Tarix: 22-02-2022 | Saat: 19:30
Bölmə:Karusel / Sosial | çapa göndər
İşğaldan azad edilmiş bölgələrə qanunsuz səfər etmə ittihamı ilə həbs olunan müğənni Manaf Ağayev üzr videosunun çəkilməsini istəməyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Baku TV-də yayımlanan “Üzbəüz” verilişində danışıb.
Onun sözlərinə görə, Manaf Ağayev əməlindən peşman olduğunu bildirib:
Manaf Ağayevə xüsusi imtiyaz verilməyib. Üzr videolarının çəkilməsi xətaya yol verən şəxslərin öz istəkləri ilə bağlıdır. Bu barədə prosessual məcburiyyət yoxdur. Manaf Ağayev peşmanlığını məhkəmədə də bildirdi. Bəzi şəxslər öz təşəbbüsü əsasında cəmiyyətdən üzrxahlığını ifadə edən videolarının çəkilməsinə etiraz etmir.
Amma Manaf Ağayev videogörüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, "mənim səhvimi artıq bütün cəmiyyət görüb". Xahiş etdi ki, əlavə videogörüntülər çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zərurət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər”.
Xatırladaq ki, işğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan müğənni Manaf Ağayev və onunla birgə gedən iş adamı Sənan Hüseynov fevralın 18-də həbs edilib. Onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Digər xəbərlər