Saytımızı qiymətləndirin


 
 

“Lomka”sı gələndə anasının boyunbağısını da dartıb aparır ki...”  
Tarix: 13-02-2023 | Saat: 12:21
Bölmə:Karusel / Sosial | çapa göndər

“Lomka”sı gələndə anasının boyunbağısını da dartıb aparır ki...”  

Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır.  Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməyib. Ekspertlərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, narkomaniya ilə mübarizə ümumxalq işinə çevrilməlidir:

“Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mollalara bir göstəriş verməli, təlim keçməlidir ki, onlar yas mərasimlərində həm terrordan, həm casusluqdan, həm də narkomaniyadan danışsınlar. Axı Quran bunu qadağan edir, islam buna “yox” deyir. Bu da çox ciddi addımdır.

Bizim gənclərimizin çoxu elə narkotik vasitələrin təsiri altında gedib başqa ölkələrdəki terror qruplarına qoşuldular. Nə qədər gənc İŞİD-ə qoşuldu. Ona görə bu mübarizə hərtərəfli olmalıdır. Məktəblərdə, universitetlərdə, iş yerlərində iclaslar olur, həmin iclaslarda 10 dəqiqəlik vaxtı bu bəlaya ayırmaq olar. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dini qurumlar hamısı birlik olmalıdır. Bizim narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı milli fəaliyyət planımız var, amma o bəzən virtual xarakter daşıyır. Biz az səthidir. Dövlət qurumları bu barədə hesabat verirlər, amma bu hesabatlar reallığı əks etdirmir. Onlar hesabat xətrinə hesabat verirlər. Bu bizə lazım deyil. Ölkədə reallığı əks etdirən hesabat lazımdır ki, görək hansı dövlət qurumu nə iş görüb. Burada bütün güc Daxili İşlər Nazirliyinin çiyninə düşür”. 

Ş. Əliyev bu bəlanın başqa cinayətlərə də rəvac verdiyini xatırladıb:

“Narkomaniya cinayətkarlığın artmasına da rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Buna baxmayaraq, gənc nəslin bəzi nümayəndələrinin narkotiklərin gətirdiyi fəlakətlər haqqında yetərli təsəvvürü və məlumatı yoxdur. Narkomanlığın yayılması cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər cəmiyyət üçün təhlükə mənbəyi kimi çıxış edirlər. Cinayətlərin statistikasına baxsaq, artımı aydın müşahidə edə bilərik. 

Mən düşünürəm ki, bu mübarizədə narkomanların da təcrübəsini anonim şəkildə yayımlamaq olar. Çünki bəzən valideynlər narahat olurlar ki, birdən danışar, uşağını tutub apararlar. Onlara “ambisiya”lar tətbiq edilsin, gedib müalicə olunsunlar, sonra cəmiyyətə geri qayıtsınlar. 

Onlar bəzən məsləhətə qulaq asmırlar. Çünki “lomka”sı gələndə anasının boynundakı qızıl sepi də dartıb aparır ki, təki ehtiyacını ödəsin. Ölkədə çox çətin vəziyyət yaranıb. Hamımız bu bəlaya “yox” desək, çox şey əldə oluna bilər”.

Hüquqşünas bu mövzuda çəkilən reklamların uğursuz olduğunu deyib:

“Bu gün narkomaniya mövzusunda çəkilən reklamlarımıza baxın. Düzdür, bu mövzuda videoçarxlar, tez-tez çəkilir, amma bu reklamlar çox bayağıdır. Reklamları çəkəndə ssenarist, rejissor düşünməlidir. Onlar narkomanın vəziyyətini sözün əsl mənasında insanlara göstərə bilməlidirlər, bu bacarıq olmalıdır. Yoxsa çəkilən reklamlara baxırsan, guya narkoman qadındır, oturub rahat, səlis danışır, gözəl xanımdır, yaxud yaraşıqlı oğlandır. Tamamilə bayağıdır, şitdir, sünidir, reallığı əks etdirmir. Bu məsələyə rejissorlar mütləq professional yanaşmalıdırlar. Hətta yazıçılar narkomaniya ilə bağlı əsərlər yazmalıdırlar. Həmin əsərlər o həddə olmalıdır ki, insan oxusun və sonda özünü, ailəsini narkomaniyadan qorumaq üçün tədbirlər həyata keçirsin. Çünki artıq həqiqətən həyəcan təbili çalmağın vaxtı çatıb. Bu məsələyə barmaqarası baxmaq olmaz. Bir binada hansısa mənzildə bir narkoman varsa, bina ən ağrılı, bəlalı günlərini yaşayacaq deməkdir”. 



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər