Saytımızı qiymətləndirin


 
 

Ermənistanda 15 əsgərin diri-diri yandığı partlayışda Rusiya izi
Tarix: 19-01-2023 | Saat: 16:36
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda 15 əsgərin diri-diri yandığı partlayışda Rusiya izi

Bu gecə Ermənistanın Geqarkunik (Göyçə) mərzinin Azat (Ağkilsə) kəndi yaxınlığında yerləşən “N” saylı hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Məlum yanğından sonra Baş nazir Nikol Paşinyan ictimaiyyətə lazımi açıqlama versə də, sosial şəbəkələrin erməni seqmentində, habelə bir sıra erməni “Telegram” kanallarında bu hadisənin təxribat olmasıyla bağlı möhtəkirliklər bitib-tükənmir. Son günlər Paşinyan iqtidarının Rusiya ilə əlaqə iplərini qoparması da ermənilərə görə faciədə “rus barmağı”nın olmasına işarədir.

Yenisabah.az-a açıqlamasında məlum partlayışı şərh edən politoloq Tural İsmayılov söyləyib ki, istənilən halda Rusiyanın Ermənistana təsir imkanları çox genişdir:

“Bu baxımdan, hərbi hissənin yanması nəticəsində 15 nəfərin ölməsi və xeyli sayda yaralının olması hansısa bir təxribatın da nəticəsi ola bilər.

Ermənistan hakimiyyəti Qərbə yarınmaq üçün Rusiya əleyhinə ritorika aparır. Bu sərt siyasi xətt fonunda Rusiyanın açıq şəkildə şübhələri üzərinə yönəldəcək addımları atmasına inanmıram. Çünki Rusiyanın Ermənistana təsir edəcək kifayət qədər başqa imkanları mövcuddur. Bu imkanların içərisində ən əsası budur ki, Ermənistan öz sərhədlərini qorumaq üçün Rusiyadan asılıdır, eləcə də dövlət büdcəsi nə qədər Qərbdən gələn ianələrdən asılı görünsə də, əslində, birmənalı şəkildə Rusiya kapitalı Ermənistanı dövlət olaraq ayaq üstə saxlayan ən önəmli vasitələrdən biridir. Belə məqamlar var olduqca, hesab etmirəm ki, Rusiya Ermənistana təzyiq göstərmək üçün hansısa hərbi hissədə yanğın törətdirsin”.

T. İsmayılova görə, hadisənin gedişatının təbii bir hadisə kimi qələmə verilməsi normaldır:

“Başqa təxribatlar da ola bilər. Hətta bunun daha çox Rusiya mənşəli deyil, əksinə, daxili anlaşılmazlıqlar fonunda baş vermə ehtimalının da kifayət qədər güclü olduğunu düşünürəm. Yəni ölkə daxilindəki ayrı-ayrı qruplar təxribat törətməkdə maraqlı ola bilər. Amma hər halda “Rusiya izi” burada aydın sezilsə də, indiki məqamda Rusiya tərəfinin belə bir addım atacağını fikirləşmirəm”.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər