Saytımızı qiymətləndirin


 
 

Bu gün Əhməd Cavadın anım günüdür
Tarix: 12-10-2022 | Saat: 10:52
Bölmə:Karusel | çapa göndər

Bu gün Əhməd Cavadın anım günüdür

 


Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması, ictimai xadim, milli istiqlal şairi Əhməd Cavadın anıldığı gündür. 

Türk dünyasının böyük oğlu Əhməd Cavadın həyat və yaradıcılıq yolu vətənə-millətə sevgi, sədaqət və mübarizədən keçmişdir. 

1892-ci ildə Gəncəbasar bölgəsinin Şəmkir mahalında dünyaya göz açan Əhməd Cavadın baba nəsli əslən Cənubi Azərbaycandan idi. Daha sonralar Gəncəyə köçən şair 1913-cü ildə Gəncə müsəlman-ruhani seminariyasını uğurla bitirərək, Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadə tərəfindən "Şərəfli türk və fars dilləri müəllimi"adı ilə təltif edilmişdir.

Çox gənc ikən belə türkçülüyün şərəf olduğunu dilə gətirən, qürur duyan Əhməd Cavadın hər yazdığı şeir sevgi ilə yanaşı dilinin sadəliyi və gözəlliyi ilə qəlbləri oxşayır, vəsf etdiyi təsvirlər isə göz önündə canlanır. 

Millət, torpaq təəssübkeşliyi şairin yaradıcılıq qaynağı idi. Hamıya məlumdur ki, o eyni zamanda bir Anadolu sevdalısı idi.

Nəinki Azərbaycan, Türkiyənin çətin tarixi dönəmlərində vətən fədaisi Əhməd Cavad daim mücadilə etmiş, böyük xidmətlər göstərmişdir.

Elə 1912-ci ildə Balkan müharibəsində könüllü iştirak edib, döyüşən Ə.Cavadın sonrakı taleyinin həll olunmasında əsas səbəblərdən, daha doğrusu bəhanələrdən oldu. Belə ki, 1937-ci il repressiyası zamanı ona qarşı sürülən ittiham və dəlillərdən biri məhz bu müharibədə iştirakı idi. 

Böyük Əhməd Cavadın canı qədər, vətən kimi sevdiyi Türkiyə üçün fədakarlığı bununla bitmir. 1915-ci il yanvar ayında Soyuqqamışa doğru gedən yolda 90 min məhmətciyin buz heykələ çevrilməsi Əhməd Cavadın ikinci dəfə Türkiyəyə getməsinə səbəb olur. Həmin il "Azərbaycan Xeyriyyə Cəmiyyəti"adından zərər çəkənlərə yardım paylanmasında təşəbbüs göstərərək, yaxından iştirak etmişdir. 1916-cı ildə isə H.Z.Tağıyevin maliyyə dəstəyi ilə Batumda 2000-dən artıq türk uşaqları üçün məktəb açmış, özü də müəllim kimi həmin məktəbdə fəaliyyət göstərmişdir.

Vətən sevgisi ilə yaşayan şair 1918-ci il alovlu hadisələr zamanı Bakını işğalçılardan azad etmək üçün vuruşaraq, şücaət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günlər Əhməd Cavad ömrünün ən qürurlu, təntənəli günləri idi. Vətənə, millətə, nəsillərə yadigar qoyduğu dövlət himnimizin sözləri ilə dahi Üzeyir Hacıbəylinin musiqisinin vəhdəti Azərbaycan-türk övladının keçdiyi şanlı yolu, vətən-torpağ sevdasının hüdudunun hədsiz-sərhədsiz olduğunu, dinlədiyimiz zaman bütün vücudumuzla hiss etdiyimiz eşqin ecazkar-füsunkar cazibəsinin həyəcanını duyur, onunla yaşayırıq.

Cümhuriyyət şairimiz Əhməd bəyin Azərbaycan bayrağına həsr etdiyi şeir isə yaradıcılığının ən həssas, ən coşğulu məqamı olaraq ədəbi tarixin yaddaşına yazılıb:

Türküstan elləri öpüb alnını

Söyləyir dərdini, sana bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərməğan yollasın, sana bayrağım!

Şairin vətənə vətəndaş kimi etdiyi xidmətlər qədər ədəbiyyatımıza da verdiyi töhfələr sınırsızdır. Təkcə bir neçə şeiri kifayətdir ki, onun dərin ədəbi bilgisini, ruhunun zənginliyini, insanlığa, bəşəriyyətə sevgisini bizlərə tanıtsın. 

Əhməd Cavadın Cümhuriyyətin süqutundan sonrakı ömrünün məyusluq illəri qəlb ağrıdır. 

Sovet təbliğat mexanizminin icad etdiyi repressiya Azərbaycan aydınlarından, düşünən beyinlərdən, vətən üçün döyünən qəlblərdən yan keçmədi. Rəsmi mənbələrə görə 4 iyun 1937-ci ildə həbs edilmiş  bütün ömrünü xalqın, torpağın  bütövlüyü uğrunda mücadiləyə həsr etmiş, istiqlal şairi Əhməd Cavad həmin ilin bu günü güllələnmişdir.

Əhməd Cavad dünən, bu gün, sabah Vətən üçün yaşamış, yaratmışdır. 

Onun ruhu qarşısında baş əyir, sevgi ilə anırıq:

Dağlarının başı qarlı,

Sinəsi yaşıl ormanlı!

Dərələrin şirin barlı,

Azərbaycan, Azərbaycan!

Səhraların sünbüllüdür,

İl müdam üstü güllüdür!

Bağçaların bülbüllüdür,

Azərbaycan, Azərbaycan!

Durna gözlü bulaqların,

Cənnət kimi yaylaqların!

Geniş-geniş oymaqların,

Azərbaycan, Azərbaycan!

Sinən odu şölə saçlır!

Dünya səndən işıq alır!

Verməyəndə zülmət qalır!

Azərbaycan, Azərbaycan!

Yer üzündə yoxdur tayın!

Gur-gur axar neçə çayın!

Bol veribdir, fələk payın!

Azərbaycan, Azərbaycan!

Laçının var, tərlanın var,

Çoxlu şirin dastanın var!

Qorxun yoxdur, düşmanın var!

Azərbaycan, Azərbaycan!

Kulturoloq,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər