Tarix: 08-04-2022 | Saat: 23:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 28 il ərzində Qarabağ məsələsinin nizamlanmasına məsul olan, lakin indiyədək heç bir iş görməyən ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək taleyinə aydınlıq gətirib.
Lavrov bugünkü çıxışında Minsk qrupuna daxil olan fransalı və amerikalı tərəfdaşların bundan sonra Rusiya ilə heç bir formatda əlaqədə olmayacaqlarını bildirib.
Rusiya XİN rəhbərinin şərhindən belə nəticəyə gəlmək olar ki, onsuz da varlığı hiss olunmayan ATƏT-in Minsk qrupu tamamilə dağılır.
“ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və ya gələcəyi ilə bağlı danışsaq, mən onun taleyinin necə olacağını bilmirəm. Çünki bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız bizimlə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT Minsk qrupunun həmsədrlər "üçlüyü"nü də ləğv ediblər” , – deyə Rusiyanın XİN rəhbəri bildirib.
Qarabaginfo.az bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə Sergey Lavrovun reallığı ifadə etdiyini düşünür.
Politoloq deyib ki, hazırda ATƏT-in Minsk qrupu tamamilə sıradan çıxıb: “Əslində 44 günlük müharibədən sonra Minsk qrupu faktiki olaraq fəaliyyətini dayandırmışdı. Onun əhəmiyyəti xeyli azalmışdı. Ukraynada müharibə başlayanda isə bu, təsdiqlənmiş oldu. Artıq Minsk qrupu lazımsız qurumdur, əhəmiyyətə malik struktur deyil”.
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bir araya gəldiyini xatırladan ekspertin fikrincə, regionda sülhün təmin olunması barədə danışıqlarla bağlı yeni vasitəçilər ortaya çıxa bilər. Bu proseslərin gedişatında fərqli vasitəçi təsisatının ərsəyə gəlməsi mümkündür.
“Düşünürəm, əslində yeni təsisatın yaranması zəruridir. Sadəcə olaraq, zaman göstərəcək ki, yeni təsisat necə və hansı ölkələrin iştirakı ilə formalaşacaq. Bütün hallarda görünən budur ki, köhnə vasitələr aktuallığını çoxdan itirib. Yeni mərhələdə - regionda sülhün təmin edilməsi, sülh müqaviləsinin razılaşdırılması, kommunikasiyaların açılması kimi proseslərdə yeni vasitəçilərin meydana gəlməsi, yeni siyasi alətlərin yaranması zəruridir”, - deyən politoloq artıq Minsk qrupunun heç kimə lazım olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, yarandığı ilk gündən missiyası Qarabağ problemini həll etmək olan Minsk qrupu 28 il ərzində münaqişənin aradan qaldırılması üçün ciddi addımlar atmayıb, əksinə zaman-zaman Ermənistanın işğalçı mövqeyinə dəstəyini ifadə edib.
Turistik səfərlərlə Qarabağa “dondurulmuş münaqişə” prizmasından baxan həmsədr üçlüyü Azərbaycanın 44 günlük tarixi qələbəsindən sonra faktiki olaraq lazımsız təsisata çevrilib. Bu gün artıq regionda yeni geosiyasi mühit formalaşıb ki, burada “ölü doğulmuş” Minsk qrupuna qətiyyən ehtiyac yoxdur. Azərbaycan 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməklə “məğlubedilməz” erməni ordusu ilə birlikdə Minsk qrupunu da tarixin qaranlıq səhifələrinə gömüb. Lavrovun bugünkü açıqlaması isə Rusiya, Fransa və ABŞ nümayəndələrinin təmsil olunduğu qrupun dağılmasının rəsmi şəkildə etirafıdır.
Digər xəbərlər