Saytımızı qiymətləndirin


 
 

“Biz vəziyyəti tez dəyişmək istəsək, Zəngəzurda mövqelərimiz zəifləyəcək” 
Tarix: 31-08-2022 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Biz vəziyyəti tez dəyişmək istəsək, Zəngəzurda mövqelərimiz zəifləyəcək”  Xankəndi şəhəri ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni yol istifadəyə verilib. 

Yeni dəhlizlə gediş-gəlişin həyata keçirilməsi sentyabrın 1-dən daha tez reallaşıb. 2020-ci il noyabrın 10-da arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 5 kilometr enində dəhlizin təhlükəsizliyi ilə Rusiya sülhməramlıları məşğul olacaq. 

Ancaq ermənilərin yeni yolla Azərbaycan ərazisinə Ermənistandan silah daşıması və yaraqlıların Qarabağa keçməsi həllini gözləyən problem olaraq qalır. Sülhməramlıların ermənilərə mane olmayacağı şübhə doğurmur. Yeganə vasitə yeni alternativ hərəkət marşrutunun Ermənistanla sərhədində Azərbaycan tərəfindən sərhəd-buraxılış və gömrük-keçid məntəqələrinin quraşdırılmasından ibarətdir. 

Artıq Azərbaycan Gorus-Qafan yolunda analoji təcrübəni tətbiq edib. Eyni qərarı yeni Laçın dəhlizinə də şamil etməyin vacibliyi barədə təkliflər səslənir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Qarabağla Ermənistan arasında dəhlizin istiqamətinin dəyişməsi Azərbaycan üçün çox vacibdir. Çünki bununla Azərbaycan mühüm əhəmiyyətə malik bir sıra yaşayış məntəqələrinə nəzarəti ələ alıb. Lakin diplomat hesab edir ki, yeni dəhlizdən istifadə qaydaları dəyişməlidir: 

“Sülhməramlılar gərək öz vəzifələri ilə məşğul olsun, yəni təhlükəsizliyi təmin etsin. O ki qaldı sərhədlərə aid funksiyalara, onu Azərbaycanın müvafiq dövlət qurumları həyata keçirməlidir. Artıq bunun nə vaxt baş verəcəyi gündəmə gəlib. Fikrimcə, bu məsələdə Rusiyanın mövqeyi çox vacibdir. Əminəm ki, Azərbaycan bu istiqamətdə bütün imkanlardan istifadə edəcək. Çünki bölgədə reinteqrasiya prosesi yalnız erməni silahlı birləşmələrinin tərksilah edilib buraxılmasından sonra mümkündür. Həmin vaxta qədər reinteqrasiyanı təmin etmək Azərbaycan üçün mümkün olmayacaq. Bu problemi həll etmək üçün Laçın məsələsi əsas amillərdən biridir”. 

Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizində sərhəd və gömrük-keçid məntəqələri quraşdırmaqdan imtina etməsə, Azərbaycan buna cavab olaraq Laçındakı alternativ yolda postlar yaratmalıdır: 

“Ermənistan 10 noyabr sənədini öz maraqlarına cavab verən şəkildə şərh edir. Mən əvvəl də demişəm ki, əgər 10 noyabr Bəyanatı tam şəkildə icra olunsa, biz uduş əldə edəcəyik. Belə ki, Laçın dəhlizinə dair Azərbaycanın öhdəlikləri beş il müddətinə nəzərdə tutulub. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öhdəliyi isə müddətsizdir. Əgər biz vəziyyəti beş ildən tez dəyişmək istəsək, Zəngəzurda mövqelərimiz zəifləyəcək. Yəni eksterritoriallığın tələb olunması problemlər yaradacaq. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə də biz hansısa qərar qəbul etməyə hazır olmalıyıq. Ya üç ildən sonra yeni Laçın dəhlizində sərhəd-buraxılış məntəqləri quraşdırmalıyıq, ya da Zəngəzurda da Ermənistanın eyni postları qoymamasını tələb etməliyik. Yəni bunlar qarşılıqlı şəkildə bağlıdır. Ermənistan da bu təklifə razılaşmır. Bu isə Azərbaycana əsas verir ki, Laçın dəhlizində sərhəd-buraxılış və gömrük-keçid məntəqələri quraşdırsın. Biz bəyanatın beş ili tamam olmamış bu məsələni gündəmə gətirə bilərik. Burada digər fərq indiki mərhələdə ondan ibarətdir ki, Laçın dəhlizində eksterritoriallığı sülhməramlılar həyata keçirir. Ancaq beynəlxalq təcrübəyə görə, sülhməramlılar təhlükəsizliyə cavabdehdir. Onlar sərhədlərin mühafizəsi funksiyasını yerinə yetirmir. Ona görə də sərhədlərin mühafizəsi ilə bağlı Azərbaycanın tələbləri üçün əsaslar yaradır. Amma 10 noyabr razılaşmasına əsasən, Zəngəzurda təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirməlidir. Yəni bu, 1992-ci ildə Ermənistan və Rusiya arasında imzalanmış sazişə uyğun olaraq, onların funksiyasına daxildir. Əgər Zəngəzur dəhlizi açılsa, orada müddətsiz eksterritoriallıq yarana bilər. Bu gün bizə lazım olan məsələ Ermənistanın Azərbaycan ərazisinə silahlar keçirə bilməməsidir. Hesab edirəm ki, Azərbaycan dəhlizdə Rusiya sülhməramlıları ilə müvəqqəti olaraq müştərək nəzarət postları yarada bilər. Azərbaycan tərəfdən bu funksiyanı ya sərhəd xidmətinin, ya da hərbi polisin yerinə yetirməsi mümkündür”.(yenisabah.az) 



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər