Saytımızı qiymətləndirin


 
 

Sosial artımlar kimləri SEVİNDİRDİ...
Tarix: 14-01-2023 | Saat: 10:58
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Sosial artımlar kimləri SEVİNDİRDİ...

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla sosial müavinətlər, təqaüdlər və əməkhaqları artırılıb.  Artım ölkə üzrə 800 mindən çox insana şamil olunur. Cari il üçün nəzərdə tutulan islahat paketi isə ümumilikdə 1 milyon 900 min insanı əhatə edir. Bunun üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq.

 

Təqaüdləri artırılan şəxslər sırasında magistr, tələbə və doktorantlar da var. Rəsmi statistikaya əsasən, 150 min tələbə və doktorantın aylıq təqaüdləri artırılıb.

 

Bəs, sosial müavinət və təqaüdlərin məbləğinin artırılması əhalinin yaşayışına necə təsir edəcək? 

 

Mövzu ilə bağlı Qarabaqinfo.az danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ilk növbədə tələbə təqaüdlərinin artırılması təhsilalanlar üçün faydalı olacaq:

 

“Bakalavr, magistratura və doktorantura üzrə təhsilalanların təqaüdləri mütənasib şəkildə artırıldı. Eyni zamanda ortaixtisas və peşə təhsili müəssisələrində də biz bu artımları müşahidə etdik. Məhz bu artımlar, xüsusilə də, təhsil üçün rayondan paytaxta və digər böyük şəhərlərə üz tutan tələbələrə artan xərclərini ödəmək baxımından şərait yaradacaq. Hesab edirəm ki, artımlar vacib və faydalıdır”.

 

Ekspert qeyd edib ki, 15 faizlik maaş artımı qurumlar üzrə 17 istiqaməti özündə ehtiva edir:

 

“Bunlardan biri icra hakimiyyəti orqanlarının mühasibatlığına aiddir ki bütün regionları əhatə edir. Digər 16 istiqamət isə mərkəzi icra hakimiyyətləri orqanlarının tabeliyində olan alt qurumların əməkdaşları və müəyyən mərkəzlərlə bağlıdır. Faiz baxımından böyük artım məhz şəhid ailələrinə verilən Prezident təqaüdündə özünü göstərdi. Burada söhbət 20 faizlik artımdan söhbət gedir”.

 

İqtisadçı ekspert vurğulayıb ki, sosial müavinətlərin məbləğində edilən artımlar da nəzərəçarpandır:

 

“Sosial müavinətlər üzrə artımlar özündə 7 istiqaməti ehtiva edir. Dəfn üçün, bir yaşına qədər uşaqlı aztəminatlı ailələr, ailə başçısını itirməyə və yaşa görə, eləcə də digər istiqamətlərdə artım var. Bu istiqamətlər olduqca vacibdir. Fikrimcə, yeni doğulan uşağa görə verilən müavinətin artırılması vacibdir. Ən böyük artım da bu istiqamətdə edilib. Belə ki, müavinətin məbləği 300 manatdan 500 manata yüksəldilib. Faizlə desək, söhbət 66,6 faizlik artımdan gedir. Bilirik ki, regionlarda ailəyə yeni uşaq gələn zaman ailəni sevinməyə qoymayan bir fakt vardı, o da doğum xərcləridir. Yəni, valideynlərdən biri fiziki, digəri isə maddi ağrı çəkirdi. Sözügedən 66,6 faizlik artım nəticədə maddi ağrını azaldacaq və ailələrin rahatlıqla sevinməsinə imkan verəcək”.

 

Bəs, sözügedən artımlar süni bahalaşmaya səbəb ola bilərmi?

 

E.Əmirov suala cavabında deyib: “Hesab edirəm ki, artımlar dövriyyədə olan pul kütləsini müəyyən şəkildə artıracaq. Bu da qiymətlərin müəyyən qədər artmasına şərait yaradacaq. Artımlarla bağlı fərmanlar qiymət artımına güclü təsir edir. Lakin qiymətlərin artımı da istisna deyil. Şübhəsiz ki, sosial müavinətlərin, təqaüdlərin, maaşların artırılması sosial cəhətdən zəif ailələrə çox böyük yardımı olacaq”.MODERN.AZ



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər