Saytımızı qiymətləndirin


 
 

Bu il yazda qeyri-sabit havanın tez-tez qeydə alınmasının səbəbi açıqlanıb
Tarix: 19-06-2023 | Saat: 15:00
Bölmə:Karusel / Sosial | çapa göndər

Bu il yazda qeyri-sabit havanın tez-tez qeydə alınmasının səbəbi açıqlanıb

Bu il yaz fəslində qeyri-sabit havanın qeydə alındığı günlərin sayı daha çox təkrarlanır, bir çox bölgələrə dolu, leysan yağışları yağır və çaylardan sel keçir.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Apa-a açıqlama verən Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib ki, şimaldan soyuq hava kütlələri, Qərbdən Atlantik okeanı və Aralıq dənizindən daxil olan rütubətli hava kütlələrinin Azərbaycan ərazisində görüşməsi halları nə qədər tez-tez təkrarlanarsa, təhlükəli atmosfer proseslərinin və onlarla əlaqədar olan intensiv leysan, dolu, ildırım, şiddətli qasırğa küləkləri, həmçinin daşqın və sellərin ehtimalı da bir o qədər çox olur:

"Qeyd olunan hava kütlələrinin daxil olması özünü soyuq hava cəbhələri və cənub siklonlarının əraziyə yaxınlaşması ilə büruzə verir. Soyuq hava cəbhələrində isti və nisbətən soyuq hava kütlələri sərhəddində temperatur kontrastı nə qədər kəskin olarsa, baş verən təhlükəli atmosfer prosesləri daha şiddətli olur. Yaz, hətta bəzən yay aylarında hava şəraitinin kəskin pisləşməsi əsasən əraziyə daxil olan hava kütlələri ilə əlaqədar olur. İndi get-gedə hava isinir və Şimaldan soyuq hava kütlələri daxil olanda burada olan rütubətli isti hava kütlələrini yuxarı qaldırır, nəticədə dolu düşür, leysan yağır. Yerüstü isti hava nə qədər böyük sürətlə yuxarı qalxarsa, əmələ gələn topa-yağış buludları bir o qədər təhlükəli olur. Hər gün müxtəlif rayonlarda intensiv dolu düşdüyünü, güclü leysan yağdığını, sel və daşqınların baş verdiyini eşidirik. Əraziyə daxil olan irimiqyaslı hava kütlələri yerli oroqrafiya və torpaq örtüyünun xüsusiyyətləri ilə qarşılıqlı təsirə girməklə, daha kiçikmiqyaslı (mezzo miqyaslı) atmosfer hava dövranlarını yaradır ki, bu da son nəticədə ayrı-ayrı rayonlarda baş verən təhlükəli atmosfer hadisələrinin intensivliyini, davametmə müddətini və ərazi üzrə paylanma xarakterini müəyyən edir".

Səid Səfərov qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq daha çox leysan yağması və dolu düşməsinin əsas səbəbi də məhz Şimaldan soyuq, Qərbdən isə rütubətli hava kütlələrinin əraziyə daha tez-tez daxil olmasıdır.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər