Saytımızı qiymətləndirin


 
 

“Sülhməramlılar” erməni terrorçuları dəstəkləyir, əks-tədbir görməliyik - Hərbi ekspert
Tarix: 02-12-2022 | Saat: 12:00
Bölmə:Karusel | çapa göndər

“Sülhməramlılar” erməni terrorçuları dəstəkləyir, əks-tədbir görməliyik - Hərbi ekspert

 

Qarabağdakı Rusiya "sülhməramlıları"nın fəaliyyəti ilə bağlı şikayətlər səngimək bilmir. Səbəb "sülhməramlıların 2 il ərzində heç bir iş həyata keçirməməsi, üstəlik erməni silahlı birləşmələrinin terrorçu fəaliyyətlərinə şərait yaratmasıdır. Digər tərəfdən, "sülhməramlılar" özləri də təxribata əl atırlar. Belə ki, rəsmi Bakı onlara Qarabağdakı yaşayış məntəqələrinin Azərbaycan dilindəki adlarını təqdim etsə də, ruslar hələ də bu əraziləri erməni toponimləri ilə təqdim edirlər.

Məsələ ilə bağlı Modern.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, "sülhməramlılar"ın fəaliyyətində əvvəllər də problemlər olub:

"Rusiya "sülhməramlıları" artıq iki ildir ki, Qarabağın dağlıq hissəsinə nəzarət həyata keçirir. Ancaq bu müddət ərzində sülhün hələ də bərqərar olmaması, ermənilərin Azərbaycana reinteqrasiya üçün heç bir işin görülməməsi haqlı olaraq cəmiyyətdə Rusiya "sülhməramlı qüvvələri"nin fəaliyyətinə qarşı narazılıq yaradır. Əlbəttə, Rusiya "sülhməramlıları"nın fəaliyyətində əvvəl də müəyyən çatışmazlıqlar olurdu.  Ancaq texniki və digər məsələlər, Rusiya-Azərbaycan münasibətləri, hər iki ölkə rəhbərinin yaxın münasibətləri nəzərə alınırdı. Ona görə də, məsələni başqa istiqamətdə həll etməyə çalışırdıq. Yəni məsləhətlər verir, danışıqlar aparırdıq. Soçi görüşündə cənab Prezident İlham Əliyev Ermənistanın statusla, Rusiya "sülhməramlıları"nın mandatının uzadılması ilə bağlı təkliflərinə qəti şəkildə öz etirazını bildirdi. Bundan sonra həmin məsələlərə bir daha qayıdılmadı".

Onun sözlərinə görə, Rusiya "sülhməramlıları" öz mandatının öhdəsindən gələ bilmir:

"Soçi görüşündən sonra atəşkəsin pozulma miqyası daha da genişlənib. Əvvəllər biz atəşkəsin pozulmasına daha çox Kəlbəcər istiqamətində rast gəlirdik. İndi həm də  sülhməramlıların  müvvəqəti yerləşdiyi ərazilərdə məskunlaşımış qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Silahlı Qvvələrinin bölmələrinə, yaşayış məntəqələrimizə atəş açırlar. Əlbəttə, bu yolverilməzdir. Bütün bunları və iki il ərzində Rusiya "sülhməramlıları"nın həyata keçirdiyi fəaliyyəti nəzərə alaraq deyə bilərik ki, həmin qüvvələr öz mandatına uyğun davranmır. Öz vəzifələrinin öhdəsindən gələ bilmirlər, yaxud gəlmək istəmirlər. Onlar burada dayanmaqla Azərbaycan dövlətinin nəzarəti altında müəyyən proseslərin getməsinə mane olurlar".

Ş.Ramaldanov vurğulayıb ki, "sülhməramlılar" erməni terrorçularını müdafiə edirlər:

"Azərbaycanın istənilən ərazisində yaşayan ermənilərin müdafiə edilməsinə ehtiyac yoxdur. Azərbaycan əraziləri 30 il müddətində işğal altında olanda elə təkcə Bakıda 32 min erməni əsilli Azərbaycan vətəndaşı yaşayıb. Onların heç birinə bu 30 ildə təzyiq göstərilməyib. Cənab Prezident də müharibdən sonra qeyd etdi ki, əgər Qarabağda məskunlaşmış ermənilər Azərbayan vətəndaşı kimi  yaşamaq istəsələr, onların hüquqları da digər Azərbaycan vətəndaşları kimi qorunacaq. Bu da onu göstərir ki, erməniləri Azərbaycan dövlətindən qorumağa ehtiyac yoxdur.

Digər bir məsələ Rusiya "sülhməramlıları"nın öz fəaliyyətini iki il ərzində həyata keçirə bilməməsi ilə əlaqədardır. Artıq iki ildir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 4-cü bəndi həyata keçirilmir. Burada göstərilmişdi ki, qeyri-qanuni erməni silahlı birləşmələri bölgədən çıxarılmalıdır. Ancaq əksinə, onlar nəinki Azərbaycandan icazəsiz bölgədə yerləşirlər, hətta zaman-zaman atəşkəsi pozurlar. Qarabağdakı erməni əhalini də qorxu altında saxlayırlar. Postlar qurub, hərbi xidmət aparırlar.

Bütün dünyada icazəsiz fəaliyyət göstərən silahlı birləşmələr terrorçu adlandırılırlar. Bu terrorçular 2 ildir ki, ərazidən çıxarılmırsa, onda "sülhməramlılar"a nə ehtiyac var? Belə çıxır ki, "sülhməramlılar" terrorçuları, qeyri-qanuni silahlı birləşmələri müdadifə edirlər. Əgər belə omasaydı, onda Azərbaycan özü hərbi əməliyyat keçirməklə üçtərəfli bəyanatın 4-cü bəndini çoxdan həyata keçirərdi. 30 illik işğalı da Azərbaycan bu cür sona yetirmişdi. Onda da deyirdilər ki, münaqişənin hərbi həlli yolu yoxdur. Ancaq Azərbaycan öz ərazilərini azad etmək üçün bütün vasitələrdən, o cümlədən hərbi vasitədən istifadə edə biləcəyini göstərdi.

Rusiya "sülhməramlıları"nın belə fəaliyyətini Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla bağlı çox da qabartmırdıq. Ancaq Rusiyanın siyasətini və Qarabağdakı terrorçuların maraqlarını müdafiə üçün milyarder Ruben Vardanyanın bölgəyə gəlməsi, onun "sülhməramlılar"ın mandatının uzadılması ilə bağlı fikirlər səsləndirməsi bizə qarşı hörmətsizlik oldu. Digər bir hörmətsizlik Müdafiə Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazilərimizin adının  ermənilərin qoyduğu qondarma adlarla Rusiya "sülhməramlılar"ının rəsmi sənədlərində, həm də internet səhifəsində yayılması oldu. Beynəlxalq ictimaiyyət  Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Rusiyanın özü də bu əraziləri Azərbaycan ərazisi kimi tanıyır. Doğrudur, Rusiyanın hazırkı geosiyasi vəziyyətini, ermənilərin ona qarşı mütəmadi demarş hərəkətlərini, ABŞ və NATO ölkələrinin Moskvaya qarşı bir blok kimi çıxış etməsini də nəzərə almaq olar.  Rusiya Qarabağın dağlıq hissəsindəki erməniləri tərk-silah ermir ki, regionda vəziyyət daha da gərginləşməsin. Belədə vəziyyət çox davam edə bilməz. Oradakı ermənilər tərk-silah edilməlidir.  Biz bu prosesi tezləşdirməliyik".

Ş.Ramaldanov başqa bir variant da təklif edib:

"Burada biz digər bir variantdan da istifadə edə bilərik. Məsələn, Rusiya "sülhməramlı" qüvvələrinə erməni silahlı birləşmələrini tərk-silah etmək üçün vaxt verilməlidir. Əgər ayrılan vaxt ərzində Rusiya "sülhməramlı" qüvvələri deyilən tapşırığı həyata keçirməsə, onda Rusiya "sülhməramlıları" ilə birgə "Laçın dəhlizi"nə Azərbaycan Ordusu da nəzarət etməlidir. "Laçın dəhlizi"nə nəzarəti ələ keçirmək çox önəmlidir. Çünki bu yoldan yalnız humanitar məqsədlərlə istifadəyə icazə verildiyi halda, oradan Qarabağa hərbi texnika keçirildiyini bilirik. Bu yolverilməzdir. Azərbaycan Ordusu vəziyyəti nəzarətə götürməklə oradakı qeyri-qanuni silahlı birləşmələrin bütün postlarını yüksək dəqiqlikli silahlarla məhv etməlidir. Təslim olmaq istəyənlər də tərk-silah edilməlidir. Belə olan halda  üçtərəfli bəyanatın 4-cü bəndi həyata keçirmiş olacağıq. Bu həm  Rusiya "sülhməramlı" qüvvələrinin əsgərlərinin, həm də Qarabağın dağlıq hissəsindəki dinc ermənilərin zərər görməməsinə kömək edəcək".



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər