Tarix: 12-04-2022 | Saat: 17:43
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Mart ayının sonlarında Azərbaycan Novruz bayramını qeyd etdi. Novruz şənliklərində su təbiətin yenidən doğulmasının mənbəyi və əvəzsiz nemət kimi alqışlanır. Bu, bizim hamımıza suyun həyatımızda nə qədər vacib olduğunu bir daha xatırladır. Eyni zamanda, 22 martda qlobal su ictimaiyyəti Ümumdünya Su Gününü qeyd etdi – bu, dünyada iki milyard insanın hələ də təmiz sudan, 3,6 milyard insanın isə yaxşı idarə olunan kanalizasiya xidmətlərindən məhrum olduğunu xatırlamaq üçün mühüm tarixdir.
Qlobal səylər göstərir ki, yalnız daha yaxşı su infrastrukturunun qurulması kifayət deyil. İnsanlar həmçinin iqlim dəyişikliyi və artan əhali artımı kontekstində dayanıqlı xidmətlərə ehtiyac duyurlar. Biz təkcə boruları təmir etməklə kifayətlənə bilmərik – boruları təmir edən qurumları da düzəltməliyik.
Su Azərbaycan üçün nə deməkdir?
Azərbaycanın iqlimi ölkənin mərkəzi və şərq hissələrində quraqlıqdan, cənub-şərqdə subtropik və rütubətli iqlimə qədər dəyişir. Qafqaz dağları və Lənkəran ovalığı istisna olmaqla, ölkənin qalan hissəsinə az yağıntı düşür. Bu səbəbdən, ölkənin kənd təsərrüfatı böyük ölçüdə suvarmadan asılıdır və bu, demək olar ki, yarısı kənd yerlərində yaşayan və kənd təsərrüfatından asılı olan 10 milyonluq əhali üçün problem yaradır.
Bu, Azərbaycanın üç əsas yerüstü su mənbəyinin – Kür, Araz və Samur çaylarının mənbəyinin ölkə hüdudlarından kənarda olması və qonşu ölkələrdə və Azərbaycanın daxilində sənaye müəssisələrinin və əhalinin ifrat istifadəsi və çirkləndirilməsinə məruz qalması ilə daha da ağırlaşır. Çirkab suları təmizləyən qurğuların heç də hamısı lazımi səviyyədə işləmədiyi üçün təmizlənməmiş məişət tullantı suları su hövzələrinin ən böyük çirklənmə mənbəyidir.
Azərbaycanda, xüsusən də ölkənin quru iqlimli mərkəzi rayonlarında quraqlıq tez-tez baş verir. Son illərdə Kür və Araz çaylarında, eləcə də onlardan qidalanan su anbarlarında suyun səviyyəsinin kəskin şəkildə azaldığına dair güclü sübutlar var.
Nə etmək olar?
Azərbaycan son iki onillikdə suvarma kanallarından və bəndlərdən tutmuş, su təchizatı və tullantı su qurğularına qədər mühüm infrastruktura 3 milyard ABŞ dollardan çox sərmayə qoyub. İri investisiya proqramı sayəsində 50-dən artıq rayon mərkəzində və kiçik şəhərlərdə su təchizatına çıxış yaxşılaşsa da, obyektlərin qeyri-adekvat idarə edilməsi, zəif korporativ idarəetmə, qeyri-kafi istismar, natamam billinq sistemləri və aşağı yığım səviyyəsi səbəblərindən bu xidmətlərin keyfiyyəti zərər çəkir.
Bu, su sektorunda qərarların qəbulu prosesində ictimai iştirakın və vətəndaşların cəlb olunmasının gücləndirilməsi və su təchizatı qurumlarının daxilində idarəetmə strukturunun təkmilləşdirilməsi üçün potensialın gücləndirilməsi ilə həll edilə bilər. Azərbaycan, həmçinin, etibarlı məlumat əlbə etmək üçün suyun kəmiyyət və keyfiyyətinin səmərəli monitorinq proqramlarına investisiya qoymalıdır.
Bundan əlavə, su təchizatı xidmətlərinin keyfiyyətinə təsir edən siyasət və institutlara daha çox diqqət yetirilməlidir.
Azərbaycan əhali üçün etibarlı xidmətlərin göstərilməsinə yardımçı olan güclü institutları və siyasətləri dəstəkləyən mühiti formalaşdırmaq imkanına malikdir. Azərbaycan İnvestisiya Holdinqinin (AIH) yaradılması hökumətin iri dövlət kommunal müəssisələrinin, o cümlədən su sektorunun fəaliyyətinə nəzarətinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Azərbaycan hökuməti eyni zamanda fəaliyyət göstəricilərinə əsaslanan maliyyələşdirmə prinsiplərinə keçidi nəzərdən keçirməlidir. Bu sistem hökumət subsidiyalarını Azərsu Səhmdar Cəmiyyətinin spesifik xidmət göstəriciləri ilə əlaqələndirməyə imkan verəcək. “Azərsu”nun korporativ idarəetmə və müştərilər qarşısında hesabatlılıq praktikasını gücləndirmək üçün də imkanlar mövcuddur. Maliyyə dayanıqlığına və ümumi rentabelliyə nail olmaq üçün enerjiyə daha çox qənaət edən təcrübələrin tətbiqi mümkündür və bununla da “daha yaşıl” su və kanalizasiya sektorunun formalaşmasına töhfə vermək olar.
Nəhayət, su və kanalizasiya xidmətlərinin daha geniş su ehtiyatlarının idarə edilməsi sistemində mövcud olduğunu qəbul etmək vacibdir. Düzgün koordinasiyanı təmin etmək, su təhlükəsizliyinin planlaşdırılmasını dəstəkləmək və maraqlı tərəflərlə məsləhətləşmələr üçün platforma təmin etmək üçün yeni yaradılmış Su Komissiyasının potensialının artırılması xidmətlərin hamı üçün dayanıqlı və daha etibarlı şəkildə idarə olunmasını təmin edəcək.
Dünya Bankı çirklənmənin qarşısını almağa, yoxsulluğu azaltmağa və azərbaycanlıların həyatını yaxşılaşdırmağa kömək edəcək su təchizatı və kanalizasiya xidmətlərini yaxşılaşdırmaq üçün Azərbaycanla işləmək öhdəliyinə sadiqdir.
Müəllif: Dünya Bankının su komandası
Digər xəbərlər