Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın ən yaşlı kişisi – 10 övladı, 22 nəvəsi var
Tarix: 03-06-2022 | Saat: 15:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanın ən yaşlı kişi vətəndaşı İbrahimov Hilal İsa oğludur. 1915-ci il təvəllüdlü H.İbrahimov ölkəmizin həm də ən yaşlı kişi seçicisidir. O, Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub.  

Kənd məktəbinin qabaqcıl şagirdlərindən olan H. İbrahimov Tibb Universitetinə qəbul olub, həkimlik peşəsinə yiyələnsə də, müharibə ona öz ixtisası üzrə uzun müddət işləməyə imkan verməyib. O, könüllü müharibəyə yollanıb. 1941-ci ilin iyun ayının 22-də müharibəyə gedən Hilal İbrahimovun döyüş yolu Berlinə, daha sonra isə Yaponiyaya qədər davam edib. O, göstərdiyi şücaətə görə, bir sıra mükafatlara layiq görülüb. 

Müharibədən sonra H.İbrahimov təhsilini davam etdirərək, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 

Qarabaqinfo.az xəbər verir ki, 107 yaşlı H.İbrahimov hazırda Bakı şəhərinin Sabunçu rayonunda yaşayır. 

O, uzun müddət mühasib vəzifəsində çalışıb. Müharibədən qayıtdıqdan sonra ailə həyatı qurub. Onun bu nikahdan 8-i qız, ikisi oğlan olmaqla 10 övladı dünyaya gəlib. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var. 

2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunə davranış sərgiləyib. Beləliklə, H.İbrahimov həyatında ikinci dəfə hərbi qələbə sevinci yaşayıb. 

Qeyd edək ki, vətəndaş İbrahimov Hilal İsa oğlunun Azərbaycanın ən yaşlı kişi seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb. O, həmçinin ölkəmizin sağ qalan İkinci Dünya Müharibəsi iştirakçıları arasında ən qocamanıdır.(modern.az) 



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər