Saytımızı qiymətləndirin


 
 

“Hamıya pul paylamaq olmaz” - Ekspert deputatın təklifini bəyənmədi
Tarix: 18-10-2022 | Saat: 18:15
Bölmə:Karusel / Manşet | çapa göndər

“Hamıya pul paylamaq olmaz” - Ekspert deputatın təklifini bəyənmədi

Deputat Tahir Kərimlinin hər bir vətəndaşa yüz manat verilməsi ilə bağlı təklifi populizmdən irəli gəlir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a REAL partiyasının siyasi komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Onun fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı vətəndaşlara pul verilməsi fikri doğru deyil:

 

"Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Əgər təklif yerinə yetirilərsə, yüz manatın dəyəri daha da aşağı düşəcək. Bu insanlara qiymət artımı ilə geri dönəcək. Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir. Çünki qiymətlər və inflyasiya aşağı salınmadıqca nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq. Ona görə də, biz ərzaq məhsullarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsini təklif edirik. Dərman vasitələri ilə bağlı gömrük rüsumlarının isə sıfırlanmasının tərəfdarıyıq. Bax, bu addımlar inflyasiyanın qarşısını alacaq və qiymətlərin aşağı enməsinə səbəb olacaq. Bu, həm də insanların gözləntilərinə daha uyğundur.

 

Biri var, dövlətin vəsaitini xərcləyərkən daha çox qiymət artımı ilə qarşılaşasan, biri də var ki, bugünkü qazancınla daha çox mal və ərzaq almağa imkanın olsun. Mənim fikrimcə, ikinci versiya daha məntiqlidir. Bir sözlə, qiymətlərin aşağı salınması, inflyasiyanın qarşısının alınması üçün təcili olaraq vergi və gömrük rüsumlarında islahata ehtiyac var”.

 

Natiq Cəfərli əlamətdar günlərdə əhaliyə pul paylanmasının ancaq monarxiya rejimi hökm sürən ölkələrdə olduğunu xatırladıb:

 

“Konkret olaraq Müstəqillik Günü, yaxud hansısa bayramla bağlı belə presedentin olduğunu bilmirəm. Monarxiya ilə idarə edilən ölkələrdə monarxın göstərişi ilə belə yardım paketləri ayrılır. Ancaq bunun effekti o qədər də ciddi deyil. Məsələn, Azərbaycanın timsalında bu effekt verməyəcək. Hamıya 100 manat verməkdənsə, sosial yardıma ehtiyacı olanlara bunu şamil etmək doğrudur. Elə insan var ki, onun 100 manata ehtiyacı yoxdur. Elə ailələr isə var ki, onların 10 manata da ehtiyacı var. Yəni bunu bərabərlik prinsipi ilə deyil, ədalət prinsipi ilə bölüşdürmək lazımdır”.

 

REAL üzvü deputatın uşaqlara yardımla bağlı fikirlərini isə belə şərh edib:

 

“Həqiqətən də, doğuşun stimullaşdırılması üçün uşaqlara yardım proqramına ehtiyac var. Azərbaycanda son illər doğuş sayı kifayət qədər sürətlə azalır. Bu da demoqrafik problemə səbəb ola bilər. Hətta Dünya Bankının iki gün öncə yaydığı hesabatda bu məsələyə diqqət çəkilib. Azərbaycan hökumətinə bununla bağlı xəbərdarlıq edilib.

 

Bu gün ailələr birinci uşaqlarını plana uyğun dünyaya gətirir. Ancaq növbəti uşaqlar maddi dəstək olmadığı təqdirdə ailənin büdcəsinə yük yaradır və onun aylıq planlamasına problemlərə səbəb olur. Bir çox ailələr sosial problemlər səbəbindən ikinci, üçüncü uşaqları dünyaya gətirməyə çəkinirlər. Məhz həmin kateqoriyalara aid uşaqlara əlavə yüz manat verilməsi mümkündür. Azərbaycan iqtisadiyyatının buna kifayət qədər imkanı var”.

 

Ekspert onu da vurğulayıb ki, yardım proqramının mexanizmi hazırlanmalıdır:

 

“Bir çox Avropa ölkələrində uşaqpulu verilir. Ancaq burada dövlətin məsuliyyəti olduğu kimi, valideynlərin də məsuliyyəti var. Belə ki, həmin pul məhz uşağa xərclənməlidir. Məsələn, Almaniyada bütün ailələri olmasa da, nəzarətçi qruplar seçmə üsulu ilə bəzi ailələri yoxlaya bilir. Burada məqsəd verilən pulun müvafiq olaraq xərclənib-xərclənməməsi ilə əlaqədardır. Azərbaycanda da buna bənzər mexanizm yaratmaqla uşaqlara xərclənən vəsaitin yönləndirilməsi mümkündür. Elə etmək lazımdır ki, həmin vəsaitlə valideynlər telefon almasınlar, televizor dəyişməsinlər. Ona görə də, uşaqlara yardım üçün ayrıca proqram olmalıdır. Bu çox vacibdir”.

 

Qeyd edək ki, deputat Tahir Kərimli bu gün Milli Məclisdə çıxışı zamanı Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı vətəndaşlara pul verilməsi təklifini irəli sürüb. O, təklif edib ki, hər bir vətəndaşa 100 manat məbləğində pul verilsin:

 

"Neft Fondunda kifayət qədər pul var. Mənə elə gəlir bu qədər pul fond üçün çox deyil. Digər bir təklifim isə Azərbaycanda doğulan uşaqlara maddi köməklə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə var. 2 milyon 200 min ailə var. Hər bir ailəyə 200 dollar pul verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər