Hissə 2
Allah Rusiyanın üzünə baxıb ki, qarşısındakı 50 dəfə güclü NATO deyil, 10 dəfə zəif Ukraynadır
Ukrayna Silahlı Qüvvələrinin əsrlərlə yaddaşlarda qalacaq tarixi uğuru
Müharibə uzandıqca hər gün Ukrayna-Rusiya cəbhəsində yeni silahlı mübarizə üsulları və onların tətbiqinə dair yeni faktlarla qarşılaşırıq. Bu faktlardan biri də aprelin 13-də baş verdi. Əvvəlcə Qara dənizdə yerləşən “Moskva” raket kreyserinin göyərtəsində insidentlə bağlı məlumatlar gəldi. Az sonra Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanının göyərtəsində yanğın olduğu və ekipajının təxliyəsi ilə bağlı məlumat verdi. Ən sonda isə döyüş gəmisinin Simferopola qoşqu vasitəsilə daşınması zamanı batdığı və gəmi kapitanının öldüyü məlum oldu. Analizin 1-ci hissəsində “Moskva” kreyseri və onun şişirdilən imkanları barədə geniş məlumat vermişdik. Analizin 2-ci hissədə isə kreyseri məhv edən “Neptun” raketləri barədə açıq mənbələrdən əldə etdiyimiz məlumatları ümumiləşdirib diqqətinizə çatdırmağa cəhd edəcəyik.
Rusiyanın müdaxiləsinə cavab məqsədilə Ukrayna Ordusu bir çox idxal edilən silahlarla barədə yerli müəssisələrdə istehsal edilən silahlardan da uğurla istifadə edir. Onların arasında “Neptun”, “Stuqna”, “Korsar” raket komplekslərinə, “Boqdan” özüyeriyən artilleriya qurğularına və “Olxa” yaylım atəşli reaktiv sistemlərinə rast gəlirik.
“Neptun” Ukraynanın yerli və milli gəmi əleyhinə qanadlı raketidir. 2014-2020-ci illərdə Kiyevin “Luç” dizayn bürosunda hazırlanıb. 2020-ci ildə RK-360MT “Neptun” sahil kompleksi Ukrayna Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib. Raketin Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” raket kreyserini məhv etməsi, ictimaiyyətini diqqətini Ukrynanın bu qanadlı raketinə yönəldib. Raketin sahil ya dəniz platformasından buraxıldığı məlum deyil. Buna görə də analizdə raketin sınaqlar müddətində hansı platformalardan buraxılması barədə əldə etdiyimiz məlumatları da əlavə edəcəyik.
Təyinatı və imkanları
Raket su tutumu 5000 tona qədər olan gəmiləri məhv etmək üçün nəzərdə tutulub və 150 kq ağırlığında döyüş başlığına malikdir. Raket 900 km/saat (səsdən yüksək) sürətə malikdir və ultra aşağı hündürlükdə - dəniz səviyyəsindən bir neçə metr yüksəklikdə uça bilir. Raketin uçuş məsafəsi 280 km-ə qədərdir. Raket uçuş zamanı manevr edə bilir.
Dəniz versiyasının sınaqları
2018-ci ilin mart ayında “Neptun” raketlərinin dəniz vasitələrinə yerləşdirmək üçün sürətli “Lan” katerinin seçildiyi məlum oldu. Ukrayna hərbi ekspertlərinin fikrincə, “Lan” katerləri sırf “Neptun” gəmi əleyhinə raketi üçün hazırlanıb. Katerin hazır olmasını təsdiqləyən faktlara rast gəlinmir.
“Lan” kateri ilə bərabər gələcəkdə Rıbolovnıdakı tərsanədə layihələndirilən və istehsal olunan “Vespa” raket katerlərinə də “Neptun” raketlərinin daşıyıcısı olacağı qərara alındı. Raketin gəmi versiyasını sınaqdan keçirmək üçün platforma olaraq “Priluki” raket katerindən də istifadə mümkün hesab edilir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksey Neyejpapa hələ keçən il bildirmişdi ki, Neptunun “dəniz” versiyasının 2022-ci ildə sınaqdan keçirilə bilər. Onun sözlərinə görə, indi Ukraynada yerli gəmi əleyhinə kompleksin prototiplərinin yerləşdirilməsi üçün artıq dəniz sınaq platforması mövcuddur.
Yerüstü versiyanın sınaqları
“Neptun” qanadlı raketinin ilk uğurlu uçuş sınaqları 30 yanvar 2018-ci ildə keçirilib. Sınaqlarda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov da iştirak etmişdi.
16 iyul 2018-ci il tarixində milli raket proqramının icrasının monitorinqi çərçivəsində “VİZAR” Dövlət Müəssisəsini Aleksandr Turçinovun ziyarətini əks etdirən şəkillərdə “Neptun” raketi də göründü. Deməli bu müəssisənin raket istehsalı ilə birbaşa əlaqəsi mövcuddur. Turçinovun avqustun 14-də”Neptun” gəmi əleyhinə raket istehsalı xəttinin təftişi ilə “Luç” konstruktor bürosuna təkrar səfəri də bunu sübut edirdi.
2018-ci il avqustun 17-də Odessa vilayətinin cənubunda Ukraynanın qanadlı raket sınağının növbəti mərhələsi baş tutdu və burada Aleksandr Turçinov da iştirak edib. Sınaqlar uğurlu oldu. İlk sınaq zamanı raket dəniz hədəfini 100 km məsafədə dəqiqliklə məhv etdi.
2018-ci ilin sonunda və 2019-cu ilin mayında daha iki sınaq keçirildi. 2018-ci il dekabrın 5-də Qara dəniz sahilində keçirilən sınaqlarda S-125 “Peçora-2D” hava hücumundan müdafiə raketləri və “Neptun” gəmi əleyhinə raketləri ilə dəniz hədəflərini məhv edilməsi imkanları araşdırıldı. “Neptun” gəmi əleyhinə raketləri bu sınaqlarda 280 km məsafədəki hədəfi uğurla məhv etdi. Bu sınaqlardan sonra “Neptun” gəmi əleyhinə raketləri ilə sahil kompleksinin yaradılması tamamlandı.
Təqdimatı və silahlanmaya qəbulu
2019-cu ilin fevral ayında IDEX-2019 sərgisində ilk dəfə olaraq “Neptun” kompleksinin yerüstü versiyası geniş ictimaiyyətə təqdim olunub. 2 ay sonra isə Odessa vilayətindəki poliqonda yerüstü RK-360MT “Neptun” komleksi sınaqdan keçirildi. Sınaqlarda iştirak edən Ukrayna prezidenti Petro Poroşenko kompleksin ən qısa müddətdə yalnız Ukrayna Hərbi Dəniz Qüvvələrinin deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının istifadəsinə verilməli olduğunu bəyan etdi.
Şassisi
Yerüstü versiyanın USPU -360 atıcı qurğusu sınaqlarda “KrAZ” ərazi maşınlarının şassisi üzərində quraşdırıldığı müşahidə olunurdu. Bu sınaqlar zamanı paralel olaraq aqreqatın hidravlikası və onun dayaqlarının qış və səhra şəraitində işləməsi yoxlanılıb. Seriaya istehsalında isə daşıyıcı pltformanın Çexiya istehsalı “Tatra T 815 8x8” şassisi ilə əvəz edildi.
Kompleksin tərkibi
RK-360MT “Neptun” gəmi əleyhinə sahil mobil raket kompleksinin tərkibinə daxildir:
RKP-360 komanda məntəqəsi;
TPK-360 daşıma və buraxılış konteynerlərinə malik USPU-360 atıcı qurğusu;
TZM-360 nəqliyyat və yükləmə maşını;
TM-360 nəqliyyat vasitəsi.
Bir “Neptun” raket kompleksində 19 xüsusi texnika mövcuddur:
6 ədəd atıcı qurğu;
6 ədəd nəqliyyat-yükləyici maşın;
6 ədəd nəqliyyat vasitəsi:
1 ədəd mobil komanda məntəqəsi.
Divizionun silahlanması 72 ədəd R-360 qanadlı raketdən ibarətdir.
İxracı və istifadəçiləri
RK-360MT “Neptun” sahil gəmi əleyhinə kompleksinin yerüstü versiyasının birinci divizion dəstinin ixracı üçün müqavilə 2020-ci ilin sonunda Ukrayna Müdafiə Nazirliyi ilə “Luç” Dövlət Dizayn Bürosu arasında imzalanıb. Onun Ukrayna Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi 2022-ci ilin birinci rübünə planlaşdırılmışdı.
Kompleksin Çexiya istehsalı olan maşın şassisinə inteqrasiyasını “UkrİnnMaş” şirkəti cavabdehdir. Keçən il bu şirkət “Mineral-U” mobil çoxfunksiyalı radar kompleksinin iki maşını ilə oxşar inteqrasiyanı yerinə yetirib.
2021-ci il dekabrın sonunda məlum oldu ki, Ukrayna Müdafiə Nazirliyi “Neptun” kompleksinin ikinci divizionunun istehsalını maliyyələşdirir. Ümumiyyətlə, ukraynalı hərbçilər 5 raket divizionu almağı planlaşdırırdılar.
2022-ci ilə qədər Ukrayna Silahlı Qüvvələrində təxminən 20 ədəd “Neptun” kompleksinin yerüstü atıcı qurğuları müşahidə olunub. Digər versiyalarına və başqa ölkələrə ixracına rast gəlinməyib.
Taktiki və texniki xüsusiyyətləri
Uzunluğu: 5.5 m;
Qanad açılımı: 1.33 m;
Raketin diametri: 0.38 m;
Başlanğıc kütləsi: 870 kq;
Mühərriki: turbopərli MS-400;
Yanacaq: reaktiv kerosin;
Tuşlama sistemi: aktiv özütuşlanan RLS;
Döyüş başlığı: nüfuz edən qəlpəli fuqas;
Döyüş başlığının kütləsi: 150 kq;
Atış məsafəsi: 280 km-ə qədər;
Uçuş hündürlüyü:
yürüş hissəsində: 10-300 m;
son hissədə: 3-10 m.
Uçuş sürəti: 0.8-0.85 Max
Nəticə
“Moskva” raket kreyserinin məhv edilməsindən 20 gün əvvəl Ukrayna Ordusu Berdyanskda Rusiya Qara Dəniz Donanmasının ən böyük “Orsk” desat gəmisinə zərbə endirməsi və ona bitişik daha iki gəmiyə xəsarət yetirməsi, Rusiyanın Hava Hücumundan Müdafiə qoşunlarının döyüş imkanlarının çox zəif olduğunu və Ukraynanın hər iki dənizdə daha da aktivləşdiyini göstərir. Bu aktivliyin artırılması məqsədi ilə yerli “Neptun” raketlərindən başqa Ukraynaya veriləcək “Harpoon” tipli gəmi əleyhinə qanadlı raketlər də mühüm rol oynayacaq. Baş verən son hadisədə Ukrayna Silahlı Qüvvələrinin “Neptun” qanadlı raketini yerüstü platformadan buraxdığı ehtimal olunur. İstənilən halda 510 nəfərlik şəxsi heyətə, S-300 ZRK-ya, 16 ədəd “Vulkan” raketinin atıcı qurğusuna, OSA ZRK-ya, RLS-lərə, REM vasitəsinə, hidroakustik qurğulara, 2 torpedo silahına, 130 mm-lik iki topa, 30 mm-lik 6 lüləli topa və s. kimi silahlara malik milyard dollarlıq flaqman kreyserinin belə bir bərbad vəziyyətdə qorunması, Rusiya ordusunun dənizdə hava hücumundan müdafiə imkanlarının məhdud olduğunu nümayiş etdirdi.
Ukrayna Rusiya ilə müharibədə mənəvi psixoloji üstünlüyü daha ciddi taktiki üstünlüyə çevirə bilsə və yaxud Rusiyanın cənub qruplaşmasımasının əsas qüvvələr ilə əlaqəqəsini zəmanətli şəkildə kəsə bilsə, o zaman rus xalqına və ordusuna psixoloji zərbə vurmaq üçün “Neptun” raketindən daha geniş istifadə edə bilər. Məsələn bir divizionda mövcud olan 72 ədəd “Neptun” raketinin döyüş dəstinin az bir hissəsindən açılan yaylım atəşi Krıma çəkilən qanunsuz körpünün mövcudluğuna son qoya bilər. Rusiyanın Krım körpüsünü hava hücumundan qorumadığını düşünmürəm, amma “Moskva” kreyseri və ya “Orsk” desant gəmisi də çox ciddi qorunurdu. Tək tək atılan Ukrayna qanadlı raketlərindən qorunmağa imkan tapmayan Rusiyanın hava hücumundan müdafiə sisteminin kütləvi raket hücumlarından qorunması barədə danışmağa dəyməz. Allah Rusiyanın üzünə baxıb ki, qarşısında 50 dəfə güclü NATO deyil, 10 dəfə zəif Ukraynadır. Yoxsa hansı multfilmə bənzər hadisələri izləyəcəyimizi təsəvvür edə bilmirəm.
Ukraynanın Silahlı Qüvvələri tərəfindən Rusiya Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmilərinin zəif nöqtələrinin tapılması və Türkiyənin “Bayraktar TB2” PUA-ları ilə bərabər yerli “Neptun” və ya idxal edilən “Harpoon” qanadlı raketlərlə düşmən donanmasının ən güclü döyüş gəmilərinə zərbə endirməsi, Kiyevin dəniz akvatoriyasında daha inamlı və daha da aqressiv fəaliyyətlərinə səbəb ola bilər. Bu isə öz növbəsində Qara dənizdə və Azovda Rusiya üçün 2014-cü il ilə müqayisədə daha ciddi və gözlənilməz itkilər vəd edir. Rusiyanın bu itkilərdən yayınmaq üçün yeganə çıxış yolu Qara dənizdə mövcud olan döyüş gəmilərini bir qədər də Krıma doğru geri çəkməkdən ibarətdir.
“Moskva” raket kreyserinin itirilməsi Rusiya üçün ağır hərbi-siyasi və mənəvi-psixoloji zərbə oldu. Kreyser ultra müasir və super bahalı NATO silahları ilə deyil, Kiyevdəki “Luç” zavodunda istehsal olunan “Neptun” raketləri ilə məhv edilib. Bəzi mənbələr raketə “Bayraktar” tərəfindən hədəf göstərildiyini yazır. 2020-ci ildə istehsal edilən iki sursatla rus donanmasının milyard dollarlıq flaqman kreyserinin məhv edilməsi, Ukrayna raket ustalarının “xaç suyuna salınması”kimi də qəbul edilə bilər.
“Neptun”un uğurlu hücumu Rusiya Federasiyasının Qara dəniz hərbi donanması üçün tam biabırçılıqdır. Özünü qoruya bilməyən kreyser neçə flaqman təyin edilib və başqalarını neçə qoruyacaq? Ukraynalılar Sovet İttifaqından miras qalan və təmirdən çıxmayan “Admiral Kuznetsov” ağır təyyarə daşıyan kreyserindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin ən böyük döyüş gəmisini batırıb. Bu Ukrayna Silahlı Qüvvələrinin əsrlərlə yaddaşlarda qalacaq tarixi bir uğurudur.(Moderator.az)
Ədalət Verdiyev, hərbi ekspert