"Ukrayna taxılının Türkiyə və Yaxın Şərqə satışı ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb".
Qarabaginfo.az "Interfax"a istinadla xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Jurnalistlərlə söhbət zamanı Peskovdan Ukrayna taxılının olduğu ilk vaqonların Melitopoldan Krıma göndərildiyi, daha sonra Türkiyə və ya Yaxın Şərq ölkələrinə satıla biləcəyi barədə məlumatı şərh etməsi istənilib. Kreml nümayəndəsindən bu dövlətlərlə artıq taxıl satışı ilə bağlı razılığın əldə olunub-olunmadığını soruşublar.
"Xeyr, hələlik dəqiq razılıq əldə olunmayıb. İş davam edir", - deyə prezidentin mətbuat katibi cavab verib.
O, həmçinin taxılla dolu vaqonların göndərilməsi ilə bağlı məlumatı təsdiq edə bilməyəcəyini vurğulayaraq, onda belə bir məlumatın olmadığını bildirib.
Xatırladaq ki, işğal olunmuş Zaporojyenin müvəqqəti hərbi-mülki administrasiyasının (VGA) rəhbəri Yevgeni Balitski iyunun 8-də bildirib ki, Rusiya hərbçilərinin nəzarətində olan Ukrayna vilayətinin ərazilərindən taxıl Yaxın Şərq ölkələrinə çatdırılmağa başlayıb:
"Rusiya Federasiyası vasitəsilə taxıl göndəririk, əsas müqavilələr Türkiyə ilə bağlanır. İlk qatarlar artıq Krımdan keçib, Yaxın Şərq istiqamətində gediblər".