Tarix: 03-09-2022 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Aydın Əliyevin qaynı Anar Hacıyev və onun ortağı olduğu bildirilən Səfər Səfərovun 100 min dollardan çox pulu mənimsədiyi iddia olunur.
Məsələ ilə bağlı “Qafqazinfo”ya müraciət edən sahibkar Mövlud Məmmədov bildirib ki, tanışı Gülcənnət Abdullayeva ilə birlikdə bizneslə məşğul olublar və iş prosesində özünü gömrük brokeri kimi tanıdan Səfər Səfərovla tanış olublar. M.Məmmədov qeyd edir ki, S.Səfərov onların məhsulla dolu yük maşınını gömrükdən keçirmək üçün 40 min dollar alıb: “Səfər bizə dedi ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin qohumu, yəni həyat yoldaşının qardaşı Anar Hacıyev vasitəsilə istənilən işi görə bilər. Bu işə görə Səfər Səfərov bizdən 30 min dollar aldı, sonra Anar Hacıyev də Gülcənnət Abdullayevanın həyat yoldaşından 10 min dollar aldı. Yük maşınında olan 100 min dollarlıq malı da mənimsədilər”.
Sahibkar iddia edir ki, bununla bağlı hüquq-mühafizə etdiyi şikayət bir ilə yaxındır ki araşdırılmır: “Yanvar ayından iş Yasamal Rayon Polis İdarəsindədir, amma müstəntiq cinayət işi açmaq üçün bizdən 10 min manat rüşvət tələb edir. Əvvəlcə Pərviz adlı müstəntiq bizim əleyhimizə material toplayaraq cinayət işinin başlanılmasını rədd etdi. Bizim prokurorluğa şikayətimizdən sonra bu qərar ləğv edildi, bu dəfə iş müstəntiq Azər İsmayılovun icraatına verildi. Budəfəki müstəntiq bizdən izahat alanda dedi ki, “bu iş üçün əziyyət çəkmişəm”, 500 manat istədi. Həmin vaxt üstümüzdə manat yox idi, 300 dollar verdik”.
Mövlud Məmmədovun sözlərinə görə, daha sonra işin gedişatı ilə maraqlanmaq üçün müstəntiq Azər İsmayılovla təkrar görüşüblər: “Müstəntiq bizə dedi ki, Yasamal prokuroru Elman Süleymanov cinayət işi başlatmaq üçün 10 min manat istəyir. Biz də pul vermədiyimiz üçün iş yubadıldı, araşdırılmadı və bütün sübutları istintaqa təqdim etsək də, cinayət işi başlanmadı. Buna görə də təxminən bir ay əvvəl prokuror Elman Süleymanovun qəbulunda oldum və baş verənlər haqda ona məlumat verdim. Lakin heç bir tədbir görülmədi. Növbəti dəfə iş başqa müstəntiqə həvalə edildi. Hər dəfə şikayət edəndə müstəntiqi dəyişirlər və işdə Aydın Əliyevin qaynının adı keçir deyə cinayət işi başlatmırlar. Bütün sübutları təqdim etsək də, bir ilə yaxındır Anar Hacıyev və Səfər Səfərovun izahatları alınmayıb. Həmin şəxslər barəsində cinayət işinin başlanmasını, müstəntiq Azər İsmayılovun barəsində müvafiq hüquqi tədbirlərin görülməsini xahiş edirəm”.
Müraciətlə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirdi ki, iş üzrə materiallar Yasamal Rayon Prokurorluğuna göndərilib: “Vətəndaş Mövlud Məmmədov, tanışı Səfər Səfərovun ondan birgə iş görmək adı ilə külli miqdarda pulu aldığını, lakin əvəzində heç bir iş görmədiyi ilə bağlı ərizə ilə polis orqanlarına müraciət edib. İşlə bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılıb və toplanmış materiallar cinayət işinin başlanılması üçün aidiyyəti üzrə Yasamal Rayon Prokurorluğuna göndərilib”.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab kimi bildirildi ki, müraciət üzrə araşdırmalardan sonra cinayət işi başlanılıb: “Qeyd olunan faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı aparılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib”.
Qeyd edək ki, Aydın Əliyev 2006-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri olub.
Digər xəbərlər