Tarix: 20-04-2023 | Saat: 16:40
Bölmə:Karusel / Dünya | çapa göndər
Aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək Sudanda şiddətli döyüşlər nəticəsində azı 330 mülki şəxs, o cümlədən BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı həlak olub. 3 mindən çox insan xəsarət alıb. Beynəlxalq Qızmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin Sudan üzrə nümayəndəliyi ölkənin səhiyyə sisteminin dağılmaq ərəfəsində olduğunu bildirib.
Hadisələr necə başladı?
2019-cu ildə Sudan prezidenti Ömər əl-Bəşir devrildikdən sonra ordunun baş komandanı Əbdülfəttah əl-Burhanın rəhbərliyi ilə ölkənin demokratik idarəçiliyə doğru gedişinə nəzarət etmək üçün Sudan Keçid Hərbi Şurası yaradılıb. Lakin qısa müddət ərzində məlum oldu ki, hərbçilər ölkəyə nəzarəti mülki şəxslərə verməyə hazır deyillər. Keçid Hərbi Şuranın adı dəyişdirilərək Suveren Şura adlandırıldı, onun sədri Əbdülfəttah əl-Burhan oldu və Məhəmməd Həmdan Daqalo müavin təyin edildi. Hakimiyyətin mülki şəxslərə təhvil verilməsi zamanı Əbdülfəttah əl-Burhan Daqalo ilə birlikdə 2021-ci ilin oktyabrında növbəti dəfə hərbi çevriliş həyata keçirdi, mülki baş nazir Abdullah Hamduku devirərək, demokratik transformasiya prosesini dayandırdı.
Xalqın etirazlarına və 2022-ci ilin dekabrında bağlanmış çərçivə sazişinə baxmayaraq, hakimiyyət hərbçilərin əlində cəmləşdi və rejim əhəmiyyətli dərəcədə sərtləşdirildi.
Ölkənin hərbi rəhbərliyi tərəfindən hakimiyyətin mülki şəxslərə verilməsi ilə bağlı dəfələrlə müzakirələr aparılıb. 5 dekabr 2022-ci ildə siyasi partiyalar və ordu arasında razılaşma əldə edilib. Razılaşmalara görə, hərbçilər yalnız mülki baş nazirin rəhbərlik etdiyi təhlükəsizlik və müdafiə şurasında təmsil olunmalı idi. Ancaq sazişə əməl olunmadı və xüsusilə ordu ilə bağlı planlar hərbi liderlərin etirazına səbəb oldu. Siyasi qüvvələr arasında da razılaşmadan narazılığını ifadə edənlər var idi. Nəticədə razılaşma bir neçə böyük siyasi qüvvə tərəfindən rədd edildi. Bunun fonunda ölkədə vəziyyət neqativ ssenari üzrə inkişaf etməyə başladı.
Toqquşmanın tərəfləri kimlərdir?
Toqquşma ölkənin iki əsas silahlı qruplaşması arasında baş verir. Sudan ordusuna Suveren Keçid Şurasının rəhbəri general Əbdülfəttah əl-Burhan, Çevik Hərəkət Qüvvələrinə (ÇHQ) isə Suveren Keçid Şurasının rəhbərinin müavini Məhəmməd Həmdan Daqalo başçılıq edir. Faktiki olaraq toqquşma hərbi elitada təmsil olunan iki şəxsin rəhbərlik etdiyi qüvvələr arasında gedir. 2019-cu ilin aprelində hərbi çevrilişdə və Sudan prezidenti Ömər əl-Bəşirin devrilməsində iştirak edən iki əsas hərbi lider bu gün qarşı-qarşıya gəlib.
Fotoda: Solda əl-Burgan, sağda Daqalo
Yeni toqquşmanın başlamasının səbəbi əl-Burhanın ordu ilə bağlı planlarıdır. O, 100 minə yaxın üzvü olan ÇHQ-ni nizami orduya birləşdirmək niyyətindədir. Vahid ordunun yaranmasından sonra bu qüvvələrə kimin nəzarət edəcəyi məlum deyil. Əslində, son həftə ərzində baş verən silahlı toqquşmanın kökündə məhz bu məsələ dayanır.
Genişmiqyaslı vətəndaş müharibəsi ehtimalı...
Aprelin 18-dən etibarən münaqişə tərəfləri - ordu rəhbərliyi və ÇHQ bir günlük atəşkəs rejimi barədə razılığa gəliblər. Bununla bağlı təklif BMT missiyası, Afrika İttifaqı və Hökumətlərarası İnkişaf Təşkilatının nümayəndələrinin daxil olduğu üçtərəfli komissiya tərəfindən irəli sürülüb. Atəşkəsin nə qədər davam edəcəyini və sonda tərəflərin hansı nəticələrə nail olacağını indidən söyləmək çətindir.
Müşahidəçilər bildirir ki, Sudanda ordu ilə ÇHQ arasında başlayan hərbi toqquşmaya səbəb hakimiyyətin hərbçilərdən mülki şəxslərə ötürülməsi prosesinin uzanmasıdır. Əgər münaqişə tərəfləri razılığa gələ bilməsələr, ölkə növbəti siyasi qeyri-sabitlik, qeyri-müəyyənlik, müharibə və xaos dövrünə qədəm qoyacaq...
Digər xəbərlər