Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın mina problemi ABŞ-da müzakirə olundu
Tarix: 15-09-2022 | Saat: 23:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın mina problemi ABŞ-da müzakirə olundu

ABŞ-da səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Sülhün Kökləri” vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Heidi Kühnün dəvəti ilə Napa Vadisində keçirilən 25 illik yubiley tədbirində iştirak edib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə dünyanın müxtəlif yerlərindən önəmli qonaqlar, işadamları, donorlar, rəsmi və məşhur şəxslər iştirak ediblər. İlk olaraq Napa Vadisində simvolik ağac əkən qonaqlar daha sonra Yountville İcma Mərkəzində “Sülhün Kökləri – Minalı ərazilərdən üzümlüklərə", “Bir qadının dünyanı qorumaq missiyası” adlı yubiley tədbiri start götürüb.

Azərbaycanın işğaldan azad olunan torpaqlarında olan mina problemi dünyanın nüfuzlu insanlarının, rəsmi şəxslərin qatıldığı böyük tədbirdə gündəmə gəlib. U.Mirzəyev ziyafətdə qonaqlarla, rəsmi şəxslərlə Azərbaycanın mina problemi və onun həllinin sürətlənməsinə dəstək göstərilməsi ilə bağlı müzakirələr aparıb. Onlar qeyd edib ki, gələcəkdə bir sıra layihələri həyata keçirmək üçün Azərbaycana səfər etməkdə maraqlıdırlar. Daha sonra Heidi Kuhnün özünün Azərbaycan səfərindən söz açıb, qonaqlara ölkə haqqında, onun mübarizə apardığı problemlərdən geniş məlumat verib. Həmkarı U. Mirzəyevlə birgə Azərbaycanda olarkən minalanmış Qarabağa səfərlərini xüsusi olaraq qeyd edib.

Tədbirin fəxri qonaqları arasında olan Umud Mirzəyev ilk öncə BAMF adından 25 ildir sülh üçün çalışan “Sülhün Kökləri”ni yubiley münasibəti ilə təbrik edib. Ona vətəndaş cəmiyyətinin gələcək həyatında və işlərində müvəffəqiyyətlər arzulayıb.

“Heidi Kuhnün bütün dünyada minaların məhv edilməsi və mina sahələrinin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir”, – deyə, Umud Mirzəyev bildirib.

BAMF prezidenti Heidi Kuhnün Azərbaycana səfərindən və Qarabağda icrasına başlanılacaq “Minalardan ərazilərdən üzümlüklərə” (“Mines to Vines”) layihəsinin əhəmiyyətindən də söz açıb:

“Bu ilin mart ayında “Sülhün Kökləri” toxumu Azərbaycanda da səpildi. Beynəlxalq Qadınlar günü ərəfəsində Heidi Kühn minalanan Qarabağa - Azərbaycana səfər etdi. Qeyd etmək istərdim ki, biz Bakıda “Sülhün Kökləri” ilə əməkdaşlıq memorandumu imzaladıq. Biz söz verdik ki, Qarabağı yenidən çiçəklənən bağa çevirmək üçün əlimizdən gələni edəcəyik. Artıq Qarabağda “Mines to Vines” təşəbbüsünün icrasına başlayırıq. Biz sülhün köklərini müharibədən zərər çəkmiş daha bir ölkədə də cücərdiyini görəcəyik”.

Daha sonra Umud Mirzəyev BAMF tərəfindən Heidi Kuhnün Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Canlanan Torpaq” adlı kitabını və 25 illik yubileylə bağlı təbrik plaketini müəllifə təqdim edib. H.Kuhnün kitabının tərcüməsi və yüksək keyfiyyətli tərtibatından məmnunluğunu çatdırıb. O həmçinin, hədiyyədən təsirləndiyini və Azərbaycanlı oxuucuların kitaba böyük maraq göstərəcəyinə inandığını vurğulayıb. U.Mirzəyev həmçinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun təbrik məktubunu da xanım Kühnə çatdırıb. 

Tədbirdə H.Kuhnün Bakı səfərinə həsr olunan video-çarx da nümayiş etdirilib. Süjetdə onun Umud Mirzəyevlə səfər etdiyi Ağdam, Tərtər və Füzuli rayonunda minalarla çirklənmiş ərazilərə səfəri zamanı lentə aldığı görüntüləri də yer alıb. Çox təsirləndiyini dilə gətirən xanım Kuhn bir daha dərin təşəkkürlərini bildirib. 

İki gün davam edən tədbirin sonunda Heidi Kuhn sosial şəbəkə hesablarından Qarabağda reallaşacaq olan layihə və Azərbaycanda olarkən hazırlanmış videoçarxla bağlı paylaşım edib.

Xatırladaq ki, BAMF prezidentinin sentyabrın 7-də başlayan səfəri davam etməkdədir.



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər