Tarix: 22-11-2022 | Saat: 17:17
Bölmə:Karusel | çapa göndər
“Tezliklə Yeni il gəlir... və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanma ehtimalı sıfır həddindən də aşağı düşüb, hətta sürətlə “qırmızı xəttə” doğru gedir. Yəni hərbi əməliyyatların bərpası getdikcə daha da reallaşır”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla Aazərbaycan arasındakı sülh danışıqlarının gedişini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu nəticə ondan irəli gəlir ki, Paşinyan hökuməti 2023-cü il üçün müdafiə xərclərini 47% (1 milyard 20 milyon dollar) artırıb və Azərbaycanın Qarabağ bölgəsindəki anti-konstitusion strukturların maliyyələşdirilməsini davam etdirmək məqsədilə 2023-cü il üçün 360 milyon dollar vəsait ayırıb.
T.Zülfüqarov deyib ki, Ermənistanın bu büdcəni təsdiq etməsindən sonra Praqa, Soçi, Vaşinqton və digər yerlərdə baş tutan bütün görüşlərin acı taleyini asanlıqla proqnozlaşdırmaq olar.
“Deməli, Ermənistan sülh əvəzinə Azərbaycanla qarşıdurmanı davam etdirməyə, daha sadə desək, Qarabağa ərazi iddialarına görə müharibəyə üstünlük verdi...”, - T.Zülfüqarov vurğulayıb.
Eks-nazir təəssüflə qeyd edib ki, “vasitəçilər” də gözlənildiyi kimi, erməni siyasi elitasının bu seçimini dəstəkləyirlər.
“Bəli, bəli, məhz elita, çünki erməni xalqı bu seçimin əleyhinə yalnız “ayaqları ilə” harasa getməyə səs verir. Qalanlar isə müharibənin davam etdirilməsi tərəfdarlarının mitinqlərinə məhəl qoymur, özlərinin yoxluğu ilə nümayiş etdirirlər ki, siyasi xadimlərin şüarları onlar üçün maraqlı deyil”, - T.Zülfüqarov deyib.
Sabiq nazirin sözlərinə görə, pərdə arxasındakı kuklalar Paşinyana başa salıblar ki, baş nazir kimi siyasi “uzunömürlülüyü” birbaşa onun “silahlı tıqqıltı” ilə Ermənistanı tam milli fəlakətə sürükləməyindən, yoxsa bunu onun yerinə başqasının etməsindən asılıdır.
“Əminəm ki, Paşinyan Azərbaycanla qarşıdurmanın yeni mərhələsinin nəticəsinin əvvəlcədən müəyyənləşdiyini yaxşı bilir. Amma kənardan gələn kuklaları həmişə nəticə yox, yalnız regiona təsir etməyə imkan verən proses maraqlandırıb”.
T.Zülfüqarovun sözlərinə görə, bu gün Ermənistanda müdafiə büdcəsinin təxminən 50% artırılmasına səs verənlər aydın şəkildə bilməlidirlər ki, Azərbaycan 2020-ci il müharibəsindən əvvəl olduğu kimi, yenə də sülh çağırışlarını siyasi leksikonundan silməyə məcbur olacaq..
Eks-nazir deyib ki, siyasi məntiq Azərbaycanı milli maraqlarımıza qarşı yönəlmiş çağırışlara adekvat və aydın şəkildə cavab verməyə məcbur edəcək:
"- Qarabağın reinteqrasiya siyasətimizə “burnunu soxmaq” istəyi ona gətirib çıxaracaq ki, biz Zəngəzur istiqamətində güzgü siyasəti ilə cavab vermək məcburiyyətində qalacağıq.
- Bütün Vardanyanların və Balasanyanların təxribatçı ritorikasını dayandırmaq üçün biz “Laçın dəhlizi”ni yalnız Ermənistandan giriş istiqamətində bağlamalı və tərksilahla bağlı ultimatum elan edildikdən sonra 3 gün ərzində antiterror əməliyyatı keçirməli olacağıq.
Yuxarıda göstərilənlərin hamısı tamamilə realdır və həyata keçirilə bilər.
Odur ki, “yoldaş ermənilər” düşünün, yaxşı düşünün...".
Digər xəbərlər