Tarix: 22-10-2021 | Saat: 12:36
Bölmə:Karusel / Multimedia | çapa göndər
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Taleh İbrahimov çıxış edib.
Vəkil Rövşən Əkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Rövşən Əkbərovun bu cinayətə aidiyyəti yoxdur. Törətmədiyi cinayət əməlinə görə burda mühakimə olunur. Hadisə 20 il əvvəl törədilib. Dəfələrlə şahidlər ifadə verib, bir nəfər ifadəsində hadisənin Rövşən Əkbərov tərəfindən törədildiyini deməyib. Bu işdə istintaq orqanı tərəfindən 10 şahid ifadəsinə istinad edilib. Lakin onlardan heç biri hadisəni görməyib. Mərhum Elçin Əliyevin yanında yalnız hazırda dünyasını dəyişən Məzahir Şıxəliyev olub. O da ifadəsində içkili olduğundan hadisəni kim tərəfindən törədildiyini görmədiyini deyib".
Vəkil deyib ki, iş üzrə şahidlər barəsində cinayət işi başlanmalıdır: "Məsələn, iş üzrə şahidlərdən Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. O zaman guya Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı, deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib? Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün barəsində istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o bəzi şəxslərin təsiri altına düşərək Rövşən Əkbərov barəsində yalan ifadə verib. Bu səbəbdən onun yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik”.
Sonda vəkil Rövşən Əkbərov barəsində bəraət hökmü çıxarılmasını istəyib və zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılmış mülki iddianın təmin edilməməsini xahiş edib.
R. Əkbərovun digər vəkili çıxışa hazır olmadığını deyib.
Bu səbəbdən məhkəmədə oktyabrın 27-nə qədər fasilə elan edib.
Məhrum Elçin Əliyevin anası Səmayə Əliyeva iclas bitəndən sonra vəkilin çıxışına etiraz edib. O, oğlunu Rövşən Əkbərovun öldürdüyünü deyib: "Silah verin, məni öldürsün. Oğlumu necə öldürübsə, məni də elə öldürsün".
R. Əkbərov isə Səmayə Əliyevaya Elçin Əliyevi öldürmədiyini deyib: "Bunu mən etməmişəm. Siz bu işi yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın".
Qeydə edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər