Tarix: 12-12-2022 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunması müsbət addım kimi qiymətləndirilir. Qardaş ölkənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığına rəhbərlik edən Ersayın kifayət qədər təcrübəli zabit olması heç kimə sirr deyil. Bu baxımdan onun Azərbaycan Ordusunun yenilənməsi və Silahlı Qüvvələrimizdə Türkiyə modelinin tətbiqi istiqamətində böyük işlərə imza atacağı gözləntilər sırasındadır.
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, general Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi tarixi hadisədir:
“Türkiyə Ordusunun döyüş təcrübəsinə malik general-polkovniki Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunması, ordumuzun daha da inkişafına töhfə verəcək, Azərbaycan Ordusunun daha modern, NATO standartları çərçivəsində fəaliyyət göstərməsinə şərait yaranacaq. Çünki Bəxtiyar bəy həm terrorçuluqla mübarizədə, həm ölkə daxilində (Türkiyədə-red) baş verən proseslərdə ordu hazırlığını mükəmməl bilən zabitlərdən biridir.
Mənim arzum odur ki, Bəxtiyar Paşa Türkiyədə göstərdiyi aktivliyi burada da göstərsin, söz sahibi olsun. 44 günlük Vətən savaşında onun əvəzsiz rolu olub. Tək onun yox, qardaş ölkəni təmsil edən digər mütəxəssislərin tövsiyələri, təklif etdikləri döyüş variantları bizim üçün həlledici rol oynayıb”.
Hərbi ekspert Türkiyə vətəndaşının Azərbaycanın hərbi sistemində vəzifəyə gətirilməsinin heç kimdə təəccüb doğurmadığını söyləyib:
“Müstəqillik qazandığımız dövrdən təkcə Müdafiə Nazirliyində yox, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, digər güc struktutrlarında Türkiyə təlimatçıları həmişə olub. Biz “iki dövlət, bir millət”ik deyirik. Ona görə də, burada gizlədiləsi nəsə yoxdur. Artıq Ersayın vəzifəsi elan olunub. Müşavirələrdə çıxışlar edir. Müdafiə Nazirliyinin keçirdiyi müşavirələrdə, təlimlərdə bilavasitə iştirak edir. Mən istərdim ki, Müdafiə Nazirliyinin rəhbərliyində olan, lakin döyüş təcrübəsi olmayan gənc generallarımız Bəxtiyar Paşanın təcrübəsindən maksimum faydalansınlar".
Ü.Cəfərovun fikrincə, Bəxtiyar Ersay gələn ilin avqustunda Azərbaycanı tərk edə bilər:
"Bəxtiyar Paşa Azərbaycana ezam olunub. Ola bilsin ki, gələn ilin avqust ayında onun xidməti yeri dəyişdirilsin. Qardaş Türkiyədə albayların Paşa rütbəsinə qaldırılması, generalların daha yüksək vəzifəyə təyin olunması ildə bir dəfə avqust ayında Yüksək Əsgəri Şurada təsdiqlənir. Beləliklə, hələ gələn ilin avqustuna qədər vaxt var. Tək döyüş hazırlığında yox, hərbi təhsil, hərbi tibb, sənaye sahələrində də onun təcrübəsindən faydalanmaq lazımdır”.
Qeyd edək ki, general B.Ersay əslən Türkiyənin Tunceli vilayətinin Çemisgezek mahalındandır. O, İşıklar hərbi liseyində, sonra hərbi akademiyada təhsil alıb. Akademiyanı kapitan rütbəsilə bitirən Ersay hərbi attaşe kimi Türkiyəni Tunisdə təmsil edib.
Müəmmar Qəddafinin ölümü ilə Liviyada baş verən qarmaqarışıqlıq zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B.Ərsay dayanmışdı.
Son illər Türkiyədə PKK-ya qarşı ən böyük antiterror əməliyyatları həyata keçirən generallardan biri də B.Ersaydır.
General B.Ersayın sonuncu vəzifəsi Türkiyə Quru Qoşunları komandanının əməliyyat məsələləri üzrə müavini postu idi.
General Ersay 2020-ci ildəki Vətən müharibəsi zamanı Türkiyə Ordusunun Azərbaycandakı Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilmişdi.
Digər xəbərlər