Saytımızı qiymətləndirin


 
 

Fransanın selektiv ədaləti: Paris korsikalılara ana dillərini niyə qadağan etdi?
Tarix: 13-03-2023 | Saat: 16:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransanın selektiv ədaləti: Paris korsikalılara ana dillərini niyə qadağan etdi?

Fransa bir müddətdir ki, Qarabağ məsələsi nümunəsində Azərbaycanın daxili işlərinə müxtəlif yollarla müdaxilə etməyə çalışır. ATƏT-in Minsk Qrupu çərçivəsində təxminən 30 il özünü vasitəçi kimi təqdim edən Parisin artıq maskasını üzündən çıxararaq açıq şəkildə Qarabağ ermənilərinin separatçı sentimentlərinə rəğbətini ifadə edir.

Arxasında çirkli pulların, korrupsiya gəlirlərinin, seçki maraqlarının dayandığı bu “rəğbət”i isə fransız siyasətçilər bəşəri dəyərlərlə, humanizm prinsipləri ilə pərdələməyə çalışırlar.

Lakin ötən həftə Fransa ərazisi hesab edilən Korsika adasında qəbul edilmiş məhkəmə qərarı Parisin bu dəyərləri necə istismar etməsini bir daha ifşa etdi.

Söhbət ötən həftə Bastiya məhkəməsinin qəbul etdiyi qərardan gedir. Qərara əsasən, ada sakinlərinin ana dili olan Korsikan dilinin Korsika Assambleyasının debatlarında istifadə edilməsi qeyri-konstitusion hesab edilib.

Qeyd etmək lazımdır ki, İtaliya dili ilə oxşarlıqları olan Korsika dili adadakı 150 000 sakinin ana dilidir və UNESCO tərəfindən ölmək təhlükəsi ilə üzləşmiş dil kimi təsnif edilir.

Bastiya məhkəməsi dil məsələsi ilə yanaşı, Korsika xalqının mövcudluğunun təməli olan yerli qaydaları da konstitusiyanın pozulması olaraq görüb.

Məhkəmənin bu qərarı Fransanın mərkəzi hökumətinin adadakı ən ali nümayəndəsi olan Korsika prefektinin qaldırdığı iddia üzrə qəbul edilib.

Bu qərar yerli sakinlərin sərt etirazına səbəb olub, adanın muxtariyyət tərəfdarı siyasətçiləri məhkəmə hökmünü dərhal tənqid atəşinə tutublar.

France24 yazır ki, Korsikanın icraedici şurasının Prezidenti Gilles Simeoni və Korsika Assambleyasının prezidenti Marie-Antoinette Maupertuis birgə bəyanatlarında bildiriblər ki, qərarın məqsədi Korsika parlamentinin üzvlərini debatlarda öz ana dillərindən istifadə etməkdən məhrum etməkdir. Onlar məhkəmə qərarının qəbuledilməz olduğunu, Korsika dilinə bütün Fransada xüsusi status verilməli olduğunu bildirərək qərarla bağlı apellyasiya müraciət ediblər.

Korsikanın müstəqillik tərəfdarı “Core in Fronte” partiyası isə qərarı utancverici adlandırıb.

Korsika Xalq Partiyasının sədri Jan-Kristof Angelini isə Tvitterdə qeyd edib ki, qərar korsikalılara təhqirdir. O, bu addımın ada sakinlərinə sayğısızlıq və ədalətsizlik olduğunu vurğulayıb.

Bir sözlə Parisin tabeçiliyindəki məhkəmə bütün dünyanın gözü qarşısında korsikalıların ana dillərindən oturuşmuş idarəçilik institutlarında istifadə ənənəsinə son verilməsi üçün xalqın iradəsinin ziddinə qərar çıxarır.

Əslində bu özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransanın dili yox olmaq təhlükəsi ilə üzləşmiş korsikalıları assimilyasiya etmək, adadan didərgin salmaq, adanı boşaldaraq özünə qarşı olan müqaviməti qırmağa çalışmaq siyasətinin davamıdır və bu siyasət bir əsrdən çoxdur ki, sistematik şəkildə aparılır. Məsələn, Birinci Dünya müharibəsi zamanı adanın gənclərinin böyük əksəriyyəti ordu sıralarına cəlb edilərək cəbhəyə yola salınırlar. Bu gənclər Fransanın qələbəsində müstəsna rol oynasalar da adanın kənd təsərrüfatına ciddi zərbə dəyir, iş-gücü kəskin azalır. Ada sakinlərinin əhalinin sayına nisbətdə verdiyi itkilərinin sayı da Fransanın əsas hissəsindəki nisbətlə müqayisədə iki dəfə çox olur. Bundan başqa, Fransanın tətbiq etdiyi iqtisadi siyasət adanın yerli ixracını məhv edir, yoxsullaşmış sakinləri Fransaya, Amerikaya köçməyə məcbur edir. Ötən əsrin ortalarında isə adada yeraltı atom bombası sınaqları keçirilir və sakinlər növbəti dəfə köç etməyə məcbur edilirlər.

Bu, həmin Fransadır ki, Qarabağ separatçılarına dəstək verir, onları motivasiya edir, aşkar-gizli dəstəkləyir. Fransa haqqında danışdığı dəyərlərə sadiqdirsə, diqqətini əvvəlcə Korsika adasına yönəltməlidir, çünki korsikalıların azadlıq mübarizəsinin tarixi Qarabağdakı erməni separatizmi kimi 30 tarixə malik deyil, yüz illər geriyə gedir.

Beləcə, özünü Avropa xalqlarının ağası kimi aparmağa çalışan Parisin selektiv ədaləti onu gülünc vəziyyətə salır.(Apa)



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər