Tarix: 11-08-2022 | Saat: 23:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları çərçivəsində avqustun 11-də “Azərbaycan günü” keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Atletlər kəndində təşkil olunan tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və könüllülər iştirak ediblər.
MOK-un baş katibi Azər Əliyev sonuncu İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildiyini xatırladıb. Qeyd edib ki, koronavirusla əlaqədar uzun müddət fasilədən sonra qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycanın Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatıldığını söyləyən A.Əliyev deyib: “İdman heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar var və onlar öz güclərini dünyaya nümayiş etdirirlər. Mən, həmçinin bu İslamiadanın yüksək səviyyədə təşkil olunmasına və burada bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyədən olan təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm”.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Musiqili gecədə müğənni İsmayıl İsmayılzadənin ifaları, “Tərəkəmə”, “Cəngi”, “Dərbəndi”, “Naz eləmə”, “Sarı gəlin” və “Tambourine” rəqsləri tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.
Sonda “Şuşa” musiqi qrupunun və Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlanə Abdullazadənin ifaları ilə tədbirə yekun vurulub.
Digər xəbərlər