11 fevral 2021-ci il tarixinə planlaşdırılıb.
“Silk Way West Airlines” və “Nippon Cargo Airlines” arasında imzalanan müqaviləyə əsasən tərəfdaşlar Bakı ilə Tokionu birləşdirən birgə uçuşlar həyata keçirəcək. Birbaşa müntəzəm uçuşlar vasitəsilə yüklər Bakının H. Əliyev adına Beynəlxalq Hava Limanından Yaponiyanın ən vacib beynəlxalq hava yük keçidi sayılan Narita Beynəlxalq Hava Limanına çatdırılacaq.
“Silk Way West Airlines” 2018-ci ildən etibarən Bakını Osaka Kansai hava limanı ilə birləşdirən həftəlik uçuşları həyata keçirərək, Yaponiyanın hava yük daşımaları bazarına xidmət göstərir. Bu ölkəyə yeni uçuşların başlanması ilə şirkət, həm Yapon, həm də beynəlxalq tərəfdaşlar üçün hava nəqliyyatı xidmətlərinin keyfiyyətini daim artırıb, getdikcə bölgənin yük daşıma şəbəkəsində daha da əhəmiyyətli rol oynayacaq.
"Yeni hava körpüsünün tariximizdə ilk dəfə olaraq iki paytaxt şəhərini birbaşa birləşdirəcəyindən, müntəzəm uçuş şəbəkəmizin coğrafi genişlənməsinin davam etdiyindən məmnunuq. Artıq o, Şimali Asiyanı tamamilə əhatə edir"- Silk Way Group-un prezidenti Zaur Axundov qeyd edib.
“Eyni zamanda, yük xidmətlərinə olan qlobal tələbatı ödəmək üçün Bakı hava limanında hava nəqliyyatı infrastrukturunu daim inkişaf etdiririk və əminliklə deyə bilərəm ki, hər hansı bir yükə, o cümlədən, termohəssas yükləri qəbul etməyə tamamilə hazırıq” - deyə Z. Axundov əlavə edib.
“Bu yeni marşrutun açılması bölgədəki bir neçə tərəfdaşla uzun illər davam edən əməkdaşlığa daha da təkan verir və bu baxımdan “Silk Way Group”un İcraçı Müşaviri Katsutoşi Tanaka və “Silk Way West Airlines”ın Yaponiya üzrə Regional Direktoru Emre Mərcanın dəyərli töhfələrini vurğulamaq istərdim, onların birgə səyləri sayəsində “Silk Way West Airlines” və “Nippon Cargo Airlines” arasında müqavilə imzalanmışdır. Bu müqavilənin imzalanması Silk “Way West Airlines” və Yapon tərəfdaşlarımız arasındakı münasibətlər tarixində yeni bir səhifə açır” – “Silk Way West Airlines”ın prezidenti Volfqanq Mayer belə deyib.
“Silk Way West Airlines”ın 2012-ci ildə əsası qoyulub və hal-hazırda bu şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerikanın ölkələrinə 50-dən artıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 15 Boeing 747-400F və Boeing 747-8F təyyarələrindən ibarətdir. Boeing aviakonserninin məlumatına əsasən, “Silk Way West” donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə ən sürətli böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yeri tutur.
Digər xəbərlər