Saytımızı qiymətləndirin


 
 

Azərbaycan həqiqətlərinin dünyaya çatdıran Reza Deqati “Məktəbdə” – FOTOREPORTAJ
Tarix: 12-11-2022 | Saat: 20:48
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında tanınmış hərbi fotojurnalist Reza Deqatinin xüsusi əməyi var. Bu xidmətinə görə “Dostluq” ordeninə də layiq görülüb. İndiyə qədər nəşr etdirdiyi 40 kitabın sırasında Azərbaycan adına nəşrlər də yer alıb. Əsərlərində 20 Yanvar faciəsindən, Xocalı soyqırımından, Qarabağın işğalından, nəhayət, böyük Zəfərimizdən danışır.

Əsərlərində Azərbaycanın təbii gözəllikləri də, mədəniyyət nümunələri, tarixi abidələri də foto həvəskarlarının qəlbini riqqətə gətirir. R.Deqati Azərbaycana hər gəlişini özü üçün bayram hesab edir. Hələ görməli çox işinin, dünyaya çatdıracağı çox mesajının olduğunu deyir.

Bakı Şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə “Məktəbdə” layihəsi çərçivəsində tanınmış fotojurnalist Reza Deqati Nəsimi rayonundakı 247 nömrəli məktəbin şagird və müəllim kollektivinin görüşünə gəldi. “Bu, mənim məktəbdə ilk görüşümdür. Belə bir görüşü çoxdan düşünürdüm” deyə etiraf da etdi.

Məktəbin direktoru Sitarə Abbasova qonağın gəlişini kollektiv üçün əsl hədiyyə adlandırdı: “Siz sübut etdiniz ki, Vətəni sevmək üçün mütləq həmin torpaqda yaşamaq lazım deyil. Harada olmasından asılı olmayaraq, insan öz vətənini sevə və ona xidmət edə bilər. Siz bizim dünyada danışan dilimizsiniz.  Həm 1-ci, həm 2-ci Qarabağ müharibəsindəki fəaliyyətinizlə siz böyük vətənpərvər olduğunuzu, haqq səsimizi dünyaya çatdırdığınızı sübut elədiniz. Sizin fəaliyyətiniz gənclərimiz üçün ən gözəl örnəkdir”.

Reza Deqati Azərbaycana gəldiyi 30 il müddətində ilk dəfə məktəblilərlə görüşdən, haqqında fəaliyyətini ekranda nümayiş etdirən videoçarxdan təsirləndi. Xanəndə Səxavət Məmmədovun həzin və yanıqlı səslə oxuduğu “Sarı bülbül” xalq mahnısının sədaları fonunda qonaq göz yaşlarını saxlaya bilmədi: “Səxavəti 1987-ci ildən tanıyırdım. O zaman Fransaya gələn Azərbaycan musiqiçilərinin arasında o da vardı. O vaxtdan onunla dostlaşdıq. Heyf ki, doğulduğu yurdun azad olmasını görmədi”.

Reza Deqati məktəb direktorunun “Məktəbin bütün kollektivi sizi tanıyır. Şagirdlər düşünürlər ki, bugünkü görüşdə sizi yenidən kəşf edəcəklər” fikirlərinə rəğmən şagirdlərin suallarına meydan verdi.

“Azərbaycanın haqq səsini dünyaya tanıdanda manelərlə qarşılaşırsınızmı?” sualı fotoqrafı xeyli düşündürdü: “Tarixdə həmişə haqq sözü deyən adamların qarşısını alıblar. Sərgilərimə gəlib şəkillərimi dağıdırdılar. Konfrans keçirəndə əleyhimə plakatlar qaldırırdılar. Kitablarımın nəşrinə mane olublar. Amma mən yolumdan dönməmişəm. İndiyə qədər 115 ölkədə olmuşam. Bu ölkələrin hər birində Azərbaycanın haqq səsini çatdırmışam. Müharibədə çəkdiklərimi görəndən sonra ermənilərə şübhə edənlərin sayı artdı. Hətta ölən uşaqların fotolarını gördükcə, erməni ictimaiyyətinə sualların ardı-arası kəsilmədi. “Reza təkbaşına bu qədər qətlə yetirilən dinc əhalinin fotosunu çəkir, amma Ermənistanda onlarla fotojurnalist var, heç biri belə dəhşətli kadr paylaşmır? Bəs deyirdiniz, Azərbaycan ordusu uşaqlarımızı öldürür?” Hələ əlimdə ermənilərlə bağlı elə faktlar var ki, dünyaya göstərəcəyəm. Onda ermənilər başlarını da qaldıra bilməyəcəklər”.

“Siz nə üçün daha çox məzlum insanların fotolarını çəkmisiniz? Onların taleyi sizi niyə bu qədər düşündürüb?” sualına R.Deqatinin cavabı ibrətamiz oldu: “Hər insanın həyatda bir hədəfi var. Elə adamlar var ki, bahalı villalarının və ya avtomobillərinin olmasını istəyirlər. Mən də istəsəm, Parisdə evimdə oturub, rahatlıqla dəb tədbirlərini çəkərəm və daha çox maliyyə qazanaram. Amma mən müharibələrdə yaralanmışam. Həyatıma çox təhlükələr olub. Dünyanı gəzmişəm, insanlar görmüşəm. Dünyanın qaynar nöqtələrində baş verən ən şiddətli, qanlı müharibələrin və münaqişələrin şahidi olmuşam. Səfərlərim zamanı insanların faciəli taleləri ilə üzləşmişəm. Məcburi köçkünlərin çəkdiyi əzabları görmüşəm. Münaqişələrin qurbanı olan qadın və uşaqların iztirablarını çəkmişəm. Bunları göz yaşı tökərək çəkmişəm”.

R.Deqati 40 ildir ki, dünyanı gəzdiyini söylədi: “Məşhur şair Sədi Şirazi 30 il dünyanı gəzmişdisə, mən 40 ildir ki, gəzirəm. Sədi deyirdi: “Biz insanlar hamımız bir-birimizə bağlıyıq”. Bir orqan yaralı olanda bütün bədən əziyyət çəkir. Görəndə ki, biri yaralıdır, biz ona kömək edəndə bütün insanlara  kömək edirik. Afrikanın bir məmləkətində insanlar yaralı olanda biz də burda özümüzü yaxşı hiss etmirik. Mən də bu işi görürəm - yaralı hüceyrəyə kömək edirəm. İstəyirəm ki, bütün bədən sağlam olsun. Məqsəd təkcə yoxsullara kömək deyil, bütün insanlığa, bəşəriyyətə kömək etməkdir. Mən insanları sülhə sövq etmək üçün müharibələri çəkirəm. Müharibələrin mahiyyətini göstərməklə, insanları savaşlardan, nahaq yerə qan tökməkdən çəkindirməyə çalışıram. Münaqişə bölgələrində hər dəfə insanların başına gələn müsibətləri izlədikcə, sanki onlarla birgə bu ağrı-acıları yaşayıram”.

“Dünyanı çox gəzmisiniz. Çox millətləri görmüsünüz. Azərbaycan və azərbaycanlılar sizi nəylə məftun edir?” sualı qonağı, həqiqətən, məftun etdi: “Mən həmişə deyirəm: Azərbaycanın ən yaxşı sərvəti yerin altında deyil, yerin üstündəki insanlarıdır. Böyüməkdə olan gəncliyidir. Onlar ölkənin inkişafını istəyirlər. Bundan əlavə, azərbaycanlılar 30 il zülm altında yaşayıblar. Onları evlərindən didərgin salıblar. Evlərini dağıdıblar. Üstəlik “azərbaycanlılar təcavüzkardır, bizə qarşı təcavüz edirlər” deyə ermənilər özlərinə haqq qazandırmağa çalışıblar. Bu 30 ildə mənim imkanım olub ki, bu millət haqqında həqiqəti dünyaya çatdırım. Əminəm ki, böyüyən nəsil, bugünkü gənclik Azərbaycanın gələcək quruculuğunda da yaxından iştirak edəcək. Azərbaycan hökuməti şahmat kimi dəqiq plan həyata keçirir. İnanıram ki, tezliklə işğaldan azad olunan torpaqlarda vaxtilə o ərazilərdən didərgin düşən insanlar məskunlaşacaq”. 30 ildən çoxdur ki Azərbaycana gələn R.Deqati bu illər ərzində böyük dəyişikliklərin baş verdiyini, hər sahədə inkişafın olduğunu qeyd etdi: “Əvvəl bir planım vardı: 30-40 il əvvəlki Azərbaycanın fotoları ilə indiki Azərbaycanın fotolarını sərgiləmək istəyirdim. Siz bu müqayisəni görsəniz gözünüzə inanmayacaqsınız. Siz indi rahat yaşayır, təhsil alır, metrodan, avtobusdan istifadə edirsiniz. O zaman qarışıqlıq idi. İnsanlar əziyyət çəkirdi”.

Şagirdlərdən birinin “30 il əvvəl Şuşada fotonuz var. 30 ildən sonra da Şuşada foto çəkdirmisiniz. Yenidən Şuşaya qayıdanda hansı hissləri keçirirdiniz?” sualı zalda maraq doğurdu: “Şuşanın işğal günlərinin şahidiyəm. 1992-ci ildə Şuşadan çıxanda iki dostumla orada sonuncu dəfə çay içdik. Əhd elədim ki, Şuşa azad olunandan sonra həmin yeri tapıb orada yenə də çay içəcəyəm. O vaxt xarici jurnalistləri həmin ərazilərə buraxmırdılar. Müdafiə Nazirliyi icazə vermirdi. Amerikada, Fransada jurnal rəhbərləri də “Bizə lazım deyil” deyə dəstək olmurdu. Şuşa işğaldan azad olunanda Azərbaycan hökuməti mənə ilk jurnalist kimi ora getməyə razılıq verdi. 2022-ci ildə bu arzuma çatdım. Həmin çay içdiyim yeri tapdım, orda yenidən şəkil çəkdirdim. Səfərlərim zamanı əsgərlərlə bir səngərdə qalıram. Bu, mənim işimin xüsusiyyətidir”.

“İndi dünyada informasiya müharibəsi gedir. Çalışın xarici dil öyrənin. İnformasiya müharibəsinin əsgəri olun”, - hərbi jurnalist gənclərə tövsiyələrini verdi: “Ürəyiniz sizi hansı yola çəkir, o arzunun dalıyca gedin. Həkim, jurnalist - fərqi yoxdur, yetər ki, öz seçiminiz olsun. Mən ixtisasca arxitektoram. 7 il universitetdə oxumuşam. Amma ürəyim fotoqrafiyada idi. Bir gün öz-özümə: “Nə vaxta qədər evlər üçün layihələr cızacam? Ürəyin hansı yolu istəyir, o tərəfə get”- dedim. Onda 27 yaşım vardı. Çalışdığım şirkət rəhbərindən 3 günlük icazə aldım. Amma bir də o şirkətə qayıtmadım. O vaxtdan fotoaparatım çiynimdə, dünyanı gəzirəm. Müharibələri çəkirəm, haqqı göstərməyə çalışıram. Həmişə də deyirəm: “Gələcək öz xəyallarının gözəlliyinə inanan insanlara aiddir”.

Bizimlə əlaqə saxlayın



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər