Saytımızı qiymətləndirin


 
 

Qarabağdakı sülhməramlıların mandatı uzadılmayacaq
Tarix: 01-11-2022 | Saat: 12:59
Bölmə:Karusel | çapa göndər

Qarabağdakı sülhməramlıların mandatı uzadılmayacaq

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi də müzakirə olunub.

 

Görüşdən sonra mətbuata açıqlama verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.

 

Putinin açıqlamasından belə başa düşmək olar ki, sülhməramlıların Qarabağda qalma müddətinin uzadılması hazırda aktual deyil və Ermənistan tərəfinin bununla bağlı irəli sürdüyü təkliflər birmənalı şəkildə dəstəklənməyib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyev Soçidə Putinlə görüşündə "Qarabağ münaqişəsi artıq tarixdə qalıb", deməklə çox ciddi mesaj verib. Diqqətə çatdırılıb ki, indi əsas məsələ Ermənistan və Azərbaycan arasındakı ciddi məsələlərin həll edilməsidir.

 

Deputatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın sülhməramlıların mandatının 10-20 il müddətinə uzadılması fikri boşboğazlıqdan başqa bir şey deyil. Çünki bunun baş tutması üçün Azərbaycanın da istəyi olmalıdır.

 

A.Nağıyev onu da vurğulayıb ki, son hadisələr, Xankəndi şəhərindəki mitinq və sülh müqaviləsinin imzalanmaması Rusiya sülhməramlı qüvvələrinin ərazimizdə qalmasına şərait yaradır:

 

“Sülh müqaviləsi imzalandığı təqdirdə onların Qarabağda qalmasına ehtiyac olmayacaq. Çünki onların missiyası münaqişə edən tərəflər arasında sülhü təmin etməkdir. Əgər sülh müqaviləsi imzalanarsa, əlbəttə, buna ehtiyac qalmayacaq. Qarabağ ərazisində yaşayan erməniəsilli Azərbaycan vətəndaşları da sülhyaratma prosesində heç bir problem yaranmadan iştirak edərlərsə, sülhməramlıların mandatının uzadılmasına ehtiyac yoxdur”.

 

“Rusiya tərəfi qeyd edir ki, rus sülhməramlıları öz vəzifəsini normal yerinə yetirir. Bu hələ o demək deyil ki, onların mandatı uzadıla bilər. Digər tərəfdən Putin bildirdi ki, sülhməramlıların mandatının uzadılmasına delimitasiya və demarkasiya məsələlərindən sonra baxmaq olar. Delimitasiya və demarkasiya prosesləri sülh sazişinin imzalanması üçün əsas şərtlərdəndir. Onların fəaliyyətinə ehtiyac yoxdursa, hətta təyin olunmuş vaxtdan əvvəl ərazini tərk edə bilərlər", - deyə parlamentari sözlərinə əlavə edib.

 

Hərbi analitik Alp Arslan İmamqulu isə bildirib ki, Azərbaycan keçid dönəmində, kritik qərarlar qəbul etmə ərəfisindədir. Soçi görüşünü dəyərləndirən ekspertin fikrincə, Rusiya münaqişəni uzatmaq istəyir:

 

“Rusiya bölgədə münaqişlərin davam etməsində maraqlıdır. Rusiya sülhməramlılarının mandatının uzadılması istəyi buna hesablanıb. Çünki hansısa münaqişə olduqda sülhməramlıların mandatı uzadıla bilər. Təbii ki, bununla bağlı Azərbaycanın da tələbi olmalıdır. Delimitasiya və demarkasiya məsələlərində də çox güman ki, təxribatlar törədiləcək”. 

 

Hərbi analitik vurğulayıb ki, nə Azərbaycan xalqı, nə də siyasi dairələr sülhməramlıların mandatının uzadılmasına tərəfdardır:

 

“Hər hada sülhməramlıların müddətinin uzadılması Azərbaycan Respublikası Milli Məclisi tərəfindən də dəstəklənməlidir. Bu haqda danışmaq, fikir yürütmək çox erkəndir. Azərbaycan xalqının iradəsi mühümdür. Nə Azərbaycan xalqının, nə də Azərbaycan siyasi rəhbərliyinin iradəsi bu yöndədir. Son günlər rus sülhməramlılarının ikili standart həyata keçirdiyini, separatçılarla əməkdaşlıq etdiyini açıq-aşkar görürük. Ona görə də, bu missiya Rusiyanın “dostluq” fəaliyyəti yox, düşmənçilik fəaliyyəti kimi qiymətləndirilməlidir”.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması təklifi ilə çıxış edib. O, sülhməramlı kontingentinin mandatının 10 il, hətta 15 il uzadılmasına razı olduğunu bildirib.



Xəbəri paylaş

122 dəfə oxunub.

Digər xəbərlər