Saytımızı qiymətləndirin


 
 

Valideynlərin pulu cibində qalacaq: ”Şagirdlər kursları gəzməyəcək, əgər...
Tarix: 07-12-2022 | Saat: 17:54
Bölmə:Karusel / Təhsil | çapa göndər

Valideynlərin pulu cibində qalacaq: ”Şagirdlər kursları gəzməyəcək, əgər...”Ölkənin Ölkənin məktəb və təhsil sistemindən bəhs edərkən repetitorluq əsas müzakirə mövzularından biridir. 

 

Artıq neçə illərdir ki, şagirdlərin səhərlər məktəbə, dərsdən sonra repetitor yanına hazırlığa “qaçması” adi hal alıb. 

Qeyd edək ki, bir vaxtlar ancaq yuxarı sinif şagirdləri əlavə hazırlığa gedirdisə, illər keçdikcə daha aşağı siniflərdə, hazırda elə 1-ci sinifdən bunu görmək mümkündür. 

Bu gün cavabı tapılmayan suallardan biri odur ki, əgər şagirdlər təhsil almaq üçün məktəbə gedirsə, o zaman əlavə repetitora nə ehtiyac var, yaxud əksinə. 

Həmçinin səslənən suallardan biri də odur ki, şagirdlərin repetior yanına getməsi məktəblərdə müəllimlərin biliyi ilə bağlı problemdənmi qaynaqlanır, yoxsa DİM-in qəbul proqramları ilə bağlıdır? 

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, repetitorluq imtahanların ixtisaslar üzrə test üsulu ilə keçirilməsinə bağlı məsələdir:

“Çünki test tətbiq olunmayana qədər bizim pedoqoji termində repetitorluq olmayıb. Biz onu ancaq xarici ədəbiyyatlarda oxumuşuq. Ancaq 90-cı illərin əvvəlində qəbul imtahanı ixtisaslar üzrə mərkəzləşdirilmiş şəkildə test formasında keçirilməyə başlayıb, ondan sonra repetitorluq yarandı və tədricən inkişaf etdi. Hazırda repetitorluq məsələsinə istər mütəxəssislər, istərsə də rəsmilər tərəfindən birmənalı cavab yoxdur.

Elə vəziyyət yaranıb ki, sanki repetitorluğun tərəfdarları ilə əleyhidarları sözləşib, yarıya bölünüblər. Bir qrup repetitorluğun zəruriliyini, vacibliyini deyir. İndi belə bir mülahizələr səslənir ki, təhsilimiz repetitorların çiyni üzərində üzərində inkişaf edir. Digər tərəf hesab edir ki, repetitorluq məktəb mühitini dağıdır. Yəni iki cəbhəyə bölünüblər və bu proses davam edir. Repetitorluq qeyri-pedoqoji fəaliyyət sahəsidir. Yəni bunun rəsmiləşdirilməsi, leqallaşdırılması həll olunmayıb. Baxmayaraq ki, dəfələrlə bu məsələ üzərinə gediblər”. 

Ekspert bildirib ki, ümumiyyətlə, reptitorluq fəaliyyətinin genişlənməsinin səbəbləri çoxdur: 

“Zaman, vəziyyət, dəyərlər, münasibət, ictimai həyat dəyişib. Məktəb də cəmiyyətin bir hissəsidir. Bir vaxtlar ancaq 10-11-ci siniflərdə, şəhər məktəblərində, imkanlı ailələr bu prosesə qoşulurdusa, indi hətta ucqar kəndlərdə imkansız ailələr də çalışırlar ki, uşaqlarını 10 kilometrlərlə uzaqda rayon mərkəzinə repetitor kurslarına göndərsinlər. Bu, ildən- ilə inkişaf edir. Bir misalda olduğu kimi, bir qrup hesab edir ki, yağın şorbaya ziyanı yoxdur. Yəni uşaqdır, əlavə hazırlaşır, nə ziyanı var ki. Ancaq burada təhlükəli tendensiya odur ki, məktəb, müəllim nüfuzdan düşür, hörmətini itirir. Bizim strategiyada da əsas hədəflərdən biri kimi müəllim nüfuzunun yüksəldilməsi məsələsi qoyulub. Hazırda müəllim-repetitor anlayışı formalaşıb. Bu gün ən başlıca səbəb bilavasitə imtahanlarla bağlıdır. İmtahanlar ixtisaslar üzrə aparılır, bizim də mentalitet ona yönəlib ki, hamı istəyir övladı ali təhsil alsın, həyatda fəal mövqe tutsun. Ona görə də uşaqlarını ixtisaslar üzrə ibtidai siniflərdən başlayaraq müəllim yanına göndərirlər”. 

