Saytımızı qiymətləndirin


 
 

Bir şəhidin ömür yolu - Rəna İbrahimova yazır
Tarix: 23-04-2022 | Saat: 14:50
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

Tural Abdullayev (DİN DQ).jpg

 

     Bir dəfə bir ifadəyə rast gəlmişdim ki, insanlar doğulana qədər ana bətnində bu həyatda yaşayacaqları həyatı yaşayırlar. Doğulanda yaddaşlarından hər şey tamamilə silinir və tərtəmiz, ağappaq yaddaşla doğulurlar. Tanrı öz bəndəsini sərbəst atır bu həyatın ağuşuna. Ona imkan yaradır ki, bəzən taleyini özü seçsin,addımlarını özü atsın. Mənim qəhrəmanım şəhid Tural Abdullayev də sanki doğulanda hərbçi kimi, qəhrəman olaraq doğulmuşdu.

     Səmimi,gözəl, mehriban, adət-ənənələrə sadiq, ciddi bir ailədə doğulub Tural. 1990-cı ilin 26 fevralında Laçın rayonunun Ərikli kəndində anadan olan Turalın ailəsi Xocalı şəhərinə köçür. Tale yazdığı yazıları bir-bir həyat nəktəbində oxutmağa başlayır. İki il sonra Xocalıda ermənilərin vəhşilikləri törədilir. Gecə ikən dinc əhali yaddaşlardan silinməyəcək faciənin qurbanı olur. Turalın ailəsi də həmin gecə Xocalıdan qaçqın düşür. Yaxın qohumlarının ailəsi əsir düşür. Bir vaxtlar təqvimdən adi bir gün olan 26 fevral tariximizin, eləcə də Turalın ailəsinin qan yaddaşına köçür.

Tural balaca olanda ailəsi,böyüyəndə isə özü heç vaxt ad gününü keçirmədi.

    Tural hələ kiçik yaşlarından fərqli cəhətlərilə seçilərək böyüyürdü. Olduqca ciddi, ağır təbiətli, iti gözlü, yaraşıqlı, ucadan deyib-gülməyi sevməyən və bəlkə də yaşından tez böyüyən, böyüklərin xarakterlərini özündə cəmləşdirən yeniyetmə, gənc kimi böyüyürdü. Bu xarakterinə rəğmən heç nəyi diqqətindən yayındırmayan, itigözlü bir oğlan idi.Yolla gedərkən ətrafda nə baş verdiyini,yerdə nə olduğunu dərhal sezər, həmişə nələrsə tapardı. Bu tapıntılar, bu fərqlilik nəyə işarədir? Hər birimizmi beləyik? Məncə yox!

    Uşaq vaxtı qəhrəmanlıq dastanlarını, nağılları oxuyarkən onların fərqli doğulub, fərqli böyüməklərinin şahidi olmurduqmu? Artıq 30 ildir ki, bizim oğullarımız da qəhrəman doğulurlar, bəziləri də şəhid doğulurlar. Bu, onların həyat tərzinə, amalına çevrilir. İndi biz öz qəhrəmanlarımızı uzaqda deyil bu günümüzdə tapırıq.

     Tural da doğulduğu il ölkəmizin ən çətin ili idi. Qanlı Yanvar hadisələrindən bir ay keçmişdi. Ağır ildə doğulan ağır taleli bir uşaq idi. Amma hardan bilərdi? Hardan bilərdi ki, atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olacaq, haqq savaşına qoşulacaq, Xocalıda qətlə yetirilmiş körpələrin, ahılların, qız-gəlinlərin ömürlərinə, adlarına qara ləkə yaxılmış adi, rahat həyatlarına son qoymuş bir gecənin bir əsrə bərabər faciəsinin şahidi olaraq qisas almağa yollanacaq? Bu mühitdə böyüyən Turalın başqa yolumu vardı? Hərb yolunu tutan Tural hərb üçün, savaş üçün, qisas üçün doğulmuşdu. Uşaqlıqdan çox dəcəl, məktəbdə, dostları arasında sevilən, çevik,cəsarətli, qorxmaz,ciddi, ağır xasiyyətilə böyüyən bir şəxsin gələcəyi də bəlli idi. Bax, qəhrəmanlar belə doğulurlar! Şəhadətərini bəlli olmadan yeddinci hisslərilə belə seçirlər.

     Tural Abdullayevi 2008-2009-cu illərdə tale hərbiyə gətirir. Əvvəlcə polisdə sonra isə Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır. Xidməti dövründə öz bacarığı, qabiliyyəti, iradəsi, dönməzliyi, əzmkarlığı ilə seçilirdi. Bir şəxsiyyət, peşəkar olaraq özünü hərbdə tapmışdı artıq. Xidməti dövründə dəfələrlə təltif olunmuşdu.

     27 sentyabr 2020-ci il... Bu payız səhəri üzümüzə başqa cür doğdu, rüzgar başqa səmtdən əsdi. Bizə Qarabağ qanadlı müjdə ilə torpaq ətri, şəhid nəfəsi, yeni qəhrəmanlıq salnamələri gətirdi. 2-ci Qarabağ-Vətən Müharibəsi başladı. Müharibə sözü ağıla sığmayacaq qədər ağır yükü yenə xalqımızın çiyinlərinə qoydu. Amma xalq sınmadı. Oğullarını ata-anaları özləri hərbi komissarlıqlara gətirib hər bir vəziyyətə hazır olduqlarını bilərək sanki toy-bayramla yola saldılar. Xalq bir olub bir yumruq kimi birləşdi.

  Tariximizdən bu ləkəni, xəritəmizdən bu ağır,qara rəngə boyanmış 20% işğalda olan torpaqların murdar nəfəsdən, iyrənc tapdaqdan qurtarmaq, azad edərək bütövləşdirməkdən ötrü can davasına, ədalət savaşına qalxmağı, düşünmədən hazır olduqlarını nümayiş etdilər. Oğullar ərazi bütövlüyümüzün, işğal altında oaln torpaqlarımızın azad olması üçün nəinki səfərbər hətta canlarını sipər edərək qurban olmağa hər an hazır olduqlarını silahlara sarılaraq sübut etdilər. Əsl meydan hərb,savaş meydanıdır! Xidmətdə olan Tural Abdullayev də minlərlə igidlər kimi bu cəngavərlərin içərisində idi. Qisas günü nəhayət gəlib çatmışdı. Ürəyi Vətənlə döyünən nisgilli,könlü heç zaman açılmayan, yurd-yuvasından zillətlə qovularaq didərgin düşən Tural ilk silaha sarılanlardan, cəbhəyə döyüşə yollananlar içərisində idi. Artıq paliqonlarda deyil odu, atəşi öz gözlərilə görmək zamanı idi. Ata-anasının tək oğlu, iki bacının yeganə qardaşı, barmağında iki sevdanın birləşəcəyi günü gözləyərək toyunu gözləyən sevdiyi qızın nişan üzüyü yaxınlarının otuz illik həsrətini bitirib qalib olaraq geriyə qayıtmaq üçün gedirdi. Körpə yaşında tərk etdiyi ata-baba yurdunu, Xocalının 29 illik görünməyən fəryadını, harayını susdurmaq, yağıların ayaqları altında inləyən, əzilən torpaqlarımızı haram nəfəslərdən təmizləyərək o yurdlarda qalan əzizlərimizin ruhlarını əsirlikdən xilas etmək üçün gedirdi. Gənc yaşlarında gəncliklərini qoyub köçkünlük həyatına, min bir əziyyətə, məşəqqətə sinə gərən valideyinlərinin gənclikərinin ünvanına, xatirələrini qaytaracaq anların arxasınca, doyunca ana laylası eşitmədiyi, başını anasının dizləri üstə qoyub bəzən də ayaqları üstə döşəkcə qoyub yırğalanaraq yuxuya dalması həsrəti gözündə qalan arzular üçün, Vətənə borcunu qaytarmaq üçün gedirdi. Arxasınca neçə milyonun duası səslənsə də ana duası qulaqlarında, ana əlləri qoynunda gedirdi.

     “Allahım balama qıyma! Qoru balamı!Oddan, atəşdən,nadan gülləsindən, düşmən hiyləsindən mühafizə et balamı!Qıyma cavan canına-can yarısının gözləri yoldadı. Məni xəcalət etmə! Nə cavab verərəm mən balamın yarına, can yarısına? Payızı gözlədik, toy üstədir balam! Bu payız güldür balamın üzünü!Balamın həyatı, yaşayacaqları hələ qarşıdadı. Sağ-salamat geri dönsün balam” deyə dua edirdi İradə ana.

     Müharibənin üçüncü günü Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə onlarla şəhid verdik. Bu şəhidlırdən biri kiçik çavuş Tural Abdullayev oldu. İgidcəsinə,qəhrəmancasına doğulduğu amala, ən uca zirvəyə-şəhidlik məqamına yetişdi.

 

    Turalın döyüş yoldaşları, məsləkdaşları onun necə mərdliklə, qoxmadan düşmən üstünə yeriməyini, coşğulu döyüş ruhuyla savaş meydanına atılmağını deyirlər. Onun ruhu azad olunmuş torpaqlarımızda şəhidlərlə, ata-babalarımızın, əcdadlarımızın ruhuyla birgə azad torpaqlarımızda rahatca dolaşır. O, otuz illik işğala son qoyulmaq üçün qalxdığı haqq-ədalət savaşında öz qisasını alaraq şəhid oldusa,Azərbaycan əsgəri Tural kimi cəsurların qisasını alaraq qanlarını yerdə qoymadılar, qələbə qazanıb Zəfər çaldılar.

     Ananın halal südü, atanın əməyini itirməyən, təkcə ailəsinin deyil bütövlükdə Azərbaycanın fəxrlə anacağı bir tale yazıldı Turala. Doğum gününü keçirməyən şəhidin ruhunu Xocalının qanına qəltan olan günahsız ruhları oxşayır indi. Laylasını əbədi yuxusunda hər gecə balasının qundağı qan çanağına dönmüş,sinəsi güllədən deşik-deşik olmuş,xınalı əlləri kəsilmiş, gəlinlik duvağı qana boyanmış, körpəsini əmizdirmək istərkən döşləri kəsilmiş nakam analar çalır indi. Tellərini Qarabağın hərdən həzin, hərdən dəli küləkləri darayır, nəşini kəfən yerinə büküldüyü üç rəngli bayraq sarıb soyuqdan qoruyur. Köçkünlüyün qayğılarından, dərdlərindən, bəlalarından vaxt tapıb layla çalmayan İradə ana gündüzlər layla deyib sənsiz fəryad edir.

 Qara saçlarını bəyaz edib şəhidlik məqamının ağ yollarına sərib indi. Səninsə ruhun azad, şənin xoşdur,şəhidim, məqamın kimi!   

Qarabağ azaddır! Qarabağ candır! Qarabağ Azərbaycandır!!!

Tural Abdullayev Azərbaycan Respublikasının DİN Daxili Qoşunlarının 20 illik yubileyinin döş nişanı ilə 2013.01. 16 təltif olunmuşdur.

Milli Ordunun 100 illik medalı ilə

2018.12.25 təltif olunmuşdur.

İşində göstərdiyi qüsursuz  xidmətinə görə 3-cü məharət dərəcəsi ilə

2018.01.06 təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti adından DİN 2109 nömrəli sərəncamı ilə Qüsursuz xidmətinə görə 3-cü dərəcəli medalla 2020.06.26 təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Kəlbəcərin azad olunmasına görə medalı ilə

2020.12.29(Şəhadətindən sonra) təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən Müharibəsi medalı ilə 2020.12.29(Şəhadətindən sonra)

Təltif olunmuşdur.

 

Rəna İbrahimova 

 

 



Xəbəri paylaş

1549 dəfə oxunub.

Digər xəbərlər
9-04-2022, 10:17 Çində rekord YOLUXMA