Tarix: 18-11-2022 | Saat: 10:29
Bölmə:Karusel / Manşet | çapa göndər
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər bizə dost olan dövlətləri, ölkələri, eləcə də beynəlxalq hüquqa hörmətlə yanaşan, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutan ölkələri və təşkilatları sevindirib.
Amma təəssüflər olsun ki, bu Zəfərimizdən təlaşa düşən, böyük narahatlıq keçirənlər də əsl simalarını, əsl niyyətlərini artıq gizlədə bilmirlər. Ermənistanın 30 illik işğalı dövründə səsini çıxarmayan, hələ işğalçıya bəzən açıq, bəzən gizli dəstək verən qüvvələr bu gün Azərbaycana qarşı absurd ittihamlarla çıxış edir, açıq-aşkar bizə qarşı baş qaldırıblar.
Hələ Vətən müharibəsi zamanı Fransada erməni diasporunun nümayəndələrinə Prezident Emmanuel Makron özü bildirmişdi ki, müharibə beynəlxalq hüquqla Azərbaycana məxsus ərazilərdə gedir və buna görə də Fransa müdaxilə edə bilməz, yəni Azərbaycan beynəlxalq hüquqa əsasən haqlıdır. Buna baxmayaraq, Fransa Prezidentinin daha sonralar səsləndirdiyi fikirlər və Fransa Senatının qəbul etdiyi qətnamələr beynəlxalq hüquqla daban-dabana ziddir. Fransa rəhbərliyinin türkofob və islamofob təbiəti bizə bəlli olduğu üçün onların bu mövqeyi nə qədər acı və arzuolunmaz olsa belə, bizim üçün çox da gözlənilməz deyil.
Amma İslamafob Fransa rəhbərliyi ilə sanki sinxron hərəkət edən, özünü islam respublikası elan etmiş, İslam təəssübkeşi kimi imic yaratmağa çalışan İranın son dövrlərdəki davranışı riyakar və biabırçıdır. Bu ilk növbədə İran vətəndaşı olan 20-30 milyonluq azərbaycanlılara qarşı hörmətsizlik və saymazlıqdır.
Vətən müharibəsi zamanı Azərbaycan ordusunun Araz boyunca irəliləyərək torpaqlarımızı işğaldan azad etdiyinə sevinən, Azərbaycan ordusuna “bizim ordumuz” deyə xitab edən iranlı soydaşlarımızın kadrlarına baxmaqla İran hakimiyyətinin Azərbaycana qarşı apardığı qeyri-dost davranışla necə böyük səhvə yol verdiyini görmək olar.
İran sərhədimizdə keçirdiyi lüzumsuz hərbi təlimlərlə, mediada apardığı anti-Azərbaycan kampaniyası və digər cılız addımlarla İran əhalisinin diqqətini ölkə daxilindəki problemlərdən ölkə xaricində süni yaradılan görüntülərə cəlb edə bilməyəcək. Hətta cəlb etsə belə, bu, İranın daxilində İran vətəndaşlarını ciddi surətdə narahat edən problemləri həll etməyəcək. Əksinə həmin problemləri daha da kəskinləşdirəcək. Ona görə də İran rəhbərliyi bu avantürist, qeyri-rasional davranışlarına son qoymalı, Azərbaycanla dinc münasibətləri davam etdirməlidir. Bu, Azərbaycandan çox İranın özünə lazımdır.
Azərbaycan qonşuları ilə mehriban münasibətlərin tərəfdarıdır, hətta illərlə torpaqlarımızı işğal altında saxlayan və İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistana da sülh təklif edirik. Ancaq nə hikmətdirsə, özünü İslam aləminin “müdafiəçilərindən” sayan İran tam tərsinə sülhü əngəlləməkdə xristian Ermənistanla eyni sırada qərar tutub, açıq-aşkar Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxır. Halbuki, bu dəhliz bölgə ölkələrinin tamamı üçün faydalıdır.
İran rəsmilərindən, din xadimlərindən bir kimsə 30 ilə yaxın müddətdə “Ermənistan işğala son qoymalıdır”, “Ermənistanın işğalçı qoşunları müsəlman Azərbaycan torpaqlarından çıxmalıdır”, “məscidləri dağıtmaq və orada heyvan saxlamaq yolverilməzdir” demədi, əksinə, müharibədən ötən iki ildə eyni cümləni təkrarlayırlar: “Sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”. Soruşan lazım: Kim kimin sərhədini dəyişdirir? Niyə Ermənistanın Azərbaycanın ərazilərinə soxulduğu illərdə “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” demirdiz? Maraqlarınıza uyğun deyildi? İndi isə İranın hansı rəsmisi erməni həmkarı və dostu ilə görüşürsə, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” pafoslu cümləsini işlədir.
Bərəkallah, deməli, Tehranın məntiqinə görə, müsəlman Azərbaycanın torpaqları işğal oluna bilər, məscidləri dağıdıla bilər, ancaq xristian Ermənistan “ərazisi” müqəddəsdir! Heç katolik dünyasının başçısı İranın məzhəbçi din xadimlərindən fərqli olaraq belə açıqlamalar vermir.
İslam dini haqq-ədalətin yanında olmağı təlqin edir. Haqsızlığa, ədalətsizliyə qarşı etiraz etmək, mübarizə aparmaq İslam dininin əsas xüsusiyyətlərindəndir. Ümumiyyətlə, digər dinlər də haqqın, ədalətin yanında olmağa çağırır. Bəlkə elə ona görə digər dinlərin nümayəndələri, o cümlədən Vatikan və Roma Papası da Ermənsitana dəstək verən, Azərbaycana qarşı olan açıqlamalar verməkdən çəkinirlər. Amma təəssüf ki İran nəinki bundan çəkinmir, hətta bunu açıq şəkildə edir.
İran parlamentində də Azərbaycan əleyhinə verilən açıqlamalar “ənənə” halını alıb. “Naxçıvanı İrana qatarıq”, “Azərbaycan səfirini İrandan qovarıq” kimi təxribatçı çıxışlar edirlər. Naxçıvan boğazınızda qalar, nəfəsiniz kəsilər, səfirliyimizə və ya diplomatlarımıza zərər verməyi dilinizə gətirmədən öncə isə İranın Azərbaycanda səfirliyinin olduğunu xatırlayın. Birini deyəcəksiniz, beşqat cavabını alacaqsınız.
Yaxşı ki, İran parlamenti sədrinin Azərbaycana səfəri təxirə salındı. Bakıya gəlib hansı “dost və tərəfdaşlıqdan” danışacaqdı? Azərbaycana qarşı hazırki təxribatların fonunda bu sözlərə kim inanardı? İran parlamentinin sədri Azərbaycanın yerinə Ermənistana getdi. Təbiddir, çünki dostunuz Ermənistandır. Ermənistanın baş naziri Nikol Paşinyan da İranı su yoluna döndərib. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ilk səfərini İrana etmişdi. Həmin səfər zamanı İrandakı ermənilər zalda “Qarabağ Ermənistandır” plakatı qaldırmış və İran polisi bunu seyr etmişdi. İrandakı ermənilərin təxribatları fonunda azərbaycanlıları saxta ittihamlarla həbs edirlər, silah tapırlar, adını qoyurlar ki, guya Azərbaycan sərhədindən keçirilib, hardasa partlayış baş verir, yenə bizim adımızı hallandırırlar. Fakt yox, sübut yox. Başqa fakt və sübutlar isə göz qabağındadır. Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslər həbs olunub. Həbs olunan şəxslərin Azərbaycan ərazisində terror aksiyaları planlaşdırdıqları bildirilib. Azərbaycanda İrana bağlı casus şəbəkəsinin nəfəsi kəsilməlidir.
İran rejiminə qulluq edənlər inkarçıdırlar. İran Ukraynanın şəhərlərini bombalamaq üçün Rusiyaya pilotsuz uçuş aparatları verdi, inkar etdi ki, “verməmişik”, halbuki, binaları dağıdan dronların və raketlərin qalıqları göstərildi. İran rəsmiləri eyni inkarçılığı Qarabağa qanunsuz yüklər daşıyarkən deyirdilər, yük daşıyan maşınların nömrələrinə qədər şəkillər və videolar göstərdik, elə hey dedilər ki, guya onlara aidiyyəti yoxdur. İran rəsmilərinin imkanı olsa, Urmu gölünün qurumadığını da iddia edər, göl ətrafında heç bir ekoloji problemin olmadığı nağılını danışarlar. Onsuz da illərdir gölün faciəvi durumu ilə bağlı heç bir addım atılmır, göz görə-görə quruyan gölün ətrafı ekoloji fəlakət zonasına çevrilib.
Azərbaycan-İran münasibətlərinin gərginləşməsinin səbəbkarı və təşəbbüskarı İrandakı rejimdir. Tehran Azərbaycanla münasibətlərdə bütün qırmızı çizgiləri aşıb. İranın rəsmiləri, diplomatları, deputatları və generalları Azərbaycan əleyhinə açıqlamalar verməkdən yorulmurlar. İran 60 gündən çoxdur ki, qaynayır, küçə yürüşləri ölkəni bürüyüb, ölənlərin sayı yüzlərlədir, gərginliyi azaltmaq əvəzinə qonşusuna dil uzadır, yəqin hesab edirlər ki, “xarici düşmən” axtarmaqla diqqəti daxili gərginlikdən yayındıra bilərlər.
Bizim daha susmaq fikrimiz yoxdur, bəsdir, hər təxribatınıza layiqli cavab veriləcək, sərhəddə hərbi təlimlər keçirəcəksiniz, biz də keçirəcəyik, səfirimizə nota verəcəksiniz, biz də sizin səfirə nota verəcəyik, medianız Azərbaycan əleyhinə təxribatçı proqramlar yayımlayacaq, bizim media da İranda insanların hüquq və azadlıqlarının pozulmasını, soydaşlarımızın ana dilindən məhrum edilməsini və onlarla başqa mövzunu işıqlandıracaq.
Güney Azərbaycan qaynayır. Cin lampadan çıxıb. Soydaşlarımız haqlarını gur səslə tələb edirlər. Cənab Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan azərbaycanlıların taleyi diqqət mərkəzimizdədir” ifadəsi sizə ciddi dərs olmalıdır. İranın Azərbaycan şəhərlərində mitinqlərə çıxanlar əllərində Azərbaycanın bayrağını və İlham Əliyevin şəkillərini tutmalarının nə anlama gəldiyini bilməmiş deyilsiniz.
Cənab Prezident noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə fikirlərini geniş şəkildə təkrarladı. İlham Əliyev dedi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Bu, proqram mahiyyətli çıxışdır. Bəli, biz güneyli soydaşlarımızın durumundan narahatıq. Bundan sonra İrandakı soydaşlarımızın hüquq və azadlıqlarını diqqət mərkəzində saxlayacağıq.
Cənab Prezidentin 8 Noyabr - Zəfər Günü münasibətilə Şuşa şəhərində hərbçilər qarşısında çıxışındakı fikirləri də xatırlatmaq yerinə düşər: “Qarabağda məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərlərinin qucaq açması, onları qucaqlayıb öpməsi riyakarlıq, satqınlıqdır və bunun başqa adı yoxdur. Müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıqdır”.
Qonşun riyakar siyasətə üstünlük verirsə, ona anladığı dildə cavab vermək zərurəti yaranır.
Milli Məclisin sədr müavini Adil Əliyev
Digər xəbərlər