“Bako Saakyandan sonra Qarabağda “hakimiyyət”ə gələn Arayik Arutyunyan hər zaman Nikol Paşinyanın adamı kimi bilinib. Əlbəttə ki, müharibənin gedişatında cinayətlər işləmiş, Bərdə, Tərtər və Gəncədə sivil insanlara bombalar atılmasını etiraf etmiş bir insanın reputasiyası çox aşağı səviyyədə olduğu üçün Baş nazir Paşinyan, eləcə də Arutyunyanın yeni sahibi olan Moskva belə ondan imtina edir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.
Analitik “Hraparak” nəşrinin “Paşinyan Qarabağdakı “hakimiyyət”ə öz adamını təyin etmək istəyir” başlıqlı məqaləsinə, habelə Ermənistan siyasi elitasının Qarabağdakı rıçaqları yenidən ələ alması məsələsinə toxunub.
F. Abbasova görə, Kreml bundan sonra Qarabağa Ruben Vardanyanı göndərdi, amma onun da Rusiyanın adamı olduğu bəri başdan məlum idi:
“Çünki Moskvanın əmrləri olmadan Vardanyanın bir addım belə atmayacağını çox yaxşı bilirdi. Onun da səs-sorağı Moskvadan gəlir. Vardanyanın Qarabağı tərk etməsi isə ayrıca bir sualdır”.
Politoloq söyləyib ki, bugünkü gündə erməni tərəfi Qarabağda yeni bir lider axtarışlarındadır ki, onu danışıqlarda üzə çıxarmağa utanmasın, abırlı, reputasiyası təmiz olsun, yaxud Vardanyan kimi dələduz milyarder, ya da Arutyunyan kimi əli qana bulaşmış bir terrorist olmasın:
“Buna görə də axtarışlar davam edəcək. Lakin burada çox vacib bir məqam var: Azərbaycan onu qəbul edəcəkmi? Çünki Azərbaycanın Qarabağda qəbul edəcəyi yeganə insan Azərbaycanın təyin etdiyi insandır, nəinki Moskva və İrəvan”.
Müsahibimizin fikrincə, Vardanyanın gedişindən sonra Qarabağ ermənilərinə lider axtarışlarının nəticəsi Azərbaycanı qane etməyəcək:
“Çünki bu, erməni, yaxud ruslar tərəfindən təyin olunmuş adamlar olacaq. Əgər Azərbaycanın oradakı ermənilərin iştirakı ilə keçirdiyi seçki nəticəsində lider axtarışları müsbət yekunlaşarsa, yalnız bundan sonra biz Qarabağ ermənilərinin liderini qəbul edə bilərik. Başqa cür imkanı yoxdur”.
Siyasi şərhçinin sözlərinə görə, Qarabağ bölgəsi Ermənistanda çox ciddi bir ictimai rəy formalaşdırır:
“Hətta birinci müharibədən sonra Qarabağdan çıxmış erməni liderlər – Rober Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri Ermənistanda uzun illər boyunca yüksək vəzifələr tutmuş adamlar idi. Hərçənd ki, hər birinin üzərində bu saat cinayət işi var”.
Mütəxəssis təsdiqləyib ki, erməni tərəfi bunu çox yaxşı başa düşür ki, Qarabağda ermənilərin rəhbərliyinə gətirilən hər hansı bir insan Ermənistanda söz sahibi olacaq və ictimai rəyi formalaşdıracaq:
“Bunu Moskva da çox yaxşı bilir. Ona görə də Qarabağda öz adamını təyin etmək hissi həm Moskvanı, həm də İrəvanı narahat edir. Yəni Qarabağ həm Moskvanın, həm də İrəvanın Ermənistanı idarəetmə metoduna çevrilib. Sarkisyanla Koçaryan örnəyi bunu çox bariz şəkildə göstərdi”.
O, həmçinin, xatırladıb ki, Ermənistanda, ələlxüsus da Paşinyan tərəfdarları “Qarabağ klanı”na qarşı çıxırlar:
“Yəni Qarabağdan çıxmış hər hansı bir adamın gəlib Ermənistanda bu və ya digər şəkildə vəzifə sahibi olmasını qəbul etmirlər. Amma Moskvanın planları başqadır. Moskva Qarabağı axıra qədər istifadə edib Ermənistanda öz mövqelərini möhkəmlətmə və Ermənistan ictimaiyyətinə təsir göstərmək məqsədilə istifadə edəcək”.
Ekspert bəyan edib ki, ona görə də həm Moskva, həm də İrəvan Qarabağda lider axtarışlarında rəqabətə girəcəklər:
“Artıq bu rəqabətdə kimin qalib gələcəyini zaman göstərəcək. Amma yenə də təkrarlamaq istərdim ki, Azərbaycan bu rəqabəti öz əlinə alıb Qarabağ ermənilərinə şəxsən təyin etdiyi lider axtarışlarında olmalıdır ki, o insanla görüşmələrə getsin. Məncə, nə Moskvanın, nə də İrəvanın təyin etdiyi adamla görüşməyə getmək düzgün olmayacaq”.