Saytımızı qiymətləndirin


 
 

Dövlət Proqramıyla xaricdə təhsillə əlaqədar maliyyələşdirmə prinsipləri açıqlanıb
Tarix: 03-06-2022 | Saat: 10:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Dövlət Proqramıyla xaricdə təhsillə əlaqədar maliyyələşdirmə prinsipləri açıqlanıb

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı iştirakçılarının xərclərinin ödənilməsi prosedurur müəyyənləşib.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir. Proqram iştirakçısının minimum normativ təhsil müddətindən artıq müddətdə təhsilinin maliyyələşdirilməsi barədə qərar proqram iştirakçısının minimum normativ təhsil müddətinin bitməsinə azı 6 ay qalmış etdiyi və təhsil müddətinin uzadılmasının səbəbləri göstərilən müraciəti üzrə İdarəetmə Qrupunun təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi bir semestrdən artıq olmayan müddətdə həyata keçirilir.

Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.

Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.

Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlanması və bitməsi tarixlərinin göstərildiyi sənədlər əsasında proqram iştirakçılarının bank hesablarına ödənilir. Proqram iştirakçılarının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən bu Qaydaya uyğun olaraq ödənilir. Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura və ya digər sənədlər əsasında ödənilir.

Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 ay əvvəldən İdarəetmə Qrupuna müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.

Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir. Bank və plastik kartların xərcləri təqdim olunan hesab-faktura və digər sənədlər əsasında müvəkkil bankın hesabına köçürülür. Proqram iştirakçılarının təhsil aldıqları xarici ali təhsil müəssisələrinin dəyişdirilməsinə müqavilə ilə müəyyən edilmiş təhsil müddəti saxlanılmaqla və xarici ali təhsil müəssisələrinin seçim meyarlarına uyğunluğu gözlənilməklə, İdarəetmə Qrupunun təklifləri əsasında Nazirlik tərəfindən razılıq verilir.

Proqram iştirakçılarının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verilmir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilir. Proqram iştirakçılarının xərcləri ödənilərkən, valyuta mübadiləsi məzənnələri arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də bu Qaydada göstərilən sifarişlərin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan

rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlanması tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

Proqram iştirakçısı hər semestr və ya tədris ili başa çatdıqdan sonra 1 aydan gec olmayaraq tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə təhsil aldığı xarici ali təhsil müəssisəsinin arayışını və qiymət cədvəlini (transkript) İdarəetmə Qrupuna təqdim edir. Proqram iştirakçısının hər semestr və tədris ili başa çatdıqdan sonra tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayışa və qiymət cədvəlinə (transkript) əsasən akademik borcu olduğu müəyyən edildikdə, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi həmin hal aradan qaldırılanadək İdarəetmə Qrupu tərəfindən dayandırılır. Proqram iştirakçısının akademik borcları aradan qaldırıldığı tarixdən onun maliyyələşdirilməsi bərpa edilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqi aparılacaq.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqinin aparılması üçün İdarəetmə Qrupu başa çatmış hər təqvim ili üzrə 1 aydan gec olmayaraq maliyyələşdirən quruma həmin qurumun ayırdığı vəsaitdən istifadə haqqında hesabat təqdim edir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadə haqqında hesabatın forması maliyyələşdirən qurumla razılaşdırılmaqla Nazirlik tərəfindən müəyyən edilir.



Xəbəri paylaş

1721 dəfə oxunub.

Digər xəbərlər