Saytımızı qiymətləndirin


 
 

"Bu, Qafqaz Evinin yaradılmasına və Rusiyanın bölgədən çıxarılmasına çox ciddi təkan verər...”
Tarix: 21-01-2023 | Saat: 14:05
Bölmə:Karusel / Region | çapa göndər

“Cənubi Qafqazın hər üç ölkəsində demokratik qaydalar öz təsbitini taparsa və həmin ölkələr arasında heç bir ziddiyyət olmazsa, Qərbin, ABŞ və Avropanın dəstəyini qazanmaq, özü də birlikdə tamamilə mümkündür...”
Ukraynadakı ağır hərbi məğlubiyyətinə, daxilindəki iqtisadi və siyasi böhrana  rəğmən Rusiya imperiyasının istər Güney Qafqaz, istərsə də Mərkəzi Asiyadan ayağını tam kəsmək böyük müşkülə dönüb. Təbii ki, burada keçmiş müttəfiq respublikaların hakimiyyətlərində on illərlə oturuşmuş, əksər dövləti və həyati sahələrdə şəbəkələşmiş “5-ci kalon”ların, “KQB”-“FSB”- korrupsiya şəbəkələrinin böyük rolu var... 
 
“Qafqazın üç ölkəsi səylərini birləşdirsə, region daha təhlükəsiz olar”... Azərbaycan Prezidenti İlham Əliyev bu fikri yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında vurğulayıb...
 
Hipotetik olaraq təsəvvür edək ki, Kremlin Ukraynada dərin bataqlığa düşməsi fonunda hər üç Güney Qafqaz respublikasının başında Rusiyaya qarşı daha sərt, barışmaz münasibətdə olan liderlər var və onlar aralarındakı ziddiyyətləri də kənara qoyub Moskvaya qarşı birgə, mümkün qədər kəskin demarşlar edirlər, mübarizə aparırlar, Avropa və ABŞ da onlara yetərli dəstək verir – müsbət nəticə alınarmı? Yəni bu minvalla Rusiyanın ayağını  regiondan tam kəsmək olarmı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
 
“Əgər 3 Qafqaz ölkəsinin üçündə də təbii ki, hipotetik baxımdan demokratik seçilmiş, yəni xalq qarşısında öhdəlikləri, hesabatları olan hakimiyyətlər olarsa və onlar aralarındakı bütün ziddiyyətləri çözərlərsə, şübhəsiz ki, demokratik dünya onlara dəstək dura bilər və duracaqdı da... Bunun nümunələri var. Məsələn, unutmayaq ki, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü elə bir həddə gəlib çatmışdı ki, Rusiya qoşunları faktiki olaraq paytaxt Tbilisinin 40 kilometrliyində idilər. Yəni Qori şəhərinədək gəlib çıxmışdılar. Bundan sonra Qərb ölkələri Fransanın o zamankı prezidenti Nikola Sarkozini danışıqlar aparmaq üçün Putinin yanına göndərdi. Əlbəttə, biz o danışıqların məzmununu bilmirik. Onların arxasında nələrin dayandığını, o cümlədən Qərbdən gələn təkliflərin hansılar olduğunu bilmirik. Şübhəsiz ki, orada sərt xəbərdarlıqlar vardı. Və məhz sərt xəbərdarlıqlar olduğundan da Moskva öz qoşunlarını geri çəkməyə məcbur oldu. Mən əminəm ki, Cənubi Qafqazın hər üç ölkəsində demokratik qaydalar öz təsbitini taparsa və həmin ölkələr arasında heç bir ziddiyyət olmazsa, Qərbin, ABŞ və Avropanın dəstəyini qazanmaq, özü də birlikdə tamamilə mümkündür. Ziddiyyətlərə gəldikdə, düşünürəm ki, bugünkü mərhələdə onlar faktiki çözülmək üzrədir. Məsələn, Gürcüstanla Azərbaycan arasında heç zaman, heç bir ciddi ziddiyyət olmayıb. Gürcüstan elə 44 günlük savaşda da Azərbaycanın mövqeyindən çıxış edib, öz ərazisindən, o cümlədən də hava məkanından Ermənistana silah-sursat keçirilməsinə qadağa qoysa da, Ermənistan-Gürcüstan münasibətləri də kəskinləşməyib. Ermənistanla münasibətlərimizdə Ermənistanın Azərbaycana ərazi iddiaları var. Lakin İrəvandakı hakimiyyət  həmin iddialardan, demək olar ki, imtina edib. Yəni bir daha deyirəm ki, bölgədə demokratikləşmə baş verərsə, əlbəttə ki, Qərb tərəfindən dəstək qazana bilər və buna mənim zərrə qədər də şübhəm yoxdur. Və bu, eyni zamanda hər üç ölkənin öz müstəqilliyini qorumasına, Qafqaz Evinin yaradılmasına və Rusiyanın bölgədən çıxarılmasına çox ciddi təkan vermiş olardı...”


Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər