Saytımızı qiymətləndirin


 
 

Laçın yolunun harada olduğunu bilməyənlərin “yolu açın” davası...
Tarix: 21-12-2022 | Saat: 10:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın yolunun harada olduğunu bilməyənlərin “yolu açın” davası...
Ermənistanın sorğusu əsasında bu gün( NyuYork vaxtilə dünən) BMT Təhlükəsizlik Şurası Laçın dəhlizində vəziyyəti müzakirə edib. Müzakirənin necə keçəcəyini və hansı çağırışların olacağını təxmin etmək elə də çətin deyildi. Təhlükəsizlik Şurasında ermənilərin böyük bacısının qabağa düşəcəyi məlum idi və belə də oldu. Fransa təmsilçisi digərlərindən fərqli olaraq daha sərt dildə “ heç bir şərt olmadan təcili dəhlizin açılmasına” çağırış edib.  ABŞ nümayəndəsi yolun bağlanmasının “qəbuledilməzliyini və tezliklə nəqliyyatın hərəkətinin bərpasına çağırıb. Çin, Böyük Britaniya da bu qəbildən çağırışlar edərək yolun açılmasının zərurliyini vurğulayıblar. Rusiya yaxın günlərdə nəqliyyat vasitələrinin hərəkətinin bərpa olacağını və ölkəsinin zəruri tədbirlər gördüyünü qeyd edib. Braziliya, Meksika, Norveç, İrlandiya, Hindistan, hətta Keniya təmsilçiləri də Laçın yolunun açılması çağırışlarını səsləndiriblər. 
Adam az qalır bu adı çəkilən ölkələrin nümayəndələrinə sual versin ki, Laçın yolunun harada olduğunu bilirsinizmi? Yəqin, heç xəritədə belə göstərə bilməzlər. Bu çağırışlardan heç narahat olmağa dəyməz. Bu çağırışlar bir tərəfə, BMT TŞ-nin Ermənistanın Azərbaycan torpaqlarından çıxması üçün qəbul etdiyi dörd qətnaməni ermənilər 27 il veclərinə almadılar, sonda Azərbaycan əsgəri işi həll etdi. İndi adamdan soruşarlar ki, hansı üzlə bizə çağırış edirsiniz və kimin müraciəti əsasında? Sizləri illərlə saya salmayan bir dövlətin müraciətinə nə tez reaksiya verdiniz? Fransaya sual ünvanlamaq lazımdır ki, yolu açmağı tələb edirsiniz ki, növbəti seçkinizdə də prezidentliyə namizədiniz sərbəst gəlib Azərbaycan torpağında seçki kampaniyası aparsın? Bu ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, Sizlər ölkənizə hansısa terror təkilatının silah daşımasına və o silahları Sizə qarşı istifadə etməsinə imkan verirsiniz? Silah nədi, heç şəkərburanı, hansısa milli yeməyi belə sərhədinizdən buraxmadığınız halda, niyə üstümüzə tuşlanacaq silahların, hərbi texnikanın keçirilməsinə biz göz yummalıyıq? Meksikalılar sərhədə barı çəkən ABŞ-dan da BMT-yə şikayət ediblərmi? Bunu da “humanitar katastrofa” hesab edirlərmi? Bəs, ölkənizdən sərvətlərinizin xəbəriniz olmadan daşınmasına icazə verirsinizmi? Avropadan, eləcə də Rusiyadan bir məşhur rəsm əsərinin hələ orijinalını yox, surətini belə çıxaranda xüsusi icazə və rüsum istəyirsiniz, o zaman bizim qızılın, misin, digər təbii sərvətlərimizin ölkədən çıxarılmasının, ümumiyyətlə istismarının qarşısını almaq istəyəndə niyə Təhlükəsizlik Şurasının iclasını çağırırsınız? 
 
Bu ikili standart sahiblərinə xeyli sual ünvanlamaq olar, amma bizə onların ikiüzlü cavabları lazım deyil, biz öz işimizdə olmalıyıq. On gündür ki, Laçın yolunda vətəndaş cəmiyyətinin aksiyası davam edir və bizim şərtlər qəbul edilənədək davam da etməlidir, edəcək. Şərtimiz yalnız ekoloji fəlakət yaşanan yerlərdə monitorinq aparmaq deyil. Şərtimiz ilk növbədə Laçın yolundakı dövlət sərhədində nəzarət buraxılış məntəqsinin yaradılması və Rusiya sülhməramlıları ilə birgə nəzarətin həyata keçirilməsidir. Bu şərt qəbul olunmadığı halda Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana adekvat yolun açılması şərti irəli sürülməlidir. Paralel olaraq 10 gün müddətində erməni silahlı qüvvələrin Azərbaycandan çıxarılmasına vaxt qoyulmalıdır. Əks halda hərbi gücün tətbiqi barədə Rusiya sülhməramlılarına xəbərdarlıq edilməlidir. 
 
Biz bu aksiyamızdan heç vaxt, “humanizm naminə” deyib, geri çəkilə bilmərik. Bu, olduqca neqativ presedent ola bilər. Qazın verilməsini qələbələri kimi təqdim edən Ruben Vardanyana ikinci belə bir şans verə bilmərik ki, o da özünü milli qəhrəman hesab etsin, separatçılara ümid vermiş olsun. 
 
BMT-nin müzakrəsini və çağırışlarını, Roma papasının “dəhliz narahatlığını”, bir sıra dövlətlərin bizə ünvanlanan tələb və çağırışlarını ciddiyə alıb bizi qınayan özümüzünkülər də var. Sosial şəbəkələrdə bu adamların açıq şəkildə ermənilərin “humanitar fəlakət” yaşadıqlarını dilə gətirməsi, Azərbaycanın siyasətini tənqid etməsi anlaşılan deyil. Belələrinə də sual veririk:” Sizlər kimin əmisi oğlusunuz”?


Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər