Tarix: 10-05-2022 | Saat: 17:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Hərbi Prokurorluq ölümlə nəticələnən istənilən hadisəni nəzarətə götürür və ciddi şəkildə araşdırır. Səbəb göz qabağında olsa belə, məsələ hər incəliyinə qədər araşdırılır. Bu baxımdan araşdırma başladılıb və tədbirlər görülür.
Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Qazet.az-a açıqlamasında Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Murad Nağıyevin ölüm işi ilə bağlı danışarkən deyib.
Firad Əliyev mediada kursantın ölüm səbəbi ilə bağlı yayılan məlumata da münasibət bildirib:
“Mediada müxtəlif fikirlər dolaşa bilər. Əsaslı şəkildə araşdırılmadan bu məlumatlara heç cür rəy verilə bilməz”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti Akademiyasının 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprel ayının 13-də dünyasını dəyişib. Media kursantın müdavimlər arasında baş verən davada aldığı xəsarətdən həyatını itirdiyi haqda məlumat yayılsa da, Akademiya onun müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat etdiyini bildirib.
Hərbi Prokurorluq isə ölüm faktı ilə bağlı yaydığı açıqlamada qeyd edib: "Daxil olan məlum məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.
Hərbi Prokurorluğun “hadisə yerinə baxış keçirməsi”, “maddi sübut kəsb edən predmetləri sübut kimi götürməsi”, “izahatlar alması” haqda rəsmi açıqlaması isə ölümün xəstəxanada baş verdiyi haqda Akademiyanın yaydığı məlumatı şübhə altına salıb.
Digər xəbərlər