Qış villası - Rəna İbrahimova yazır
Tarix: 30-08-2022 | Saat: 21:27
Bölmə:Karusel / Yazar | çapa göndər
1492 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-08-2022 | Saat: 21:27
Bölmə:Karusel / Yazar | çapa göndər
Təbiət bu qızları yaman sevdi. Dərdlərinə acıdı. Kömək etmək üçün düşündü, daşındı. Gecə bir qar yağdırdı, bir qar yağdırdı. Dədəm vay!!! Nənəm vay!!! Yollar bağlandı. Təbiətin oyunu əvvəlcə onları qorxutdu. Sonra Göy onlara bir göz vurdu. Buludlar yerə endi, duman, sis gəldi. Günəş gizlindən baxıb güldü. Sonra tamam gizləndi. Yeddi gün, yeddi gecə görünmədi. Qlzların fikirləri daha çox uşaqlarının yanında qalmışdı.
Pahhhh!!! Çöldə bir qar vardı, adam boyu. Qızların heç nəyə ehtiyacları yox idi. Qış villasının sahibəsi onları hər şeylə təmin edirdi. Bu qızlardan onun da xoşu gəlmişdi. Mehriban, gülərüz, səmimi olan gözəlləri belə tez əlindən buraxmaq istəmirdi. O da təbiətə tapşırdı ki, elə tələ qur ki, bunlar bir az da burada qalsınlar. Yaxşıca dincəlib, özlərinə gəlsinlər. Həm də qızlar sahibəyə öz gəncliyini geri qaytarmışdı sanki.
Beləcə, onlar çıxıb təmiz, şaxtalı havanı ciyərlərinə çəkir sonra kaminin kənarında dövrə vurub otururdular. Kimi yerdə döşəkcələrin üstündə, kimi divanda, kimi yellənən kresloda. Danışdıqca danışır, danışmaqdan, ünsiyyətdən doymurdular. İllərin yorğunluğu, dərd-sərləri, sevincləri, uğurları, uğursuzluqları, səhvləri, düzləri, yanlışlıqlarını deyib, danışıb ağlayır, gülür, qəhərlənir, dərdlənir, xatirələrə dalır, danı diri tuturdular. Onlarla birgə Göy də ağlayır, Günəş də gülür, sular da durulurdu.
Nəhayət onlar illərin bütün yükünü ürəklərindən ataraq azaltdılar. Yük azaldıqca təbiətin rəngi-rufu da açılırdı. Qar yavaş-yavaş əriməyə, donmuş, buz bağlamış sular çağlayaraq axmağa, duman, sis çəkilməyə başladı.
Ərlər çox çətinə düşmüşdülər, olmayan kimi. Onlar hara, bu qədər iş-güc, qayğı hara? Heç telefonla da danışa bilmirdilər. Ucqar dağ kəndi, hava şəraiti, şəbəkə problemi... Arada darıxardılar amma ona vaxt da yox idi. Evlər zibillənməyə, qablar kirlənməyə, paltarlar çirklənməyə, uşaqların dərs yükü çoxalmağa başladı. Hələ bunlar azmış kimi evdə, küncdə-bucaqda olan ərzaqlar da qurtardı. Qayğılar artıqca, ərzaqlar bittikcə səbr kasası da daşır, hövsələ tükənirdi. Bilmirdilər hansı işə, haraya qaçsınlar. Əlimyandıda idilər. Necə yorulurdular, aman, necə? Səhərlər zəngli saat çalanda belə eşitmirdilər, onları oyadan olmurdu.Hələ uşaqları oyatmaq, səhər yeməyi hazırlayıb dərsə yola salmaq? Ehhh...”əri döymüş arvadı, it də tutdu bir yandan” məsəli.
Birdən ayıldılar ki, evlər soyuyub, olub bumbuz. Su gəlmir, işıq yanmır. Qapnı açar-açmaz qəbzlər yağış kimi üstlərinə töküldü. Sən demə, su, işıq, qaz, telefon pulları ödənməyib. Borc yığılıb xirtdəyə, xirtdəkdən də yuxarı. “Necə, harda ödəyirlər, görən?” fikirləri baş çatladır. Qonum-qonçudan, tanış bilişdən, dost-aşnadan öyrənib bu işi də həll etdilər. Papaqları ilə alınlarını silib köməksizcəsinə pal-paltarlı üst-başları açıq yatağa uzanıb yatdılar. Üstlərini kim örtəcək?
Səhər tezdən oyanan kimi kimi internetdən, kimi televiziya, radiodan hava haqqında xəbərləri eşidər-eşitməz üz tutdular kəndə sarı.
Pahh!!! Hər şey heç də asan olmadı. Yollar tıxac, kələ-kötür, nahmar, eniş, yoxuş. Hamı öz arvdının yanına tez çatmağa çalışırdı. Bu dağ kəndinin yolları yol olandan hələ belə büsat görməmişdi. Az qala siqnladan qulaq tutulsun!Dava düşəcəkdi ki, bəziləri tanış üzləri görüb yumşaldılar. Sən demə, hamı “blokadada” qalmış Qış villasının qızlarının ərləriymiş. Tıxacı da elə bunlar yaradıb. Bir-birinə hörmətlə yol verib dağa qalxdılar. Siqnal siqnal üstə...bippppp!!! Ərlər gəliblər!!! Pəhhhh!!! Güllə, çiçəklə, rəngbərəng şarlarla, yupyumşaq ürək şəklində oyuncaqlarla. Deyəsən, köhnə səhvlər yada düşüb peşman olmuşdular. Sanki bir neçə toy bir gündə olurdu.
Səs-küyə, siqnalın,maşınların uğultulu səsinə Qış villasının sahibəsi əlində qoşalülə çıxdı.
—Nədi əəə? Nooolufdu? Bu nə həngamədi, həəə? İndi yadınıza düşüf bu qızdara gül, yumşax oyuncax almaaax? Həəəə...əlacsız, naçar qalıfsız, binəvalar? Acsız? Susuzsuz? Paltrrar kirrənif? Yuyan yoxdu? Əziy-üzüydü, ütülüyən yoxdu? Uşaxların əlində qalıfsız?
Hamısı başını aşağı saldı. Xəcalət təri bu şaxtalı havada puçur-pucur axmaq əvəzinə alınlarındaca donub qaldı.
-Bura baxın, eyyy!!! Bu qızdara bunnan sora güldən ağır söz desəniz, qarşınızda bax, bu qoşalüləni görəjəhsiniz!!!
O, qoşalüləni yuxarı qaldırdı. Belində də patron qatarı. Ərəbzəngi kimi, Həcər kimi, Nigar kimi. Tək əliylə qoşalülədən elə sinəsinə sıxmadan əlini tətiyə sıxıb havaya güllə açdı. Paaaart!!!
Hamısı qorxudanmı, ya qadına hörmətdənmi, yox, elə qoşalülənin zəhmindənmi qorxudan əsirdilər. Sakitcə, nəzakətlə onların yığışmağına kömək etdilər. Onları ümidsiz, köməksiz görəcəkdilər deyə düşünən , “ sən nə bacarırsan?” , “sən kimsən?”, “mənsiz heç kimsən!”, “mən olmasam düz yolunu da yeriyə bilməzsən!” deyənlər qızların üstündən heç şaxta da külək də ötmədiyini görüb təəccübləndilər. Yerə, göyə baxdılar. Günəş də, külək də, qar da, dumanla sis də onlara barmaq silkələdilər. Göy yumruğunu elə sıxdı ki, ərlər başlarını əlləriylə tutdular. Yer necə hikkəli silkələndisə az qala qurumuş, donmuş otlardan tutmaq istəyib çır-çırpıdan yapışdılar. Qızlara baxıb yazıq-yazıq boyunlarını büküb baxışlarıyla üzr istədilər. Maşınlarına oturub yerə, göyə, bir əlini belindəki düzüm-düzüm düzülən qatara, digəri ilə hələ də qoşalüləni qatara dayayaraq üzü yuxarı tutan Qış villasının sahibəsinə, dumana, çənə baxmadan dabanlarına tüpürüb qaçdılar. Söz verdilər ki, arvadlarını bir də incitməyəcək, bu qədər yükləməyəcəklər. Yoxsa qoşalülə boş fikirlərlə dolu başlarının üstündə çaxar, göy yumruq sıxar, yer ayaqlarının altından qaçar, gün günlərini qovurub göy əsgiyə bükər, külək olan ağılı da göyə sovurar.
Onların arxasınca baxan sahibə kövrələrək yanağından yaş tökdü. Göstərməmək üçün ətrafına vaxdı. Sahibə, yer, göy, gün, külək, sis, duman, təbiət bir-birlərinə baxıb şaqqanaq çəkib güldülər. Ərlər bunu qışın oğlan çağında çaxan şimşək, şaqqıldayan ildırım hesab etdilər. Yoxsa qorxudan qəza törədəcəkdilər. Sinə dolu nəfəs alıb, möcüzə dolu arvadlarına baxıb yazıqcasına gülümsündülər.
Qızlar çox xoşbəxt idilər. Olmayan kimi!
Yumoristik janr
Qış villası
Xəbəri paylaş
Digər xəbərlər
1-07-2022, 12:18
İmtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılacaq, İşçi Qrup yaradılıb
7-10-2023, 14:38
HƏMAS-ın hücumu nəticəsində 20 israilli ölüb - Yüzlərlə yaralı var
7-09-2024, 11:04
Türkiyədə 5 bal gücündə zəlzələ olub
30-08-2022, 12:35
Səhiyyə Nazirliyi: İtkin düşmüş şəxslərin skelet qalıqları üçün xüsusi depolar yaradılıb
27-02-2022, 19:32
Ukrayna-Rusiya danışıqları yaxın vaxtlarda başlaya bilər
24-11-2023, 11:52
Xocalının 3 kəndi Şuşaya verilir - Alıcan LƏĞV EDİLİR
6-10-2023, 14:25
Kişilərə 14 günlük “atalıq məzuniyyəti” vermək təklif olunur
19-05-2021, 14:48
Təhsil haqları dövlət tərəfindən ödəniləcək tələbələrin NƏZƏRİNƏ
26-02-2021, 14:28
Prezidentdən TAPŞIRIQ: “Jurnalistlər yaxın vaxtda Şuşaya aparılsın”
5-03-2021, 15:06
Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib