Saytımızı qiymətləndirin


 
 

Rusiya yenə Gəncəni seçib?
Tarix: 14-02-2023 | Saat: 17:12
Bölmə:Karusel / Region | çapa göndər

Moskvada Milli Məclisin sədri Sahibə Qafarova olmaqla bir qrup azərbaycanlı deputatla görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirərək maraqlı təklif irəli sürüb: “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”. Yəni Matviyenko demək istəyib ki, “baş konsulluğun açılmasına icazə verin, tərəfdaşlığımız daha da güclənsin”. Bu mümkündürmü?

 

Sahibə Qafarova Valentina Matviyenkodan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. O da ikitərəfli əlaqələrin yüksək qiymətləndirərək, Rusiyanı Qərblı əvəz etməyə çalışan İrəvanı bu sözlərlə xəbərdar edib: “Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.

Kreml bu dəfə Vyaçeslav Volodinin vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazı qaldığını göstərib. Paşinyanın Avropa İttifaqı, o cümlədən fransalı müşahidəçiləri Azərbaycanla təmas bölgəsinə dəvət etməsi Rusiyanın regional maraqlarına ziddir. Bu gedişat Azərbaycanın maraqlarına uyğundur.

Buna baxmayaraq, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi ciddi araşdırılmalıdır. Böyük ehtimalla Moskva baş konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açmaq istəyir. Rusiya Gəncədə baş konsulluğu olan Türkiyədən geri qalmaq istəmir. Rəsmi Bakının Rusiyanın Azərbaycanda səfirlikdən başqa baş konsulluq xidmətinin açılmasına qısa müddətdə icazə verəcəyi çətindir. Rusiya öz agentura şəbəkəsi vasitəsilə bir dəfə Gəncədən qiyam məqsədilə istifadə edib. Bu bizə dərs olub. Ona görə tələsmək lazım deyil. Kreml Azərbaycanı tərəfdaş adlandırsa da, bölgədə separatizmi dəstəkləyir, Qarabağ separatçılarının liderlərini Moskvaya çağıraraq onlara bizə bəlli olmayan təlimatlar verir. Bu Rusiyanın Azərbaycana xoş olmayan siyasətidir. Moskvaya belə bir mesaj verilə bilər ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edən kimi Azərbaycan ərazisində baş konsulluğun açılmasıyla bağlı müsbət qərar veriləcək. Yəni baş konsulluğun açılmasını hərbi kontingentin Azərbaycanı tərk etməsiylə əlaqləndirmək lazımdır.(visiontv.az)

 

Elxan Şahinoğlu

 



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər