Tarix: 18-07-2022 | Saat: 11:33
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Avropaya əlavə təbii qazın tədarükü Azərbaycanın da yerləşdiyi regionu yeni səviyyəyə çıxaracaq, bu isə çox vacib amildir".
Qarabaginfo.az xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən 16-cı Bakı Yay Enerji Məktəbinin açılış mərasimində bildirib.
B. Aslanbəyli BP şirkəti ilə Azərbaycan dövləti arasında 30 il ərzində məhsuldar əməkdaşlığın mövcud olduğunu vurğulayıb: "Şirkət ölkədə bir sıra böyük layihələr həyata keçirir. Bu layihələr daha çox sosial, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlıdır".
Onun sözlərinə görə, müxtəlif spiker və ekspertlərin çıxışları ilə zəngin Bakı Yay Enerji Məktəbinin proqramı iştirakçılar üçün maraqlı və faydalı olacaq.
Xatırladaq ki, bu gün Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Bakıya səfər edəcəklər. Səfər çərçivəsində Azərbaycan hökuməti ilə Avropaya qaz tədarükü məsələsi müzakirə olunacaq. Səfər çərçivəsində Azərbaycan təbii qazının Avropaya tədarükünün artırılması ilə bağlı sazişin layihəsinin, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstəyin müzakirə olunacağı gözlənilir.
Sazişə əsasən, tərəflər kommersiya məqsədəuyğunluğuna və bazar tələbinə uyğun olaraq 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qaz həcmində Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla ikitərəfli təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılmasını nəzərdə tutur.
Layihədə deyilir ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan enerjini təşviq etmək və hidrogenlə gələcək ticarəti müzakirə etmək üçün elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaqlar.
Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) son bir neçə gündə maksimum ötürmə gücünə çatıb.
Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır.
TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.(Report)
Digər xəbərlər