Bu prosesin ziyanlı tərəfinə gəldikdə isə ekspert deyir ki, yetişməkdə olan nəsil birtərəfli inkişaf edir: 

“Məktəbin vəzifəsi öz yetirmələrinə hansısa bilik məcmuəsi vermək deyil. Məktəbin vəzifəsi hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. İxtisas ali məktəbin vəzifəsidir. Bizim qəbul etdiyimiz müasir kurikulumların məqsədi səriştəyə əsaslanan şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdır. Repetitorluq yanına getmək şagirdləri hərtərəfli deyil, birtərəfli, seçdiyi sahəyə hazırlayır. Nə qədər ki, qəbul imtahanları ixtisas qrupları üzrə testlə keçəcək,  repetitorluq da davam edəcək.

Burada fərqli cəhət odur ki, sovet dövründə ali məktəbə hazırlıq orta məktəbin tədris proqramları əsasında gedirdi. Məktəbdə nə öyrədilirdisə, uşaqdan o tələb olunurdu. İndi orta məktəb proqramları, dərslikləri ilə DİM-in hazırladığı testlər arasında müəyyən fərqlər var. Ona görə də uşaqlar orta məktəb proqramı üzrə deyil, DİM-in hazırladığı testlər əsasında hazırlaşırlar. Dərsliklər 4 ildən bir nəşr olunur. Elə məsələlər var ki, dərsliyə düşmür. Dərsliyə düşməyən məsələlər testə salınır. Yaxud məntiqlə bağlı suallar orta məktəbdə keçməyibsə, imtahanda göstəricilər zəif olur. Bundan başqa, qaydalar  tez-tez dəyişdirilir və hansısa fənnlər salınır, yaxud çıxarılır. Yəni uşaqlar  məcburdurlar ki, imtahanlara test əsasında hazırlaşsınlar. 

Ümumiyyətlə, repetitorluq bu qədər inkişaf edə bilməz, ya rəsmiləşdirilməlidir, ya da başqa yol tapılmalıdır.  “Təhsil haqqında” Qanuna məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə maddə salınıb. Repetitorluğun da sahibkarlıq fəaliyyəti kimi məhz həmin məktəbdə müəllim tərəfindən həyata keçirilməsi haqqında sərəncam, təlimat verilsə, şagird əlavə hazırlığını öz məktəbində keçər, başqa yerə, kurslara getməz”. 

Ekspert müəllimlərə “savadsız” deyilməsinin tərəfdarı deyil: 

“İndi məktəbdə həm güclü, həm də zəif müəllimlər var. Bəzi müəllimlər var, dərsi ürəkdən, potensialı səviyyəsində demirlər, amma kütləvi deyil. Yən uşağı özündən asılı salmaq halları var ki, şagird onun yanına hazırlığa gəlsin, əlavə məşğul olsun. Mən uzun illər təhsil sistemində çalışmışam. Bəzən uşaqla prinsip də aparan olur ki, filan müəllimin yanına gedirsən, bura gəlmirsən. Ona görə də məktəbdə təhsilin keyfiyyəti əsas amillərdən biridir. Repetitorluğun aradan qaldırılmasının əsas vəzifəsi odur ki, təhsil alan repetitor asılılığından azad edilməlidir. Məktəb elə təhsil verməlidir, DİM ilə orta ümumtəhsil məktəbin sualları elə uzlaşdırlmalıdr ki, repetitorluğa ehtiyac qalmasın”. 



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər