Tarix: 17-11-2022 | Saat: 18:32
Bölmə:Karusel / Manşet | çapa göndər
Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səməd Seyidov Azərbaycanın Şərq Tərəfdaşlığının bir hissəsi olduğunu vurğulayıb.
O, bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Regiondakı mövcud vəziyyət barədə danışan komitə sədri bildirib ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıdır. Eyni zamanda, Ermənistan xalqı da Azərbaycanla sülh istəyir, lakin buna mane olan qüvvələr var. O, həmçinin vurğulayıb ki, Azərbaycan qonşu dövlətlərlə yaxşı əlaqələrin qurulması üçün öz səylərini əsirgəmir.
Söhbətdə Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən söz açan Səməd Seyidov deyib ki, sülh prosesində vasitəçi olan bir ölkə kimi Fransanın bu mövqeyi qəbul edilməzdir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi və mövcud geosiyasi vəziyyətlə, yeni yanaşmalarla bağlı müzakirələr aparmaqdır. O, eyni zamanda, Azərbaycanın mövqeyinin əhəmiyyətli olduğunu söyləyib.
Azərbaycanın çox mühüm bir coğrafiyada yerləşdiyini deyən Dirk Şuebel Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhə öz töhfəsini vermək istədiyini vurğulayıb.
Cənubi Qafqaz üzrə xüsusi elçi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Brice Rocquefeuil çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Fransa Hökumətinin mövqeyi olmadığını söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər