Tarix: 15-06-2022 | Saat: 07:05
Bölmə:Karusel / Dünya | çapa göndər
“Ukraynanın məğlubiyyəti həm də Aİ və NATO-nun dəyərlərinin çökməsi deməkdir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Haaqada keçirilən NATO-ya üzv bəzi ölkələrin (Latviya, Portuqaliya, Niderland, Danimarka, Belçika, Polşa) hökumət başçılarının və NATO Baş katibinin qeyri-formal görüşündən sonrakı birgə mətbuat konfransında Polşanın Baş naziri Mateuş Moravietski deyib.
“Ukrayna xalqı və bu ölkənin əsgərləri azadlıq, suverenlik, yaşamaq hüququ və digər vacib dəyərlər üçün döyüşür. Mən sual etmək istərdim. Bəs biz bu mübarizədə onlara kifayət qədər dəstək vermişikmi? Düşünürəm ki, bu sualın cavabı “Yox”dur. Biz bu mübarizədə Ukraynaya kifayət qədər dəstək verməmişik, öz xalqını, suverenliyini, ərazisini müdafiə etmək üçün kifayət qədər dəstək göstərməmişik. Buna görə də mən sizə çağırış edirəm, sizdən xahiş edirəm ki, Ukraynanın suverenliyini, azadlığını və ərazi bütövlüyünü qorumaq üçün yardım edəsiniz. Düşünün, əgər Ukrayna məğlub olarsa bizim etibarımız necə olacaq?!”, - deyə Moravietski bildirib.
Polşalı nazir deyib ki, Ukraynaya səmərəli və effektiv hərbi dəstəyin verilməsinə fokuslanmaq lazımdır.
“Əgər Ukrayna məğlub olarsa biz heç nə olmamış kimi işimizə davam edə bilərik?! Mən ümid edirəm ki, bu baş verməyəcək. Belə bir ssenarini təsəvvür belə edə bilmirəm. Mən düşünürəm ki, bu Aİ-nin, NATO-nun dəyərlərinin tam çöküşü deməkdir. Biz indi addımlar atmalıyıq. Ağır silahlar həftələr və ya ayalar sonra göndərilməməlidir”, - deyə Baş nazir qeyd edib.
O həmçinin Ukraynanın Avropaya inteqrasiyasına dəstək verməli olduğunu diqqətə çatdırıb.
“Polşa Ukraynaya Aİ-yə üzvlüklə bağlı namizəd statusunun mümkün olduqca tez zamanda verilməsini dəstəkləyir. Bu çox vacibdir, çünki Ukrayna xalqının ümidə ehtiyacı var", - deyə Polşa Baş naziri vurğulayıb.
Digər xəbərlər