Tarix: 25-08-2022 | Saat: 16:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
“Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklərə əsasən, sentyabrın 1-dən hakimlərin maaşı 27% artacaq.
Qarabaginfo.az, məhkəmələrdə gözlənilən artımla bağlı hesablama aparan hüquqşünas Əkrəm Həsənov deyib ki, Konstitusiya Məhkəməsi sədrinin maaşı 5544,06 manatdan 7026,02 manata, Ali Məhkəmə sədrinin aylıq məvacibi isə 5637,39 manatdan 7182,21 manata çatacaq.
Qanundakı faiz nisbətlərinə əsasən digər hakimlərin xalis rəsmi gəliri təxmini (staj və elmi dərəcə meyarlarına görə fərqlər ola bilər) belə olacaq:
1. Konstitusiya Məhkəməsi sədrinin müavini – 6323 manat;
2. Konstitusiya Məhkəməsinin hakimi – 5972 manat;
3. Ali Məhkəmə sədrinin müavini – 6463 manat, kollegiya sədrləri – 6104 manat, hakimləri – 5745 manat;
4. Apellyasiya məhkəmələrinin sədrləri – 6463 manat, müavinləri – 5816 manat, kollegiya sədrləri – 5493 manat, hakimləri – 5170 manat;
5. Ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrləri – 5745 manat, müavinləri – 5170 manat, hakimləri – 4596 manat;
6. Digər məhkəmələrin sədrləri – 5027 manat, müavinləri – 4524 manat, hakimləri – 4021 manat.
Hüquqşünas xatırladıb ki, qanunvericiliyə əsasən hakimlərin imtiyazları da var. Məsələn:
- onların həyatı və sağlamlığı 5 illik əmək haqqı məbləğində sığorta edilir;
- pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində aylıq pul təminatı alır;
- ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir;
- təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hakimlər bu vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində mənzillə təmin edilir.
“Artım kifayət qədər ciddidir. Bu artım dövlət büdcəsi, yəni bizim hesabımıza baş verir. Buna görə də bütün məmurlar, o cümlədən hakimlər də bizə xidmət etməlidir. Dürüst və vicdanla! Korrupsiyaya bulaşmadan. Ümid edirəm ki, qismən də olsa belə olacaq”,-deyə hüqüqşünas əlavə edib.
Nə qədər ümidlə danışsa da, Ə.Həsənov bütün hakimlərdən ədalət gözləmir:
“Artım yüksək olsa da, hakimlərimizin əksəriyyətinin gözünü doyduracaq qədər deyil. Bizdə hakim təxmini (iqtisadi şəraitə uyğun) ən azı 10000 manat almalıdır. Yüksək məhkəmə hakimləri isə 15000-20000 manat.
Digər tərəfdən də, şəffaflıq olmadığı üçün məmurlar, o cümlədən hakimlər üzərində ictimai nəzarətin həyata keçirilməsi mümkün deyil. Onlar gəlir və xərc bəyannamələri vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır və s. İctimai nəzarətə məruz qalmayan məmurların çoxu həmişə korrupsiyaya meyilli olacaq”.
Hüquqşünas hər bir halda vətəndaşların hakimlərdən haqqını daha inadla tələb etməli olduğunu vurğulayıb:
“Onların maaşı artdıqca, biz də daha çox tələbkar olmalı, ədaləti “haqq” müqabilində əldə etməməliyik!”.
Digər xəbərlər