“Mixeil Saakaşvili artıq azadlığa çıxmaq istəyir, çünki görür ki, onun zamanı keçib”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, Gürcüstanın üçüncü prezidenti və hazırda Rustavi həbsxanasında məhbus həyatı yaşayan Mixeil Saakaşvilinin məhkəmədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, eks-prezident məhkəmə zalında deyib ki, azadlığa çıxacağı təqdirdə yaratdığı partiyadakı lider postundan, habelə Gürcüstandan birdəfəlik gedəcək.
Z. Əlizadə söyləyib ki, Saakaşvili Gürcüstana gəlməmişdən öncə düşünürdü ki, hər şey fərqli olacaq:
“Əvvəllər fikirləşirdi ki, Gürcüstana gələcək, camaat ayağa qalxacaq, onun dalınca gedəcək və s. Sonra gördü ki, camaatın vecinə deyil, çünki xalq gündəlik qayğıları ilə məşğuldur. Ona görə də anlayır və istəyir ki, çıxıb getsin, həyatını Ukraynada davam etdirsin”.
Azərbaycanlı siyasətçi Saakaşvilinin səmimiyyətinə inanır:
“Onun bu sözlərini yalan saymıram. İnanıram ki, bu fikirlərində səmimidir və siyasətdən getmək istəyir.
O ki qaldı onun azadlığa çıxmağına, bu, Gürcüstan hakimiyyətinin ağlından, və qeyrətindən asılıdır. Onların əvəzinə heç nə deyə bilmərəm. Çünki hamısı dələduz və cibini fikirləşəndir”.
"Saakaşvilinin yerinə yeni bir siyasi persona gələ bilərmi" sualına isə Z. Əlizadə belə cavab verib:
“Bu, cəmiyyətdən asılıdır. Millət ölməyib ki! Lazım olsa, yeni lider də gələ bilər”.