Tarix: 07-04-2022 | Saat: 20:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Vətən müharibəsində işğalçı Ermənistana qalib gələn Azərbaycan bununla həm də regionda yeni reallıqlar yaratdı. Bu gün dünyanın aparıcı təşkilatları, o cümlədən xarici ölkələr bu reallıqları düzgün dəyərləndirərək, regionda həyata keçiriləcək layihələrdə yaxından iştirak etmək arzularını nümayiş etdirirlər. Lakin təəssüf ki, Ermənistan hələ də bu reallığı qəbul etməkdə çətinlik çəkir”.
Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ermənistanın bu davranışı, başqa sözlə, rəsmi İrəvanın 2020-ci il 10 noyabr Bəyanatında əks olunun bəzi bəndləri yerinə yetirməməsi artıq beynəlxalq qurumları da hərəkətə gətirib: “Çünki Ermənistandan fərqli olaraq həmin qurumların rəhbərləri yaxşı bilirlər ki, belə olarsa, Azərbaycanın səbri tükənə bilər. Əgər bu gün qalib ölkə olmasına baxmayaq, regionda daimi sülh üçün öz mütərəqqi addımlar atan, əlavə şərtlər irəli sürməyən Azərbaycana müsbət cavab verilməzsə, bundan uduzan ancaq Ermənistan olacaq. Məhz buna görə də ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar prosesin normal inkişafı, yəni Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hərəkətə keçiblər. Təbii ki, onları hərəkətə keçməyə vadar edən ən əsas məsələ də Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən mövqeyidir”.
Deputat qeyd edib ki, aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan Baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir: “Azərbaycan regionda daimi sülhün əldə edilməsi üçün konkret təkliflə - 5 bəndlik baza prinsipi ilə çıxış edib. Aprelin 6-da keçirilən və 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün yekununa dair bəyanata nəzər salanda biz görürük ki, orada elə məhz bu baza prinsipi müzakirə mövzusu olub. Bu isə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur”.
V. İskəndərov bildirib ki, görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb: “Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə müvafiq təlimatlar verilib. Bir daha qeyd edim ki, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bir sözlə, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplərin, həmçinin 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələlərinin geniş müzakirə edilməsi, o cümlədən əldə edilən ilkin razılaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi növbəti diplomatik qələbə kimi tarixə düşəcək. Yeri gəlmişkən, görüş zamanı iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsusda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb. Bu da Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri idi”.
V. İskəndərov onu da deyib ki, Brüssel görüşü iki məqam baxımından da diqqəti çəkdi: “Bunlardan birincisi odur ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. İkinci məqam isə odur kİ, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Elə son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar da dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir”.
Digər xəbərlər